Xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni həmkarı ilə fotolarına görə sərt tənqid olunduqdan sonra ölkədən getməsi haqda xəbər yayılıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Ş.Novruzova bununla bağlı İnstaqram səhifəsində açıqlama yazıb:

"Azərbaycanı, sevdiyim vətənimi, Bakımı bu gecə tərk etdiyim şayiə, yalan olsa da, amma nə vaxtsa, gec-tez, bəlkə də yaxın zamanlarda tərk edəcəyəm. Bu, mənim qəti fikrimdir. Dostlarım, müştərilərim bu cümləni mənim dilimdən tez-tez eşidir. Gördüyüm qədər mənim kimi işinin peşəkarı, sənətimizlə bağlı, dünyada olan bütün yenilikləri, dünyada məşhur olan stilistlər tərəfindən keçirilən ustad dərslərin təşkilatçısı və s. öyünəsi xarakterim ola-ola, ən əsası da gəlinlərin qəlbini sevindirən Şəfəqə bu ölkədə dəyər verən çox azdır deyəsən.

Mən həmişə düşünürdüm ki, niyə axı həmişə yaxşı həkimlər, aktyorlar, müğənnilər, iş adamları Azərbaycanı tərk edib başqa dövlətlərdə yaşayırlar? Sən demə biz, öz talantlı, xalqa xidmət edən, təmiz çalışan, adı yüksələn insanlara dəyər vermirik".

Qeyd edək ki, Şəfəq müsahibəsində erməni əsilli stilist Georgi Kotu təriflədiyi və fotolarını İnstaqramda paylaşdığı üçün kəskin tənqid olunmuşdu. O, tənqidlərdən sonra Georginin sənətini vurğunluğunu növbəti dəfə yazaraq yeni foto paylaşmışdı.

Milli.Az