Naxçıvan, 2 mart, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti (NDU) Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi ilə birgə “Əhalinin fövqəladə hallara hazırlanmasında ali təhsil müəssisələrinin rolu” mövzusunda konfrans keçirib.
NDU-nun mətbuat şöbəsindən AZƏRTAC-a bildirilib ki, universitetdə keçirilən konfransda ali təhsil ocağının tərbiyə işləri üzrə prorektoru, professor Məmməd Rzayev mülki müdafiə və fövqəladə hallara hazırlığın tədrisi vəziyyətindən danışıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov birgə təşkil olunan təlimlərin, məşğələlərin əhəmiyyətindən söz açaraq, fövqəladə hallar zamanı ali təhsil müəssisələrində müəllim-tələbə heyətinin mühafizəsi üzrə tədbirlərin təşkili və keçirilməsi qaydaları haqqında məlumat verib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların xəbərdar edilməsi şöbəsinin rəisi, polkovnik-leytenant Baba Babayev “Əhalinin və ərazilərin radiasiya təhlükəsizliyinin təmin edilməsi”, Mülki müdafiə işinin təşkili şöbəsinin mülki müdafiə kursunun elmi-metodiki işlər üzrə baş müəllimi Şərif Əsədov “Ali təhsil müəssisələrində mülki müdafiə işinin təşkili, əhalinin və ərazilərin fövqəladə hallardan qorunması üzrə tədbirlərin planlaşdırılması və keçirilməsi üçün tövsiyə olunan sənədlər” mövzularında çıxışları dinlənilib.
Vurğulanıb ki, ali məktəblərdə tələbələrin təhlükəsizliyin əsasları üzrə biliklərə yiyələnməsi vacibdir. Hər bir tələbə bilməlidir ki, qəza və fəlakətlərin aradan qaldırılması təkcə müvafiq qurumların birbaşa vəzifəsi deyil. Bu işdə onların fövqəladə hallar zamanı düzgün davranışı və qabaqlayıcı tədbirlər görməsi də çox önəmlidir.
Tədbirdə maarifləndirici filmlər nümayiş etdirilib.