"Hümbət Məmmədov bilir ki, onun əməlinin ifşası şəxsən prezidentin nəzarəti altında həyata keçirilib. Onun qardaşım Əflatun Piriyevin qətli üçün tutduğu killer dəstəsinin üzvlərini 2011-ci ildə qısa bir zamanda Gürcüstandan tutulub gətirilməsi də bu işin prezidentin nəzarəti altında olmasına görə idi. Bu gün Hümbət Məmmədovun barəsindəki ədalətli cəzadan yayındırılması üçün addımlar atılır", - bu sözləri 2011-ci il iyulun 11-də "Avesta" konserninin binasında öldürülən Əflatun Piriyevin qardaşı Ərəstun Piriyev baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə ünvanladığı müraciətdə qeyd edir.
Milli.Az musavat-a istinadən bildirir ki, Ə.Piriyev deyir ki, bir neçə gün əvvəl İnzibati-İqtisadi Məhkəmədə qanunsuz olaraq Hümbət Məmmədovun Rusiya vətəndaşı olması haqda saxta məlumatlara əsaslanan qərar çıxarılıb: "Həmin qərar Hümbət Məmmədova cəzadan yayınmağa görə lazımdır. Bu adam qudası, Salyanın keçmiş icra başçısı Tahir Kərimovun əlaqələrindən istifadə edir. Hümbət Məmmədovun qızı Tahir Kərimovun oğlundadır. Tahir Kərimov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunanda Hümbət Məmmədov ona 400 min dollar pul vermişdi. Tahir Kərimov ona vəd etmişdi ki, başçı təyin edildikdən sonra Salyanda abadlaşdırma işlərini onun şirkətinə podrata verəcək. Tahir Kərimov Daşkəsəndə başçı olanda Hümbət Məmmədova abadlaşdırma işlərini podrata vermişdi. Daşkəsən Rayon Polis İdarəsini, Şahmat Məktəbini tikmişdi, 20-yə yaxın binanın abadlaşdırmasını həyata keçirmişdi. Hümbət Məmmədov qardaşımın qətlini sifariş etdiyinə görə həbs ediləndən sonra Tahir Kərimov vəzifəsini qorumaq üçün ondan kənar gəzməyə başladı. İndi Tahir Kərimov vəzifədə deyil, Hümbət Məmmədov da ondan əl çəkmir. Deyir, ya pulu ver, ya da mənə kömək elə, Rusiyaya ekstradisiya olunum. O da məcbur olub, ona kömək edir.
Miqrasiya Xidmətinin tutduğu mövqe də anlaşılmazdır. Çünki qardaşımın Hümbət Məmmədovun sifarişi əsasında öldürülməsi üzrə işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılarkən Hümbət Məmmədov Rusiya vətəndaşı olmasını ortaya atmışdı. Barəsində qətl sifariş etdiyinə görə ömürlük həbs cəzasının çıxarılacağını bilirdi. İstəyirdi ki, Rusiyaya ekstradisiya olunaraq pul qarşılığında azadlığa çıxsın. Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində məsələ araşdırıldı, Hümbət Məmmədovun Azərbaycan vətəndaşlığı təsdiqləndi. Aydın oldu ki, bu adamın Azərbaycan vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi, xarici pasportu var və Rusiyaya ekstradisiya olunması üçün heç bir əsas yoxdur. Sonradan Bakı Apellyasiya Məhkəməsində də bu fakt təsdiq olundu".
Ə.Piriyev bildirir ki, bundan sonra Hümbət Məmmədov fərqli taktika seçib və məhkəmələrdə də ona yardımçılar tapılıb: "Mən 2015-ci ilin martında Hümbət Məmmədovun Ali Məhkəməyə barəsindəki hökmdən şikayət verdiyini təsadüfən eşitmişəm. Maraqlıdır ki, məhkəmədən onun şikayəti üzrə zərərçəkən tərəf olaraq bizə, mərhum qardaşımın ailəsinə heç bir məlumat vermirlər. Biz prosesə qatılanda isə formal məsələləri bəhanə edib prosesi qeyri-müəyyən vaxta qədər təxirə salırlar. Sonradan vaxt təyin edəndə isə yenə də bu haqda bizi məlumatlandırmırlar. Bütün bunlar qardaşımın qətlini sifariş vermiş Hümbət Məmmədovun Rusiya vətəndaşı olmasını gizli şəkildə təsdiqlədib onu cəzadan yayındırmağa hesablanıb. Odur ki, baş prokuror Zakir Qaralovdan, Ali Məhkəmənin sədri Ramiz Rzayevdən xahiş edirəm ki, əli qardaşımın qanına batmış Hümbət Məmmədova qanunsuz olaraq, nələrinsə qarşılğında dəstək verən qurumlar, şəxslər barəsində araşdırmalara başlasınlar".
Yada salaq ki, 2011-ci il, iyulun 11-də, saat 13 radələrində paytaxtın Nərimanov rayonu ərazisində yerləşən "Azər-Ross" mənzil-tikinti kooperativində qurumun təsisçisi Əflatun Piriyevə və baş mühasib Əmiraslan Əhmədova odlu silahdan atəş açılır.
Hadisə yerinə ilk çatan Hümbət Məmmədov olur və şərikini maşına qoyaraq xəstəxanaya çatdırmaq üçün bütün şəhəri gəzdirir. Qanı axan Ə.Piriyev H.Məmmədovun maşınındaca keçinir. Sonradan heç nə olmamış kimi yas məclisində təşkilatçılıq edən H.Məmmədovu telefon danışıqları ələ verir. Onun sifarişini yerinə yetirmiş qatil Vüsal Qurbanov H.Məmmədovdan törətdiyi əmələ görə pulunu istəyib. Bu əsnada qatillə sifarişçi arasındakı telefon danışıqları hüquq-mühafizə orqanlarının əlinə keçir. İstintaqa cəlb edilən H.Məmmədov vəziyyətdən çıxmaq üçün min bir bəhanə düşünüb. Lakin daşdan keçən sübut - telefon danışıqlarının mətnləri ilə tanış olanda sifarişçi olduğunu boynuna alıb. Sonradan onun digər bir iyrənc cinayəti də üzə çıxıb. Məlum olub ki, H.Məmmədov əmisinin 16 yaşlı nəvəsi ilə intim münasibətdə olub və ondan şikayət edilib...
İstintaq araşdırması zamanı onun dələduzluq faktları da üzə çıxıb. Məlum olub ki, Hümbət Məmmədov şərikini tamah məqsədilə öldürtdürüb ki, ona olan borcunu verməsin. "Azər-Ross" MTK-nın baş ofisində törədilən dəhşətli qətl hadisəsində və dələduzluqda ittiham olunan Hümbət Məmmədov, Vüsal Qurbanov, Tofiq Bəkirov, Fərman Hacıyev, Sahil Şamilov və Şamil Şamilov məhkəmə qarşısına çıxarılmışdılar.
Bakı Ağır Cinayətlər Məhkəməsi Hümbət Məmmədov və Fərman Hacıyevi sifarişli qətlə görə ömürlük, digərlərini isə müxtəlif müddətlərə azadlıqdan məhrum edib. İş üzrə 24 nəfər zərərçəkənə 1 milyon 777 min manat ziyan vurulub. Belə ki, H.Məmmədov onlardan mənzil verəcəyi adı ilə qeyd olunan məbləği alıb və heç birinə mənzil verilməyib.
Milli.Az