Milli.Az-ın əməkdaşı Misirdən yazır
Sanki ərəb nağıllarının bir parçasıdır bu şəhər. Əslində "sanki" kəlməsi artıq sayıla bilər, çünki "Min bir gecə"dəki "leyl"lərin, yəni ərəbcə "gecə"lərin bir neçəsi burada yaşanıb, yaşadılıb və danışılıb.
İsgəndəriyyə Misirin ikinci böyük şəhəri sayılır. Səsli, küylü, gündüzlər çox isti, gecələr sərin, amma daim hərəkətli. Bu şəhər yatmır və ərəblər əmindirlər ki, İsgəndəriyyə uyusa, ölkə röyaya dalar. Söz yox, müsəlmanların nağıllarının az qala hamısında qəhrəmanlar arzularını yuxularında görür, onlara yuxularında ənamlar və ya xəbərlər verilir - amma isgəndəriyyəlilər şəhərlərini əsla yatırmaq istəmirlər.
İsgəndəriyyə şəhərinin şimal-qərbində, "Sidi Bişr", "Əl Əsafra", "Əl Mandara", "Məamura" və "Əbukir" məhəllələrinin yanında məşhur Montaza Sarayı var.

1892-ci ildə Misirin son "hədiv"i, yəni hökmdarı 2-ci Abbas Hilminin göstərişi ilə inşa olunan sarayda türk və italyan ruhu var. 1932-ci ildə Misir kralı 1-ci Əhməd Fuad isə "Əl Səlamlik" sarayın yaxınlığında daha böyük, indi "Əl Həramlik" kimi tanınan ecazkar sarayı inşa etdirdi.
Əvvəllər Misir prezidentləri Ənvər Sədat və Hüsnü Mübarəkin yay iqamətgahı olmuş sarayda indi Məhəmməd Əli sülaləsinin muzeyi yerləşir.
"Əl Səlamlik" sarayı isə lüks oteldir.
Montaza Sarayının 150 hektarlıq bağı isgəndəriyyəlilərin sevimli istirahət yeridir. Bununla bahəm, ölkənin hər yerindən buraya axışan misirlilər Montaza bağında dincəlməklə yanaşı, sahildəki villaların yanından keçərək çimərliyə üz tuturlar.
O villaların sahibləri var, amma onları hələ ki, görən olmayıb.

Çünki...
Kəşfiyyatçılar var, amma yoxdur.
İsgəndəriyyəlilər belə deyirlər. Montaza parkının bitəcəyində, Aralıq dənizinin sahilində, məkanın ən gözəl yerində kotteclər sıralanıb. Florensiya memarlığı stilində tikilmiş bu lüks kotteclərdə kimsə yaşamır. Amma onların qapıları bağlıdır və hər birinin də sahibi var.
Misirdə zənginlər çoxdur, rəsmi və qeyri-rəsmi milyarderlərin sayı dəqiq bilinmir. Bu kəslər arasında, təbii ki, Montazadakı villaları almaq istəyənlər olub, indi də var.

Di gəl, villalar dövlət mülkiyyəti sayılır və satılmır: onlar Misirin Ümumi Kəşfiyyat Xidmətinin, yəni "əl Muhabarat əl Amma"nın və ya sadəcə "Muhabarat"ın zabitlərinə verilib.
Qərar 2013-cü ildə "Muhabarat"ın rəhbəri təyin olunmuş Məhəmməd Əhməd Fərid əl Tuhamiyə məxsusdur. Misir prezidenti, general Əbdül Fəttah əl Sisinin ən yaxın insanlarından biri sayılan əl Tuhamini ölkə vətəndaşları "Əhməd" adlandırırlar.

Montazadakı villaların sahiblərini indiyədək kimsənin görməməsi, bu səbəbdən də villların baxımsızlıqdan tədricən uçulub-dağılması barədə suallarıma isgəndəriyyəlilər başlarını yelləyərək: "Bilmirik, Əhməd susur", - dedilər.
Səliqəyə qarşı vergi
Misirin istənilən şəhərində olduğu kimi, İsgəndəriyyədə və Qahirədə binaların zahirən həddən ziyadə baxımsız, tozlu, his-paslı olması bu ölkəyə gələn əcnəbiləri təəccübləndirir. Gerçəkdən də, binaların tam əksəriyyəti zahirən çox pis təsir bağışlayır.
Turistlər təəccüblənir, heyrətlənir, misirlilər isə qımışırlar. Çünki çirkli binalarıni sirri sadədir və onu qahirəlilər "səliqəyə qarşı vergi" adlandırırlar.
Misirdəki qanunlara görə, tikintisi tamamlanmamış, zahiri çirkli olan binalara görə vergi tutulmur. Bu səbəbdən də binaları bilərəkdən çirkli saxlayır, ya da inşanı başa vurmurlar ki, vergi ödəməsinlər.

Halbuki məntiqlə hər şey tərsinə olmalıdır: bina nə qədər təmiz və göz oxşayandırsa, məhəllə nə qədər səliqəlidirsə, əmlak və bələdiyyə vergisi də bir o qədər az olmalıdır.
Qərb ölkələrində şəhərlərin hətta memarlıq üslubu belə, qorunur.
Dünyanın ən zəngin adamı, "polad kralı" adlandırılan hindistanlı multimilyarder Lakşmi Mittal Londonun Könsinqton səmtində 120 milyon dollara satın aldığı malikanəni təmir etdirəndə binanın 4-cü mərtəbəsindəki pəncərəni ustalar dəyişdirmək istəmişdilər.
London meriyası icazə verməmişdi və Mittala xəbərdarlıq edilmişdi ki, təmir zamanı binanın hətta divarlarının rəngi belə, əvvəlki kimi qalmalıdır.
Misirdə tam tərsinədir.

Bu ölkənin şəhərlərində kim harada, necə istəyirsə, bina tikə bilər. Elə bu səbəbdən Qahirədə ultramodern stildəki bina barokko stilindəki tikili ilə qonşudur, onların da yanında pəncərələrinin şüşələri çirkdən qaralmış, his-paslı, qapıları əyri, divarları suvaqsız bir beşmərtəbəli "daxma".
Ölkənin bütün iri şəhərlərində və o cümlədən paytaxt Qahirədə inşaatla bağlı qanunlar yalnız kağız üzərində qaldığı kimi, yol hərəkəti qaydalarına riayət də nonsens sayılır.

Qahirədə 25 milyon insan yaşayır, bu şəhərdə 5 milyon avtomobil var. Səhər saat 3-dən etibarən yollar maşınlarla dolur.
Və təsəvvür edin ki, hamı siqnal verir, zolaqlarda boş yer tapan kimi sivişib keçmək istəyir - bir sözlə, əsl xaosdur.
Qahirədə avtomobillərin çoxunda əziklər var və yerli sakinlər bunu tam normal sayırlar. Yollarda maşınlar bir-birinə dəyəndə də sürücülər arasında dava olmur.

