Rəsmi məlumatlara görə, son zamanlar məhkəmələrdə ən çox baxılan işlər bank-müştəri münasibətləri, daha doğrusu, problemli kreditlərlə bağlıdır. Ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində baş tutan devalvasiyalardan sonra isə belə halların sayı daha da artıb və ictimaiyyət arasında ciddi aktual problemlərdən birinə çevrilib.

Bəs müştəri və ya kredit götürən şəxs bankın qurbanına çevrilməməsi üçün nə etməlidir?

Bununla bağlı məsələyə aydınlıq gətirən hüquqşünas-ekspert, vəkil Asif Abdullayev bildirib ki, bank tərəfindən məhkəməyə verilmiş şəxslər bir sıra məsələləri bilməli və etməlidirlər. Bunlardan birincisi, vəkilə müraciət etməkdir:

"Məhkəməyə verilmiş şəxs imkan daxilində ilk növbədə vəkilə müraciət etməlidir. Bu ona görə lazımdır ki, peşəkar hüquqşünas yaranmış hüquqi vəziyyəti daha düzgün təhlil edə və lazımi hüquqi addımlar ata bilər. Nəzərə almaq lazımdır ki, borclunun maraqları naminə bəzi hərəkətlər yalnız birinci instansiya məhkəməsində edilə bilər. Məsələn, iddia müddətinin ötürülməsi ilə bağlı ərizə, zəruri sübutların təqdim edilməsi, qarşılıqlı iddia və sair. Bəzən vəkilsiz məhkəməyə gedən borclu bu zəruri addımları atmır və bununla da özünü ağır hüquqi duruma salır".

Onun sözlərinə görə, vətəndaşlar sənədləri diqqətlə oxumalı və məhkəmə proseslərində iştirak etməlidirlər: "Vəkilə müraciət etmək imkanı olmayan şəxslər məhkəmədən gələn hər bir sənədi (çağırış vərəqəsi, qətnamə, qərardad, məhkəmə əmri) diqqətlə oxumalıdırlar. Bütün sənədlərin sonunda hansı qərarın qəbul edilməsi və həmin qərardan şikayət edilmə müddəti və qaydası yazılır. Məhkəməyə çağırış barədə sənədi rəsmi qaydada aldıqda məhkəməyə getmək lazımdır. Çünki prosesdə iştirak etdiyiniz təqdirdə bankın iddiasına dair öz etirazlarınızı bildirə, zəruri sənədlər təqdim edə və sair addımlar ata bilərsiniz. Məhkəməyə gəlməməyinizin üzrlü səbəbləri barədə məlumat verməmisinizsə, məhkəmə sizin iştirakınız olmadan işə baxa bilər".
Ekspert qeyd edib ki, məhkəməyə verilmiş borclu məhkəmədə bir sıra hüquqlardan istifadə edə bilər: "Onların işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək və surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən əlavə sübutların tələb edilməsi barədə vəsatətlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinin gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək hüquqları var".

A.Abdullayevin sözlərinə görə, məhkəmənin qərarından vaxtında şikayət edilmədikdə, qərar qüvvəyə minir və icrası məcburi olur: "Bu səbəbdən də, əgər məhkəmə qərarından narazısınızsa, vaxtında şikayət edin. Əgər şikayət müddəti üzrlü səbəbdən ötürülübsə, məhkəmə bunu nəzərə ala bilər. Borcun ödənilməsi barədə məhkəmə qərarı iki formada qəbul oluna bilər: məhkəmə əmri və məhkəmə qətnaməsi. Məhkəmə əmri tərəflərin iştirakı olmadan qəbul edilir. Əgər borclu şəxs məhkəmə əmrini alıbsa və hesablanan məbləğlərlə və sair səbəbdən həmin əmrlə razı deyilsə, əmri rəsmi qaydada aldığı tarixdən 10 gündən gec olmayaraq məhkəməyə yazılı şəkildə etiraz ərizəsi göndərməlidir. Burada rəsmi aldığı tarix dedikdə poçt vasitəsi ilə qəbzə imza edib aldığı gün, yaxud məhkəmədə ona əmri alması barədə qəbzə imza etməklə əmrin təqdim edildiyi gün nəzərdə tutulur. Belə olan halda, əmr ləğv ediləcək və bankın iddiasına məhkəmə tərəfindən yenidən baxılacaq. Əgər borclu şəxs məhkəmə qətnaməsini alıbsa və onunla razı deyilsə, aldığı tarixdən bir ay müddətində həmin qətnamədən apellyasiya şikayəti verə bilər. Şikayət müddəti isə məhkəmə əmri hissəsində qeyd etdiyim qaydada hesablanır. Apellyasiya şikayəti yazılı qaydada işə baxmış rayon məhkəməsinə verilir. Apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilməlidir. Əgər banka olan borcunuz 500 manatadək məbləğdədirsə - 10 manat, əgər 500 manatdan yüksəkdirsə - 15 manat rüsum ödəmək lazımdır. Apellyasiya məhkəməsinin qətnaməsindən isə rəsmi qaydada alındıqdan sonra iki ay ərzində Ali Məhkəməyə şikayət vermək olar. Qanunvericiliyə əsasən, Ali Məhkəməyə verilən şikayətləri yalnız vəkil tərtib etməli və imzalamalıdır, eyni zamanda, şikayətə vəkilin orderi əlavə edilməlidir".

Vəkil bildirib ki, bankın məhkəməyə verdiyi şəxs bilməlidir ki, kredit borcuna dair məhkəmə əmri əgər ondan şikayət verilməsə, 10 gündən sonra, rayon məhkəməsinin qətnaməsi bir aydan sonra, apellyasiya məhkəməsinin qətnaməsi iki aydan sonra, ali məhkəmənin qərarı isə elan edildikdən sonra dərhal qüvvəyə minir: "Əgər məhkəmənin qeyd edilən qərarlarından vaxtında şikayət verilsə, həmin qərar qüvvəyə minmir və növbəti məhkəmə instansiyasına baxışa göndərilir. Əgər kredit borcunun qaytarılması barədə məhkəmə qərarı qüvvəyə minibsə, bir müddətdən sonra həmin qərar icra edilməsi üçün icra məmurlarına göndəriləcək. İcra məmuru borcluya 10 gün ərzində qətnamənin könüllü olaraq icrası üçün vaxt verir. Məsləhət görülür ki, əgər üzrlü səbəblərdən borcu ödəmək imkanında deyilsinizsə, həmin 10 gün ərzində rəsmi qaydada icra məmuruna məktub göndərin və məktubda üzrlü səbəbdən qətnaməni icra edə bilməyəcəyinizi əsaslandırın. Məhkəməyə verilən şəxs qeyd edilməyən digər hüquqi addımları da ata bilər".
İlkin İzzət
Milli.Az