Bakı, 3 mart, Nihat Budaqov, AZƏRTAC
“Trans-Adriatik” (TAP) boru kəmərinin keçəcəyi Adriatik dənizinin 820 metr dərinliyində 105 kilometrlik dəniz boru kəmərinin tikintisi üzrə iki tender elan olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat TAP-ın rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, ilk tender mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) üzrə Albaniya və İtaliyanın cənub sahili arasında 36 düymlük boru kəmərinin dəniz hissəsinin inşasını əhatə edir. İkinci tender isə dəniz boru kəmərləri ilə təchizatı və onların örtüklənməsinə aiddir.
TAP-ın Satınalmalar üzrə direktoru Knut Steinar Kvindesland bildirib ki, tenderə dəvət etmiş iddiaçıların seçilməsində sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə “sıfır zərər siyasəti” nümayiş etdirmə qabiliyyətinə malik olan, yüksək standartlar əsasında fəaliyyət göstərən şirkətlərə üstünlük veriləcək.
Qeyd edək ki, uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoidə Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TAP layihəsi “Şahdəniz-2” yatağından çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Azərbaycan qazı TAP vasitəsilə Avropaya 2019-cu ilin sonunda nəql olunacaq.
TAP-ın səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz) şirkətləridir.