Bir neçə həftə əvvəl Təfəkkür Universitetində 26 tələbə universitetdən xaric edilmişdi. Səbəb kimi isə onların təhsil haqqını vaxtında ödəməmələri göstərilmişdi.

Bu məsələ bir daha təhsil kreditlərinin verilməsi zəruriliyini gündəmə gətiridi.

Təhsil haqqını vaxtında ödəyə bilməyən tələbələr üçün isə çıxış yolu var. Çünki 'Maarifçi'' Tələbə Kredit Fondu təhsil krediti almaq istəyən tələbələr üçün növbəti elan sessiyasına start verib. Bu imkandan isə İqtisad, Dillər, Dövlət Neft və Sənaye, Pedaqoji, Memarlıq və İnşaat, Texniki, Bakı Dövlət, Slavyan, Gəncə Dövlət və Sumqayıt Dövlət universitetlərinin tələbləri ilə yanaşı, ilk dəfə olaraq Lənkəran Dövlət və özəl universitet olan Xəzər Universitetinin tələbləri də yararlanacaqlar. Bunun üçün isə bəzi prosedurlara əməl etmək lazımdır.

Yalnız illik gəliri 10 min manatdan aşağı olan aztəminatlı ailələrin övladları bu kreditləri ala bilərlər. Müraciətlər yalnız qurumun maarifci.az saytında onlayn şəkildə təqdim olunmalıdır.

Müraciətlər oktyabrın 31-dək qəbul ediləcək. Birinci elan sessiyasında fondun seçim meyarları çərçivəsində 55 elektron müraciətə baxılıb. Fonda ən çox Dövlət İqtisad Universitetinin tələbələri müraciət ediblər.

Kreditlər müəyyən faiz miqdarında və beş il müddətinə verilir.

Ailə başçısını itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud olan şəxslərə kreditlər güzəştli şərtlərlə veriləcək.

O ki, qaldı Təfəkkür Universitetindən xaric edilən tələbələrə, həmin universitet 'Maarifçi'' Tələbə Kredit Fondunun üzvü olmadığı üçün bu tələbələr təhsil krediti fürsətindən yararlana bilməyəcəklər. Fondun icraçı direktoru Rüfət Mahmud, tələbələrin bu kimi hallarla rastlaşmamaları üçün digər universitetlərə də fonda üzv olmaqda maraqlı olmaqlarını tövsiyyə edir.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Təhsil krediti almaq istəyənlərin sayı artır - Yeni imkan da yaranıb - VİDEOTəhsil krediti almaq istəyənlərin sayı artır - Yeni imkan da yaranıb