"Bakı Gənclər Klubu" İctimai Birliyi 1, iyul 2016-cı il tarixindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə "Qafqaz Albaniyası - Əsrlərdən miras qalmış tarixi və mədəni irsimiz" adlı layihənin icrasına başlayır. Layihənin məqsədi - gənc nəslin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və ümumiyyətlə, milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizin təbliği və yerli əhalini bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir.
Milli.Az day.az-a istinadən bildirir ki, birliyin sədri Azər Cavadov layihə və görüləçək işlər haqqında məlumat vermiş və qeyd etmişdir ki, Qafqaz Albaniyası tarixi və mədəniyyətinin öyrənilməsi -Azərbaycan tarixinin öyrənilməsi nöqtəyi-nəzərdən son dərəcə aktual bir mövzudur, çünki Azərbaycan tarixində mühüm yer tutmuş Qafqaz Albaniyası bir çox cəhətdən - tarixi, mədəni, coğrafi, siyasi, dini-ideoloji və Azərbaycan xalqının etnogenezi probleminin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Həmçinin, nəzərə alsaq ki, bədnam qonşularımız bu tarixi və mədəni irsimizə bu gün də sahib çıxmağa çalışırlar, bu tarixi səhifənin gənclər tərəfindən yaxından öyrənilməsi nə dərəcədə aktual və müasir dövrün tələbi olduğunu sübut edir.
Layihə çərçivəsində hazırlıq işləri bitdikdən sonra,gənclər üçün respublikamızın şimal-qərb bölgəsində yay düşərgəsi təşkil olunacaq, Şəki, Oğuz, Qəbələ, Qax rayonlarında yerləşən və Qafqaz Albaniyası dövrünə aid olan tarixi abidələrinə səfərlər həyat keçiriləcək. Layihənin sonunda əldə olunan foto-video materiallar əsasında "İçəri Şəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda bu abidələrin hazırkı vəziyyəti və ictimaiyyət tərəfindən qorunması çağırışını əks etdirən sərgi təşkil olunacaq. Layihə 3 ay davam edəcək.
"Bakı Gənclər Klubu" İctimai Birliyi 29 yanvar 1994-cü ildə təsis olunmuş və həmin il Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. "BGK" İB "GUAM Dövlətləri Gənclər Təşkilatlarının Forumu", "Azərbaycan Kiber İdman Federasiyası" və Azərbaycan Respublikası
Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsisçisi və fəal üzvüdür.
Milli.Az