"Yazıq Azərbaycan müğənnisi. Bu gün müğənnilər daha çox gözə girir. Gör, nə günə düşüb ki, Azərbaycan müğənnisi ölkədən qovulur. Vətən xainidir ki, ölkədən qovulsun?! Dövlətin malını, pulunu mənimsəyənlər ölkədən qovulsun da"
Tanınmış müğənni Səidə Sultan millət vəkili Fazil Mustafanın təklifinə münasibət bildirərkən belə deyib. İfaçının sözlərinə görə, əgər Fazil bəy istədiyi səviyyəni görmək istəyirsə, müğənnilərin vergi borclarını vaxtında ödəməsi üçün ölkədə işləyə biləcəkləri prodakşnlar olmalıdır.
Milli.Az missiya.az-a istinadən bildirir ki, məsələyə əməkdar artist Cavanşir Məmmədov da münasibət bildirib:
"Fazil müəllimə qarşı çox böyük hörmətim var. O, çox ziyalı və mədəni insandır. Ancaq mənim fikrimcə məhkəmənin qərarı olmasa, heç bir vətəndaşı ölkədən xaric etmək olmaz. Müğənninin banka və yaxud vergiyə borcu varsa, o, məhkəmə orqanları tərəfindən cinayət məsuliyyətinə cəlb olunmalıdır. Bu məsələnin ən yüksək səviyyəsi və nəticəsi budur. Bizim müğənnilər dünyada Azərbaycanı təmsil edir. Mən inanmıram, Fazil Mustafa belə söz desin ,o, elə kişi deyil. Kiminsə imkanı yoxdur, ailəsini dolandıra bilmirsə, onu ölkədən çıxarmaq lazımdır? Bəs bizim hüquq mühafizə orqanları nəyə baxır? Vətənə xainlik etməyibsə, müğənni niyə ölkədən çıxarılsın?"
Əməkdar artist əlavə edib ki, Fazil Mustafa millət vəkili kimi xalqını sevən adamdır.
Məsələ ilə bağlı əməkdar artist Elza Seyidcahan da danışıb. Onun sözlərinə görə, müğənnilər vaxtı-vaxtında vergi borcunu ödəməsi vacibdir.
"Vergini hər bir Azərbaycan vətasndaşı ödəməlidir. 100 manat qazanan belə vergi borcunu ödəməlidir. Hətta Maykl Cekson, Uitni Hyuston belə vergidən yayınanda onlar cəzalandırılıblar".
Xatırladaq ki, millət vəkili Fazil Mustafa təkliflə çıxış edib ki, vergi borcu olan müğənniləri təmtəraqla, Dövlət simfonik orkestrinin müşayəti ilə, ciblərinə də yüngülvari xərclik qoyub ölkədən çıxarmaq lazımdır.
Milli.Az