14 ildir ki, 30 iyun Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunur. Bu günün tarixi 1990-cı ildə 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib, özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
30 İyunun Milli Sevgililər Günü kimi qeyd olunması təşəbbüsü "Xural" qəzetinin baş redaktoru, Sevgililər Günü İctimai Birliyinin sədri Əvəz Zeynallıya məxsusdur. O, 2003-cü ildə bu təklifi irəli sürdükdən sonra 30 İyun tarixi hər il Milli Sevgililər Günü kimi qeyd olunur və bununla bağlı təbliğatlar aparılır, tədbirlər keçirilir.
Bu gün də məhz sözügedən günlə bağlı tədbir keçiriləcək. Saat 18:00-da bir qrup insan Şəhidlər Xiyabanının qarşısındakı meydandan başlayaraq yürüşə çıxacaq, sonda isə İlham və Fərizənin qəbiri ziyarət ediləcək, gül dəstələri qoyulacaq.
Milli Sevgililər Günü 14 ildir ki, ölkəmizdə keçirilsə də, hələ də bu günü bayram kimi qəbul etməyib, Sevgililər Gününün 14 Fevral olduğunu düşünənlər var.
Bəs, sənətçilər sevgililər günü barədə nə düşünür? Onlar 14 fevralı, yoxsa 30 İyunu bayram olaraq qəbul edirlər?
Milli.Az bildirir ki, musavat.com şou əhli arasında sorğu keçirib və yuxarıdakı suallara cavab tapmağa çalışıb.
Müğənni Ayan Babakişiyeva bildirib ki, sevgililər gününün onun üçün əhəmiyyəti yoxdur: "Hazırda başım Türkiyədəki işlərimə qarışıb. Bilirsiniz ki, buraya köçmüşəm, biznes qurmuşam. İşlərimi yoluna qoymağa çalışıram.

Sevgililər gününə gəldikdə isə, insanlara xoşbəxtlik bəxş edən hər gün gözəldir. Cütlüklər 14 Fevralda da, 30 Mayda da bayram edirlərsə, bunun nəyi pisdir? 30 İyunun Milli Sevgililər günü kimi qeyd olunması gözəl haldır. Lakin mənim üçün bu günlərin bir önəmi yoxdur. Çünki sevgilim, təbrik edənim yoxdur".

Rəqqasə Aytən isə deyib ki, ona xarici ölkəyə istirahət hədiyyə olunub: "Mən Milli Sevgililər Gününü qəbul edənlərdənəm. Sevgi varsa, onun hansı gündə qeyd olunmasından asılı olmayaraq, qəbul etmək lazımdır. Mənim də hədiyyəm səhər saatlarında verilib. Uzun müddətdir ki, biznesimlə əlaqədar dincələ bilmirdim. Sevdiyim şəxs məni xarici ölkələrin birinə istirahət üçün göndərir. Bu aralar tətilə həqiqətən ehtiyacım var".

Müğənni Vüqar Muradov isə qeyd edib ki, bu günün Sevgililər Günü olmasından xəbərsizdir: "Yuxudan indi oyanmışam. 30 İyunun Sevgililər Günü olduğunu bilirəm. Bu dəfə unutmuşam. Bu günün Sevgililər Günü olmasından xəbərsizəm. Onu deyə bilərəm ki, sevən üçün hər gün bayramdır. Əsas odur ki, cütlüklər xoşbəxt olsunlar, mehriban yaşasınlar. Tarixləri özəlləşdirmək o qədər də vacib deyil. Mənə bu günü xatırlatdığınız üçün təşəkkür edirəm, mən də nişanlımı təbrik edim".
Milli.Az