Qəzalar burada normadır.
Siqnal vermək kimi.
Şəhərin mərkəzindəki Təhrir Meydanında növbə çəkən polis zabiti Sefu Tumeyni deyir: "Siqnal vermək, əli klaksondan çəkməmək bizim "azar"ımızdır. Vallah, elə adam görmüşəm ki, maşını boş yolla gedir, amma yenə siqnal verir. Burada səs-küydən qulaq tutulur. Əcnəbilər, turistlər şikayətlənirlər. Bizsə alışmışıq, çünki gözümüzü açanda belə görmüşük".
Sadəcə bir fakt: 25 milyonluq Qahirədə vur-tut 11 işıqfor var.
Misirlilər adının mənası "Qələbə" olan paytaxtlarına "Misr" deyirlər. Ekoloji baxımdan çox çirkli, səs-küylü meqapolisin sakinlərinin danışıq tərzi də fərqlidir. Qahirəli danışanda əl-qolunu elə yelləyir ki, sanki onun qolları vücudundan, beynindən müstəqil əzadır və öz əsrarəngiz həyatını yaşayır.
Suyu çirkli, bulanıq, ildən-ilə kiçilən Nil çayının sahilində yerləşən Qahirə əslində iki şəhərdən ibarətdir. Uzunluğu 43 km olan körpü-estakada bu məkanı "Böyük Qahirə"yə və Gizaya bölüb.
Tarix tamaha uduzur
"Məşhur Misir ehramları, Sfinks Gizadadır. Bu məkan bütün dünyanın ən möhtəşəm tarixi abidələrinin olduğu yerdir".
Misir Tarix Muzeyinin əməkdaşı Həmid Abbas bunu deyərək fironlar Heops, Hefren, Mikerinin ehramlarını göstərir.
Gizada ehramların yerləşdiyi məkanla şəhərin arasında məsafə çox deyil. Həmin ərazidə xaotik inşa edilmiş məhəllələr var. Misirli alimlərin apardıqları arxeoloji qazıntılar nəticəsində bəlli olub ki, Gizanın cənub səmtində, yerin altında sərdabələr, məzarlar, fironların dönəmindəki şəhərin qalıqları var.

Həmin irsi üzə çıxarmaq üçün məhəllənin sakinlərinə pul, mənzillər təklif olunub.
Amma onlar köçmək istəmirlər.
"Buranın camaatının qazanc mənbəyi turizmdir. Onlar deyirlər ki, başqa yerə köçsələr, yaşam tərzini dəyişmək məcburiyyətində qalmaqla yanaşı, gəlir mənbəyini də itirəcəklər. Hələlik pat vəziyyətidir. Şəhər bələdiyyəsi güc tətbiq etmək istəmir, sakinlər də inad edir, təklif olunan pul və ya mənzilləri rədd edirlər. Burada, torpağın altında isə qədim sivilizasiyanın sirlərini əyan edə biləcək nələr var, təsəvvür etmək belə, çətindir", - Həmid Abbas söyləyir.
Onun sözlərinə görə, Gizada tarix tamaha uduzur.

Turizmi bəlalar vurub
Misirin turizm sahəsi son illərdə baş vermiş faciəli olaylar nəticəsində tarixinin bəlkə də ən pis, zülmət dövrünü yaşayır.
Yerli ekspertlərin dediklərinə görə, ilin əvvəlindən bəri Misirin turizm sahəsində itkiləri durmadan artır və 2016-cı ilin sonunadək 11 milyard dollara çata bilər.
Şarm əl Şeyx, Hurqada kimi məşhur kurortlarda turistləri az qala barmaqla saymaq olar.
Əsas səbəblər əvvəl Rusiya, sonra da Almaniya, Britaniya və Fransanın vətəndaşlarına Misirə turist səfərlərinə yollanmamağı "məsləhət" bilməsidir. Rusiya və Britaniyada hətta Misirə turların satışı belə, dayandırılıb.
Misirdə dəbdəbəli, lüks otellər boş qalıb.
Amma ölkə ruhdan düşmür. Prezident Əbdül Fəttah Xəlil əl Sisinin göstərişi ilə əsas kurortlarda infrastruktur genişləndirilir, yeni otellər tikilir, mövcud otellər təmir və rekonstruksiya olunur.

