“Report” xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iyunun 1-4-də baş tutan tədbirin yekuni olaraq qaliblər mükafatlandırılıb.
Festivalda 5 kateqoriya üzrə mükafatlar sahiblərinə təqdim edilib və hər kateqoriya üzrə 3 qalib seçilib. Onların arasında Türkiyə, Gürcüstan, Rusiya, İrlandiya, Portuqaliya, Böyük Britaniya, Yunanıstan və Azərbaycan əsas mükafatları qazanıblar.
Tədbirin xüsusi mükafatı rusiyalı rejissora təqdim edilib. Festivalın Qran-pri mükafatını “Dubrovnik və Zaman” adlı filminə görə Xorvatiya rejissoru Herve Tirmarşe qazanıb. Mükafatı sənət adamına Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev təqdim edib.
Azərbaycanlı rejissor Rüfət Kərimzadənin ekranlaşdırdığı "Yurdum" adlı film isə festivalın Milli Mükafatına layiq görülüb.
Sonda xorvat rejissorun filminə baxış olub.
Qeyd edək ki, festivalın seçim komissiyasına 71 ölkədən 420 ekran əsəri təqdim olunub. Həmin ölkələr arasında ABŞ, Türkiyə, Argentina, Avstraliya, Baham adaları, Banqladeş, BƏƏ, Braziliya, Butan, Çili, Çin, CAR, Dominikan, Hindistan, İraq, İsrail, Kanada, Kolumbiya, Konqo, Malaziya, Mavritaniya, Meksika, Mərakeş, Misir, Monqolustan, Nepal, Oman, Peru, Ruanda, Şri Lanka, Vyetnam, Yaponiya, Avropa və MDB ölkələri var. Seçim komissiyası 28 ölkədən 78 filmi müsabiqə proqramına daxil edib. Seçilən filmlər ölkə, region, şəhər, mədəniyyət, ənənə, reklam filmləri, ekoloji turizm və digər turizm növləri, TV məhsullar (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışıblar.
Münsiflər heyətinə tanınmış jurnalist Azər Qərib rəhbərlik edib. Heyətə Azərbaycandan həmçinin Ayaz Salayev, Yusif Şeyxov, Rauf Paşayev, Macarıstandan Endre Florian, Rusiyadan İnna Demejko daxil olub.








