Bakı, 27 fevral, AZƏRTAC
Abşeron yarımadasında generasiya güclərindən ən önəmlisi olan “Şimal” elektrik stansiyasında (ES) əsas və köməkçi avadanlıqların dayanıqlı və qənaətli işləməsi üçün müvafiq tədbirlər planı hazırlanaraq həyata keçirilir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a verilən məlumata görə, nəticədə, stansiyada cari ilin yanvar ayında 210,7 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.
Qeyd edək ki, ötən il ərzində isə burada 1 milyard 881,7 milyon kilovat-saatdan artıq elektrik enerjisi istehsal edilib.
Həm ötən il, həm də cari ilin yanvar ayında avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilib.
O cümlədən, dənizdən soyuducu su qəbulu kanalı mütəmadi lildən və təbii çöküntülərdən təmizlənib. Digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğınsöndürmə nasoslarına baxış keçirilərək, aşkar edilmiş qüsurlar aradan qaldırılıb.