Həyatın hər üzünü görən futbolçular - FOTOSESSİYA

Həyatın hər üzünü görən futbolçular - FOTOSESSİYA
10:57 5 Oktyabr 2016
45 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün geniş maddi imkanlara sahib olan insanların bəziləri doğuşdan bu qədər şanslı olmurlar. Buna baxmayaraq təslim olmayan və hər şeyi əməyi ilə sıfırdan qazanan adamlar da var. Bunların arasında ən çox diqqət çəkənlər futbolçulardır.

Milli.Az apasport.az-a istinadən həyatı yoxsulluq və səfalət içində başlayan, ancaq bu gün maddi imkanları ilə zirvədə olan futbolçulardan ibarət 10 nəfərlik siyahı hazırlayıb.
 
10. Luis Suarez (Uruqvay, "Barselona")
 
Çətin bir uşaqlıq dönəmi keçirən uruqvaylı oyunçu futbola yalın ayaqla başlayıb. Üstəlik 12 yaşında atası tərəfindən də tərk edilən Suarez həyatda dik durmağı bacarıb. Çətin dövrlər keçirən Luis indi "Barselona"nın vazkeçilməz oyunçularından biridir. Sərvəti isə milyonlarla ölçülür.
 
9. Luka Modriç (Xorvatiya, "Real")
 
Xorvatiya müstəqillik üçün savaşdığı zamanlarda sadəcə 5 yaşında olan Modriç müharibənin düz ortasında qalmışdı. Uşaqlığı mühacir düşərgələrində keçən futbolçu avtodayanacaqlarda futbol oynadığı günlərdən bu günlərə keçiş elədi. Dünya nəhəngi "Real"ın kilid oyunçularından biri olan Luka ideal yarımmüdafiəçi göstəricilərinə malik oyunçuların başında gəlir.
 
8. Karlos Teves (Argentina, "Boka Xuniors")
 
Argentinanın təhlükəli bölgələrindən birində yetişən və çətin uşaqlıq dövrü keçirən Tevesin böyüdüyü məhəllə kriminal hadisələrin sıx-sıx baş verdiyi ərazi idi. Hətta ulduz oyunçunun ağzındakı əyrilik uşaq vaxtı qarışdığı bir dava nəticəsində meydana gəlib. Futbola belə çətin şərtlər altında gəlsə də, istedadı onu zirvəyə daşıya bildi. Mançester şəhərinin iki böyük klubunu bir-birinə düşmən edən Teves bu günlərdə sərvəti ilə tanınan oyunçulardan biridir.
 
7. Kriştianu Ronaldu (Portuqaliya, "Real")
 
Dünyanın ən güclü iki futbolçusundan biri olan portuqaliyalı kiçik bir otağı 3 qardaşı ilə bölüşən və oyuncaqlardan məhrum bir uşaqlıq keçirib. "Sportinq"də başladığı karyerasında pillələri çox sürətlə çıxdı və bu gün dünyanın ən önəmli futbolçularından biridir.
 
6. Aleksandr Qleb (Belarus)
 
Çernobıl qəzasının baş verdiyi ərazidə doğulub-böyüyən Aleksandrın uşaqlığı da ideal şərtlərdə keçməyib. Atasının vəzifəsi zərər görmüş evləri sökmək olan belarus oyunçu köhnə ayaqqabları ilə başladığı futbolçu karyerasında "Arsenal" və "Barselona"ya qədər yüksəlməyi bacardı.
 
5. Dani Alves (Braziliya, "Yuventus")
 
Uşaqlığında səhər saat 4 radələrində oyanan Dani bəzən 40 dərəcə istidə atasına kömək edirdi. Beton bir yataqda yatmağına baxmayaraq, heç nəyə fikir vermədən həyatını davam etdirirdi. "Sevilya" ilə başlayan ulduzluq yolunda "Barselona" və "Yuventus" kimi klublarda çıxış etdi. Hazırda dünyanın ən yaxşı cinah müdafiəçilərindən biridir.
 
4. Zlatan İbrahimoviç (İsveç, "Mançester Yunayted")
 
Malmönün Rozenqard bölgəsində böyüyən Zalatan pis ad çıxarmış ərazidə, çətin şərtlərə baxmayaraq, həyatda qalmağı bacardı. Dağılmış bir ailənin uşağı olan İbrahimoviç uşaq vaxtı velosiped oğurladığını etiraf edib. Müasir futbolda oynamadığı nəhəng klub, qazanmadığı kubok qalmayan Zlatan indi də "Mançester Yunayted"in uğurları üçün tər tökür.
 
3. Neymar (Braziliya, "Barselona")
 
Babasının evində anası, atası və bacısı ilə birlikdə bölüşdüyü dar bir otaqdan bu günlərə gəlib Neymar. "Barselona"nın dillərə dastan hücum triosunda vazkeçilməz halqalardan biridir. Tarixdəki yeri indidən hazırdır.
 
2. Aleksis Sançez (Çili, "Arsenal")
 
Uşaqlıq illərinin böyük bir bölümünü atasız keçirən Aleksis işlərində anasına kömək edirdi. Maşın yuyaraq həyatını təmin edən futbolçu "Barselona"dakı çıxışından sonra bu günlərdə "Arsenal"ın ən önəmli silahlarından biridir.
 
1. Frank Riberi (Fransa, "Bavariya")
 
Fransanın kasıb bölgələrində yoxsulluqla boğuşan bir uşaqlıq keçirən Riberi gəncliyində inşaat işçisi olub. Ulduzu "Qalatasaray"da parlayan, daha sonra "Marsel", ardınca isə "Bavariya"da çıxış edən yarımmüdafiəçi dünyanın ən önəmli ulduzlarından biridir.

Milli.Az










Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/476158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR