Azərbaycanın Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə, insan ölümü olmadan həll etmək cəhdlərinə baxmayaraq Ermənistan inadından əl çəkmir. Bunun üçün onlara 20 ildən artıqdır ki, verilən vaxt da yetərli olmadı. Onlar rəsmi Bakının əgər Ermənistan danışıqlarda mövqe nümayiş etdirməyəcəyi və Azərbaycan torpaqlarını xoşluqla azad etməyəcəyi təqdirdə bunu ordusunun gücü ilə edəcəyinə dair bəyanatlarından dərs almadılar. Heç bu ilin aprelin əvvəlində "dördgünlük müharibə" adını almış (əslinə bu yanaşma ilə razı deyiləm) cəbhədəki döyüş əməliyyatları və keçilməz hesab edilən məşhur "Ohanyan xətti"nin iflasa uğraması ermənilərə, deyəsən, ibrət dərsi olmadı. Çünki Ermənistan rəsmilərinin səsləndirdikləri bəyanatlar belə deməyə əsas verir.

Ermənilər tez-tez Azərbaycan ordusunun işğaldan azad etdiyi torpaqları geri qaytaracaqlarını və bunun üçün hücuma hazırlaşdıqlarını bildirirlər. Hətta utanmadan və çəkinmədən həmin əraziləri açıqcasına Ermənistan torpaqları da adlandırırlar.

Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra təyyarəsində Ermənistan prezidenti, vaxtilə Xankəndidə doğulmuş, daha sonra Qarabağda separatçılara rəhbərlik etmiş Serjik Azat oğlu Sarqsyan erməni jurnalistlərə "həmin hərbi əməliyyatlar nəticəsində 800 hektar ərazini itirdik" demiş, Azərbaycanın Dağlıq Qarabağ ərazi ətrafındakı işğal olunmuş digər ərazilərini isə "təhlükəsizlik zonası" adlandırmışdı:

"Biz Dağlıq Qarabağın ətrafında 800 min hektar əraziyə nəzarət edirik, həmin ərazilər də təhlükəsizlik zonamızdır. Döyüşlərdə 800 hektar ərazi itirdik. İtirilmiş ərazilərin bizim üçün nə strateji, nə taktiki əhəmiyyəti var. Bəs yaxşı, həmin əraziləri geri qaytarmaq üçün döyüşlər aparsaydıq, nə qədər hərbçi itirərdik? Gəlin əraziləri insan həyatları ilə ölçək".

Dağlıq Qarabağdakı separatçı rejimin sabiq "xarici işlər naziri" Arman Melikyan isə həmin ərazilərin heç də "bufer zonası"na daxil olmadığını demişdi: "O ərazilər bilavasitə "Dağlıq Qarabağ"ın torpaqları idi və Ermənistan rəhbərliyindəki bəzi şəxslər də bunu unutmamalıdırlar".

Bu günlərdə isə Ermənistanın müdafiə naziri, vaxtilə Şuşada doğulmuş və Bakıda Ali Hərbi Ümumqoşun Komandirlər Məktəbini bitirmiş, daha sonra Rusiyanın məşhur 366-cı alayının tərkibində Dağlıq Qarabağda azərbaycanlılara qarşı soyrıqım əməliyyatlarında şəxsən iştirak etmiş və bu zaman ayağının birini itirmiş Seyran Muşeq oğlu Ohanyan aprelin əvvəlində Ermənistan ordusunun cəbhə xəttində geri çəkilməsi ilə bağlı belə bir fikir səsləndirib: "Hərbi əməliyyatlar zamanı belə yerdəyişmələr olur. Lakin Ermənistan ordusu qarşısına qoyulmuş vəzifələri yerinə yetirdi. Doğrudur, 800 hektar ərazini itirdik. Düşünürəm ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlar prosesində bu ərazilərlə bağlı məsələ də müzakirə olunacaq. O əraziləri unuda bilmərik".

