Konstitusiyaya əlavə və dəyişikliklər dövlət quruculuğu prosesində yeni bir şey deyildir. İndiyədək dünyanın bir çox ölkələrində - ABŞ, Fransa, Türkiyə, Rusiya, İran və başqalarında dəfələrlə konsitusiyalar qəbul edilib, bir neçə dəfə də onlara dəyişikliklər və əlavələr olunub. Ölkəmizdə də Konstitusiyamıza edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər bir sıra amillərlə bağlıdır. Hər şeydən əvvəl ölkə həyatı, dövlət idarəçiliyi donuq bir şey deyildir, ehkam deyildir, daim inkişaf edir. Ona görə də Konstitusiya, qanunlar ölkənin inkişafından geri qalmamalıdır. Əgər qanunlar ölkənin inkişafından geri qalırsa, o zaman həm dövlət idarəçiliyində, həm də digər sahələrdə problemlər yarana bilər. Deməli, Ana Qanunumuzda edilməsi nəzərdə tutulan əlavə və dəyişikliklər ilk növbədə ölkəmizin inkişafından doğur, zəruridir.

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.

Millət vəkilinin sözlərinə görə, referenduma çıxarılan əlavə və dəyişikliklər dövlət idarəçiliyinin daha çevik edilməsini, insan hüquq və azadlıqlarının daha etibarlı qorunmasını mülkiyyət hüququnun daha möhkəm şəkildə mühafizə edilməsini və ölkənin inkişafını nəzərdə tutur:

"Biz əlavə və dərişikliklərin hər birinə nəzər salsaq, görərik ki, onlar dövlət idarəçiliyinin daha çevik, səmərəli edilməsini və Azərbaycan vətəndaşının sabit, davamlı və rifah halında yaşamasını nəzərdə tutur. Ona görə də hesab edirəm ki, referendumda iştirak edənlər əlavə və dəyişikliklərə səs verəcəklər. Çünki onlar Azərbaycan dövlətinin daha güclü olmasına, vətəndaşın daha yaxşı yaşamasına, hüquq və azadlıqlarının daha etibarlı qorunmasına, normal, sabit, davamlı şəraitdə yaşamasına yönəldilib. Bu əlavə və dəyişikliklər dövlətimizin həyatında yeni səhifə açacaq, geniş institusional islahatlara başlanılacaq və yalnız faydalı olacaq".

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək.
İlkin İzzət
Milli.Az