Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən şou-biznes nümayəndələrinin adlarını açıqlayıb.
ANS PRESS-in nazirliyinə istinadən verdiyi məlumata görə, borclu müğənnilərin adı olan cədvəldə 50 ad yer alıb. Cədvəl nazirliyin saytında yerləşdirilib.
Cədvəldə xalq və əməkdar artistlərin də adı yer alıb.

Şou biznesə xəbərdarlıq: Vergini verməsəniz....
Siyahıya Brilliant Dadaşova, Emil Bədəlov, Mətanət İsgəndərli, Elza Seyidcahan, Gülyanaq Məmmədova, Rəqsanə, Zamiq Hüseynov, kimi tanınmışları adları var.
Lakin onların borcunun məbləği açıqlanmayıb.

"Ayda 10 toya gedir, vergi ödəmək istəmir. Xeyir ola?!"
Hələ bir neçə ay öncə vergilər nazirinin müavini Sahib Ələkbərov vergi yayınmalarının ən çox və ən az olduğu sahələri açıqlayıb. O, deyib ki, müğənnilərin də vergidən yayınması kifayət qədərdir. "Şou-biznes nümayəndələri, böyük məbləğ müqabilində toya gedən müğənnilər 50 manat vergi ödəyir.
Amma səhər tezdən küçələri süpürən və bunun müqabilində 300 manat məvacib alan süpürgəçi qəpiyinə qədər vergi ödəyir. Ay ərzində 10 toya gedən, yüksək gəlir əldə edən vergi ödəmək istəmir. Xeyir ola?! Ancaq ötən ilin dekabr ayında bu sahədə aparılan islahatlar nəticəsini verib. Belə ki, təkcə dekabr ayında müğənnilər büdcəyə bir il ərzində ödədikləri qədər vergi veriblər".


Şou biznes nümayəndələrinin vergidən yayınması ilə bağlı problem ötən ilin sonunda da yaranmışdı. Nazirliyin dekabr ayında yaydığı siyahıda birinci yerdə “Şeron” qrupunun adı yer alıb. Onların borcu 13000 manatdır. Müğənni Zamiq 4700, Rəqsanə 4300, Xəyyam 4300, Emil Bədəlov 3600 manatdan çox vergi borcundan yayınıb.
Vergi borcu olan müğənnilər arasında Nadir Qafarzadə 10 000 manat, Almaz Ələsgərli 3 000 manat, Manaf Ağayev 2500 manat, Əlikram Bayramov 1666 manat, Nura Suri 1000 manat cərimələnib.
Vergilər Nazirliyinin rəsmisi borcu olan bütün müğənnilərə xəbərdarlıq da etmiş, onlara yanvarın 1-dən 20-nə qədər vaxt qoyulmuşdu.