Bakı, 2 mart, AZƏRTAC
Qazax Rayon Polis Şöbəsi və Rayon Prokurorluğunun əməkdaşları tərəfindən “isti izlər”lə həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində martın 1-də rayon sakini, 1986-cı il təvəllüdlü Abdullayeva Aynurə Xanqulu qızını qətlə yetirmiş şəxs tutularaq istintaqa cəlb olunub.
Respublika Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətlərinin AZƏRTAC-a daxil olan birgə məlumatında bildirilir ki, həmin tarixdə saat 16 radələrində A.Abdullayevanın yaşadığı evdə odlu silahla qətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin olunub.
Rayon hüquq mühafizə orqanları tərəfindən aparılmış tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Qazax rayon sakini, 1968-ci il təvəllüdlü Veyisov Məcid Haqverdi oğlu tutulub.
İstintaq zamanı M.Veyisovun həmin tarixdə qeyri-rəsmi ər-arvad münasibətlərində olduğu A.Abdullayevanı şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə sonuncuya bir dəfə atəş açaraq qəsdən öldürdüyü müəyyənləşdirilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.