Roma, 23 fevral, AzərTAc
Cari il mayın 21-dən 23-dək Bakıda keçiriləcək 21-ci Azərbaycan Beynəlxalq qida sənayesi (WorldFood Azerbaijan-2015) sərgisində dünyanın müxtəlif ölkələrindən ərzaq və qida sektorunda fəaliyyət göstərən şirkətlər, müvafiq istiqamətdə təcrübəsi olan müəssisələr və qurumlar bir araya gələcəklər.
Qida sənayesi sahəsində önəmli nailiyyətləri ilə seçilən İtaliya şirkətləri də bu sərgidə iştirak etmək üçün hazırlıqları davam etdirirlər. Belə ki, doqquz şirkətin: “AMICA Chips”, “ARAG srl”, “CIMA SpA”, “IRRIMEC srl”, “PASQUA Vigneti e Cantine spa”, “Scent of Italy”, “SORMA GROUP”, “REWARD Rete di Imprese”, “TORTELLA srl”, eləcə də İtaliya-Azərbaycan Ticarət İnstitutunun (ITAZERCOM) və İtaliya kənd təsərrüfatı avadanlıqları İstehsalçılarının Milli Federasiyasının (FEDERUNACOMA) “WorldFood Azerbaijan-2015” sərgisində iştirakı nəzərdə tutulub.
İtaliyada qida sənayesi üçüncü ən önəmli sektor hesab olunur. Tarixən formalaşan ənənələrlə müasir texnologiyaların birgə tətbiqi sayəsində bu ölkənin şirkətləri bütünlüklə Avropanın qida sektorunda önəmli yer tuturlar. 1974-cü ildən etibarən İtaliyada bitki mühafizəsi üçün avadanlıq istehsalı sahəsində uğurla fəaliyyət göstərən “CIMA SpA” şirkəti təkcə İtaliya daxilində deyil xarici bazarlarda da mövqeyini möhkəmləndirməyə çalışır. Son on ildə bir neçə ölkələrlə imzalanmış müqavilələr çərçivəsində şirkətin satışlarının 85 faizini ixrac məhsulları təşkil edir.
2012-ci ildə təsis edilmiş “FEDERUNACOMA” Federasiyası isə qida sektorunda fəaliyyət göstərən şirkətləri, müəssisələri, assosiasiya və qurumları birləşdirir. Təşkilat əsasən şirkətlərin işinin səmərəli təşkili üçün mexanizmlərin hazırlanması, müxtəlif müəssisələr üçün vahid fəaliyyət və xidmətlər sisteminin formalaşdırılması və digər bu kimi layihələr icra edir.
Maqsud Dadaşov
AzərTAc-ın xüsusi müxbiri
Roma