Misirin turizm naziri Yəhya Rəşidin sözlərinə görə, artıq 2020-ci ildə ölkə 20 milyon turist qəbul edərək bu sahədə əldə ediləcək gəlirləri 22 milyard dollara çatdırmaq niyyətindədir.
"Ruhdan düşmək niyyətində deyilik. Bəzi dövlətlər vətəndaşları üçün Misiri "qapatsalar" da, qətiyyətliyik və turizm sektorunu əzmlə inkişaf etdirəcəyik", - nazir bildirib.
Misirin ən məşhur kurortları indi Fars Körfəzi ölkələrindən, xüsusilə də Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərdən turistləri cəlb etmək üçün xüsusi proqram hazırlayıblar.
Ölkə turizminin bəlaları 2010-cu ilin dekabrında, Şarm əl Şeyx kurortunda turistlərə köpəkbalıqlarının hücumu ilə bağlı 4 faktın qeydə alınmasından sonra başlandı. Kurortda çimərliklər müvəqqəti qapadıldı və nəticədə turistlər qorxuya düşərək Şarm əl Şeyxə yollanmaq istəmədilər.
2011-ci ilin yanvarında Misirdə "Təhrir inqilabı" alovlananda, xalq üsyanı başlananda televiziya ekranlarında qeyzlənmiş nümayişçiləri, amansız qarşıdurmaları, bir zamanlar stabil və sakit olmuş ölkədəki həbsxanadan qaçışları görən əcnəbilər bu dəfə kütləvi şəkildə qorxuya düşdülər.
Hurqada və Şarm əl Şeyx kurortları cəmi bir neçə günə boşaldı. Bu kurortlar paytaxt Qahirədən və siyasi qızdırma içində vurnuxan şəhərlərdən çox kənarda olsa da, Qərb dövlətləri vətəndaşlarını təlxiyə etdilər.

Misirə uçuşlar və turların satışı rəsmən yasaqlanmadığından turistlər az sonra Qırmızı dəniz sahilindəki kurortlara döndülər.
Lakin 2013-cü ildə Misirdə yenə hakimiyyət dəyişdi və turistlərin ikinci, daha ciddi axını yaşandı.
Misir turizmdəki böhranın aradan qalxacağını düşünürdü və bu ümidlər 2015-ci ilin oktyabrın 31-də, Şarm əl Şeyxdə istirahətdən vətənə qayıdan 224 rusiyalı turistin olduğu təyyarənin vurulmasından sonra puç oldu.
Rusiyanın sərnişin təyyarəsinin vurulması Misirdə əcnəbilər üçün daha qorxunc, daha genişmiqyaslı olan təhlükəni - "inqilab" illərində zəifləmiş təhlükəsizlik sisteminin yarıtmaz fəaliyyətindən dolayı terrorizmin ölkənin hər sahəsinə sirayət etməyə başladığını göstərdi.
Terrorçular Misir iqtisadiyyatının "bel sütunu" olan turizmi məhv etmək, dünyanı qorxutmaq üçün daha qanlı teraktlara əl atacaqlarını söylədilər.
Daha sonra terrorçular Hurqadada otelə hücum etdilər, "EgyptAir" təyyarəsi Kiprə qaçırıldı və Misirdəki hava limanlarından səmaya qalxan sərnişin təyyarələrinə bomba qoyulması ilə bağlı sürəkli, yalan "xəbərdarlıq"lar oldu.
Mayın 19-da Misirin "EgyptAir" aviaşirkətinin qəzaya uğrayan MS804 təyyarəsinin qalıqları hələ də axtarılır. Fransız və yunan mütəxəssislərin dediklərinə görə, təyyarənin səmada partladıldığı istisna olunmur.

Bu günlərdəsə İŞİD videobəyanat yayaraq Misirin simvollarından biri olan məşhur Giza ehramlarını və Sfinksi partladacaqlarını dedi.
Misirin DİN-də bu bəyanatı "absurd və irreal" adlandırırlar. Milli.Az-ın əməkdaşına verilən açıqlamada deyildi: "Ölkədəki bütün turist obyektləri sutkaboyu mühafizə olunur və təhlükəsizlik ən yüksək səviyyədədir".
Amma nə olsun, efemer də səslənsə, terrorçuların hədələri Qərb insanlarının nəzərində Misiri təhlükəli ölkəyə çevirir.
Buna rəğmən, Misir rəsmiləri islamçılarla, terrorla, böhranla mübarizə apardıqlarını, radikalların qarşısında geri çəkilməyəcəklərini deyirlər.
Deyilənlərlə edilənlərin nədən ibarət olmasından növbəti yazıda bəhs edəcəyik.
Elçin Alıoğlu
Milli.Az




































