"Report" xəbər veir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən təşkil olunan sərgi İudaizm dininə həsr olunub.
"Yəhudi xalqının "Müqəddəs torpaq"larla 3500 illik əlaqəsi" adlı sərginin açılış mərəsimində DQİDK-nin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev, Simon Vizental Mərkəzinin direktor müavini ravin Abraam Kuper və müxtəlif ölkələrin foruma qatılan din xadimləri iştirak ediblər.
M.Qurbanlı bildirib ki, bu sərgi yəhudi xalqının 3500 illik tarixini əks etdirən sərgidir: "Sərgidə yəhudi xalqının keçdiyi yol əks olunub. Sərgi Simon Vizental Mərkəzi tərəfindən təqdim olunurdu. Biz də bu sərgini açmaqla Azərbaycanın tolerantlıq və multikultural dəyərlərini nümayiş etdirdik".
Qeyd edək ki, sərgi YUNESKO, ABŞ və Kanada hökumətlərinin dəstəyi ilə hazırlanıb və daha öncə BMT-nin Nyu-York şəhərində yerləşən mənzil-qərargahında, ABŞ Konqresində, İsrail Knessetində, həmçinin Vatikan, Danimarka və Albaniyada da keçirilib. Bundan başqa, Muzey Mərkəzində Azərbaycanın gənc rəssam və heykəltəraşlarının əl işlərindən ibarət "Tolerant Azərbaycan gənci" sərgisi də keçirilib.

