İngilis-ispan dilli jurnalın “Azərbaycan Odlar Yurdu” başlıqlı xüsusi buraxılışı dərc olunub

İngilis-ispan dilli jurnalın “Azərbaycan Odlar Yurdu” başlıqlı xüsusi buraxılışı dərc olunub
10:12 17 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın Meksikadakı səfirliyinin təşəbbüsü və məlumat dəstəyi ilə Amerika qitəsində tanınmış ingilis-ispan dilli “Amura Yachts & Lifestyle” lyuks kateqoriyalı jurnalının Azərbaycan barədə “Azerbaiyan el tesorero del fuego” (Azərbaycan Odlar Yurdu) başlıqlı təqdimat xarakterli xüsusi buraxılışı dərc olunub.
Səfirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, əsasən zəngin təbəqədən olan oxucu kütləsi və iş adamlarının diqqəti üçün nəzərdə tutulmuş jurnalın ingilis-ispan dilində dərc olunmuş xüsusi buraxılışında Azərbaycanın tarixi, zəngin mədəniyyəti, turizm imkanları, kulinariyası, iqtisadi-coğrafi mövqeyi, iqtisadi durum və həyat səviyyəsi barədə nəfis tərtibatda yer almış şəkil və məlumatlar real turizm imkanlarımızın bu regionda təbliği baxımından təsirli bir vasitə kimi dəyərləndirmək olar. 
Jurnalın daha əvvəlki buraxılışları dünyada böyük turist axını qəbul edən Manila, Berlin, Malta, Honq-Konq, Roma, Nyu York, London, Monako və digər məhşur şəhərlərə və Baham adaları kimi populyar çimərliklərə həsr olunub. Azərbaycana həsr olunan son buraxılışda isə Azərbaycanın malik olduğu qədim tarixin planetdə insanın yaranışı ilə bir dövrə təsadüf etdiyi və bu ərazidə yaşayanların mədəni irsinin paleolit dövründən qayaüstü yazılarda əks olunmasından bəhs edilərək qeyd olunub ki, bu ölkə Avropa və Asiya sərhədində yerləşdiyi üçün burada məskunlaşmış xalqın zəngin və unikal mədəniyyətinin təşəkkül tapmasında çoxsaylı sivilizasiya və mədəniyyətlərin təsiri əvəzsiz olub. Buraxılışda Zərdüştün bu torpaqlarda anadan olduğu və onun təliminin buradan yayılmağa başlandığı qeyd olunub. Çoxsaylı atəşpərəstlik məbədlərinin mövcudluğu buna sübut kimi göstərilir. Eyni zamanda qədim vikinqlərin indiki yaşadıqları ərazilərə Qafqaz dağlarından köç etməsindən də bəhs olunub.
Buraxılışda ideal coğrafi şəraitin bu ölkəni Çinlə, Asiya və Avropa, Hindistanla, Rusiya və İran arasında bağlayıcı halqaya çevirdiyi bildirilib. Sonra Azərbaycanın 1847-ci ildə dünyada ilk dəfə neft çıxaran ölkə olduğu və bu və digər sahələrdə əldə olunmuş nailiyyətlərindən, ölkədə mövcud olan böyük qaz ehtiyatlarından bəhs edilib. Daha sonra Azərbaycanın mədəni sərvəti olan muğamın nəsildən-nəsilə keçən bir ifa növü kimi, musiqi, poeziya və fəlsəfənin sintezindən ibarət olduğu qeyd olunub və musiqi alətlərimiz olan tar, kamança və qaval haqqında ətraflı məlumat verilib. Növbəti səhifələrdə Bakının tarixi yerləri olan “İçəri şəhər”, “Qız qalası”, “Şirvanşahlar sarayı” barədə ətraflı məlumat verilərək, fotoşəkillər nümayiş etdirilib. Daha sonra, müasir Bakı haqqında məlumat verilərək, yeni inşa olunmuş göydələnlər, dəb-dəbəli ticarət mərkəzləri, günün 24 saatı ərzində şəhərdəki təhlükəsizlik, çimərliklərdən, təmiz və səliqəli küçələrdən, “Fairmont”, “Four Seasons”, “Jumeirah Bilgah” kimi lyuks hotellərdən və “Budda bar”, “Sahil Bar restaurant”, “Eleven restorant & Lounge”, “Chinar” və Meksikanın bir parçası olan “La Vida Tequila Bar” kimi restoranlardan bəhs edilərək fotoşəkillər