Antonio Eder AVRO-2016-nın final matçında Portuqaliyanı qələbəyə daşımaqla gündəmə düşdü.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu yerli "SIC" kanalına müsahibəsində şəxsi həyatı ilə bağlı bir sıra məqamlara toxunub.
- Finalda qol vuracağını hiss edirdin?
- Bəli. Məşqçi meydana çıxmazdan öncə son göstərişlərini verəndə dedim: "Cənab, narahat olmayın. Mən qol vuracam". Belə də oldu. qolu vurandan sonra nəfəs ala bilmirdim. Sevincdən səsim də tutuldu. Gücüm, sanki, itdi.
- Qolu qeyd etməyini necə aydınlaşdırardın?
- Əvvəlcə qollarımla simurq quşunu imitasiya edirəm. Çünki bu quş küllər içindən doğulur. Ötən mövsüm mənim üçün uğursuz oldu. Avropa çempionatından 1 il öncə 3 əməliyyat keçirdim. Uzunmüddətli fasilədən sonra meydana qayıtmaq psixoloji və fiziki baxımdan ağırdır. Qoldan sonra əlimə taxdığı ağ əlcək sınaqları dəf etməyimin rəmzidir. Onun üstünd "inan" sözü yazılıb. Demək istəyirəm ki, dünyada məndən xoşbəxt adam yoxdur.
- Baş məşqçi Fernando Santuşun səni turnir üçün iştirak ərizəsinə daxil etməsi onun tənqidinə səbəb olmuşdu...
- Hər kəs məndən qol gözlədiyi və fərqlənə bilmədiyim vaxtlar emosiyalarıma nəzarət etmək çətin idi. Topu mənə ötürmürlər, rəqib müdafiəçilər yaxşı oynayır, qapıçıda özünəinam var kimi bəraətlər axtarırdım. Hər kəsin mənə qarşı olması, azarkeşlərin məni millidə görmək istəməməsi ağır gəlirdi. "Konus", "Minus 1" kimi ləqəblər düşünüb tapmışdılar. Həm əsəbləşir, həm də əhvalım pozulur və özümü günahkar hiss edirdim. Elə vaxt olurdu ki, küçəyə çıxıb insanlardan təhqir eşitməkdən qorxurdum. Bəzən yata bilmirdim. Məni heç kimin tanımadığı yerdə hər şeyi sıfırdan başlamaq haqqında düşünürdüm.
- Uşaqlıq illərin necə keçib?
- Üç yaşım olanda anamla Qvineya-Bisaudan Portuqaliyaya gəlmişəm. Sonra atam məni götürdü. Özümü tanıyandan iki od arasında olmuşam. Atamın yanına köçəndən sonra evdə tapılmırdım. Məktəbdən gələn kimi uşaqlarla futbol oynamağa qaçırdım və qaranlıq düşəndə qayıdırdım. 6 yaşım tamam olanda atam məni Braqa yaxınlığında yerləşən internata verdi. Nə baş verdiyini tam anlamasam da, uyğunlaşmağa çalışırdım. Valideynlərim niyə belə etdi? Hələ də bilmirəm. Bəlkə də, maliyyə problemlərinə görə. Vaxt vardı, nə etmək lazım olduğunu bilmirdim. Heç kimə, hətta özümə də lazım olmadığımı düşünürdüm. Futbolu buraxmaq istəyirdim. İntihar fikrinə düşürdüm. Tunelin sonunda işıq görmürdüm.
- Valideynlərini necə xatırlayırsan?
- 12 yaşım olanda atam İngiltərədə həbs olundu. Ögey anamı qətlə yetirdiyinə görə. Hələ də həbsdədir. Hərdən onunla görüşürəm. Amma atam məni tək qoyduğuna görə, hələ də üzr istəməyib. Fikrimcə, mənim üçün mübarizə aparmalıydı. Anamla bir müddət görüşmədik. Atam həbsə düşəndən sonra əlaqələri bərpa etdik. Yəqin, atam ona məni görməyə icazə vermirdi. Avropa çempionatından sonra anam məni təbrik etdi, mənimlə fəxr etdiyini bildirdi.
- Valideynlərinlə bağlı xoş xatirələrin varmı?
- Bəli. Düzdür, daha çox ola bilərdi. Ata-ananın yoxluğuna alışmaq olmur. Buna baxmayaraq onlardan ötrü darıxmağa vaxtım olmayıb. Sadəcə onları unutmağa çalışmışam.
Milli.Az