Bununla paralel olaraq, şəxsən təkayaqlı müdafiə nazirinin nəzarəti altında Ermənistan silahlı qüvvələrinin 1-ci ordu korpusunun bölmələri Qarabağda aprelin əvvəllərində gedən hərbi əməliyyatların xüsusiyyətlərini və epizodlarını məşq etmək üçün strateji təlimlərə cəlb olunublar. Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, təlimlərə cəlb edilmiş bölmələr döyüş şəraitinə maksimal yaxınlaşdırılmış şərtlər altında "qarşıya qoyulmuş vəzifələri" yerinə yetiriblər.

Əvvəla, prezident İlham Əliyev və Serjik Sarqsyanın Vyana görüşündə Azərbaycanın azad etdiyi ərazilərin ermənilərə verilməsi məsələsi müzakirə olunmayıb və çox güman ki, bu məsələyə danışıqlar prosesində ümumiyyətlə toxunulmayacaq.

İkincisi, Ermənilərin Azərbaycana məxsus və işğaldan azad etdiyi ərazilərini Ermənistana qaytarılacağını düşünmələri gülüş və acı kinayə doğurur.
Məntiqlə Vyana danışıqlarından sonra Ermənistan sülh danışıqlarına töhfə verən addımlar atmalı idi. Amma reallıqda bunun əksi görünür. Əbəs yerə deyil ki, Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də rəsmi Bakının bununla bağlı narahatlığını ifadə etmişdi: "Rəsmi İrəvan yenə də hər vəchlə iyun ayında münaqişənin həlli üzrə hərtərəfli siyasi prosesə başlamağa mane olmağa yönəlmiş destruktiv siyasət yürütməklə məşğuldur. Xalqı sülhə hazırlamaq əvəzinə Ermənistan rəhbərliyi nifrət və şovinizm ritorikasını daha da gücləndirir".
Maraqlıdır, ermənilərin birdən-birə belə cəsarətlənib kişiləşmələrinin, xüsusən də protez ayaqlı axsaq Ohanyanın hədələrinin arxasında nə durur?

Əlindən bir şey gəlməyən boşboğaz uşaqlar dalaşan zaman dar ayağa düşəndə nənələrini qabağa verib tumanının altında gizləndikləri kimi, ermənilər də aprelin əvvəlində Rusiyanı qabağa verib atəşkəs zəmanəti istədilər. Daha sonra işə amerikalı himayədarlar qoşuldular, müşaqişə tərəfləri arasında danışıqlar təşkil olundu. Bu minvalla xeyli vaxt udan ermənilər fürsətdən istifadə edib əyər-əksiklərini düzəltməklə, həmçinin işğalçı ordusunu Rusiyadan kreditlə aldıqları daha müasir, daha uzaq məsafəyə, daha dəqiq və sarsıdıcı zərbələr vuran silah və texnika ilə təchiz edirlər.

Bu azmış kimi Rusiya Ermənistanı QLONASS peyk naviqasiyası sisteminə də qoşacaq. Bütün istifadəçilər üçün açıq naviqasiya sistemi olması bəyan edilsə də, 24 peyklə fəaliyyət göstərən QLONASS-ın əsas məqsədi potensial düşmən ərazilərində kəşfiyyat aparılması ilə bağlıdır. Bu sistemin köməyi ilə düşmənin hərbi kolonlarının, tanklarının və digər döyüş texnikasının yerini və hərəkətini müəyyən etmək olur.

Qısası, kolun arxasında quyruq görünür və onun kimə məxsus olduğu da bəllidir. Belə oyunların nə ilə nəticələnə biləcəyi və kimlərin qurbanlıq qoyun olacağı da heç kimə sirr deyil.

Ona görə də, "itlə dostluq elə, amma çomağı yerə qoyma" məsəlinə əməl edərək, "arxalı köpək qurd basar" məsəlini də unutmayaraq, biz də danışıqlar aparmaqla yanaşı, ayıq-sayıqlığımı əsla itirməməli, hər an böyük müharibənin baş verə biləcəyinə və düşmənə ölümcül zərbə vurmağa hərtərəfli, Silahlı Qüvvələrlə birgə ümumxalq şəklində hazır olmalıyıq.
İlkin İzzət
Milli.Az