Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” təsis yığıncağını keçirib.

“Report”un xəbərinə görə, yığıncaqda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Ədliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev çıxış edərək deyib ki, dialoq platformasının yaradılması mühüm məsələdir. Onun sözlərinə görə, bu, dövlət qurumlarının vətəndaş cəmiyyəti ilə münasibətlərinin tənzimlənməsinə xidmət edir: “Biz çox şeyi dialoqla həll edərik. Ona görə bu cür adımların atılması təqdirə layiqdir. Azərbaycan hökuməti vətəndaş cəmiyyəti ilə hər zaman dialoqa hazırdır. QHT Şurasının özü bir dialoq platformasıdır. Bugünkü dialoq platformasının məğzi isə başqadır. Bu platforma qapalı deyil, vətəndaşlara açıqdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında bildirib ki, bu cür dialoq xüsusi əhəmiyyət kəsb edir.

Ə.Hüseynli təəssüf hissi ilə qeyd edib ki, vətəndaş cəmiyyəti ilə dövlət qurumları arasında əməkdaşlıq bir qədər zəifdir: “Bugünki etimad mühitindən bir qədər səmərəli istifadə etmək lazımdır. Bu platforma ölkədə aparılan islahatlarda vətəndaş cəmiyyətinin rolunu önə çəkir, işgüzar mezxanizmin qurulmasına xidmət edir. Ölkədə iqtisadi islahatlarla bağlı addımlar atılır, burada vətəndaş cəmiyyətinin rolu xüsusidir. Bir daha qeyd edirəm ki, bu işdə vətəndaş cəmiyyəti ilə dövlət qurumlarının əməkdaşlığı zəifdir. Əməkdaşlıq mühitini genişləndirməklə fəaliyyəti səmərəli etmək lazımdır”.

Çıxış edən Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Koodinatoru Vüsal Hüseynov “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” ilə bağlı məlumat verib. O bildirib ki, “Açıq Hökumət tərəfdaşlığı, Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması” səmərəli, çevik mexanizm olacaq.

Sonra qeyri-hökumət təşkilatlarının nümayəndələri çıxış edərək yeni təsis edilən platforma ilə bağlı fikirlərini bildiriblər.

Tədbirdə “Hökumət-Vətəndaş Cəmiyyəti dialoq platforması”nın yaradıldığı elan edilib. Platformanın fəaliyyəti informasiya əldə etmək, fiskal şəffaflıq, ictimai təşkilatçılıq üzrə Azərbaycan hökuməti və Milli Məclislə əməkdaşlıq etməkdən ibarət olacaq.

Yığıncaqda platformanın reqlamenti də qəbul olunub. Reqlamentə əsasən, platformanın iclasları iki ayda bir dəfədən az olmamaq şərtilə Platformanın Koordinatoru tərəfindən tərəfindən çağırılır. Bundan əlavə, platformaya müraciət edən dövlət oranlarının, qeyri-hökumət təşkilatlarının müraciətləri cavablandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda “Açıq hökumət tərəfdaşlığı” vətəndaş cəmiyyəti platformasının yaradılmasının və fəaliyyətinin dəstəklənməsinin icrası Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına həvalə edilib.