yer alıb. Buraxılışın daha sonra Bakı bulvarındakı əyləncə mərkəzləri, müxtəlif yaş kateqoriyalarına aid olan insanlara göstərilən çoxçeşidli xidmətlər, ərazini bəzəyən flora nümunələrindən bəhs edilərkən burada 300 il yaşı olan ağacların mövcudluğu qeyd olunub və möhtəşəm “Bakı Kristal Zalı” barədə ətraflı məlumat verilib. Sonrakı səhifələrdə 2016-ci ilin iyun ayında Bakıda uğurla keçirilən “Formula 1” idman yarışının fotoşəkilləri əlavə edilib. Həmçinin jurnalda Azərbaycanın tarix və incəsənət muzeyləri, opera balet teatrı, məscid və kilsələri, Gəncə, Quba, Şəki, Lənkəran və Naxçıvan kimi şəhərlərindən bəhs olunub. Daha sonra dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşası 2013-cü il başa çatdırılıb memarlıq incisi sayılan “Heydər Əliyev Mərkəzi” barədə məlumat verilib və fotoşəkillər əlavə olunub. Buraxılışın növbəti səhifələrində dünyanın 6 ən qədim və məhşur at cinsinə aid olan Qarabağ atlarından bəhs edilib və geniş planda nəfis tərtibatlı şəkillər təqdim edilib. Daha sonra Bakıdan 64 km aralıda yerləşən paleolit dövründən qədim insan məskəni olan Qobustan haqqında geniş məlumat verilərək, ilkin olaraq buradakı tapıntıların 10 min il tarixə malik olduğu, son tədqiqatların nəticələrinə əsasən isə bu tarixin 35-40 min il təşkil etdiyi qeyd olunub, “Kiçikdaş”, “Böyükdaş” qaya rəsmləri və “Qaval daş” barədə məlumat verilib. 2007-ci ildə isə Qobustanın YUNESKO-nun ümumdünya irsi siyahısına salındığı və bu ərazidə üç yüzdən artıq palçıq vulkanının olduğu barədə də məlumat verilib. Eyni zamanda 2013-cü ildən etibarən prezident İlham Əliyevin Fərmanı ilə bu ərazinin Qobustan dövlət tarix və bədii qoruğu elan olunduğu qeyd edilib. Xüsusi buraxılışda dahi Azərbaycan şairi və yaşadığı dövrün böyük mütəfəkkiri sayılan Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumat verilib, onun insanlığın nadir hallarda bəşəriyyətə bəxş etdiyi aqillərdən biri olduğu xüsusi vurğulanıb. Onun bütün əsərləri adbaad sadalanaraq miras qoyduğu irsin Əfqanıstan, İran, Azərbaycan, Tacikistan və digər ölkələr üçün paylaşılan və bölüşülən bir dəyər, xəzinə olduğu qeyd olunub. Buraxılışın sonunda Azərbaycan ərazisində mövcud olmuş dövlətlər barədə müfəssəl məlumat verilib. 
Belə ki, Qara dənizdən Xəzər dənizinə qədər əhatə olunan ərazidə əcdadları qədim Skiflər olmuş Qafqaz Albanlarının məskunlaşdığı qeyd olunub. Daha sonra Roma İmperiyasının, Makedoniyalı İsgəndərin bu ərazilərə istilaçı hücumlarından, Mesopotamiya, Parfia, Ərəb Xilafəti və Bizans İmperiyası ilə münasibətlərdən bəhs olunmuş sonrakı dövrdə Rusiya və Fars İmperiyaları arasında bu ərazi uğrunda mübarizə aparıldığı, 1918-ci ildə Azərbaycanın öz müstəqilliyini elan edərək, bir müddət sonra Sovet qoşunları tərəfindən yenidən işğal olunaraq 1991-ci ilə qədər Sovetlər İttifaqının tərkibində olduğu qeyd olunub. Buraxılışın sonunda Sovet İttifaqının süqutundan sonra Ermənistan tərəfindən Azərbaycanın 20% ərazisinin işğal olunması barədə məlumat verilib və buna baxmayaraq, Azərbaycan xalqının özünəməxsusluğunu və öz mədəni irsini mühüm miras kimi gələcək nəsillər üçün qoruyub saxlamağa çalışdığı qeyd olunub.





















Xəbərin orijinal ünvanı: http://report.az/medeniyyet-siyaseti/i-nglis-ispan-dilli-jurnalin-azerbaycan-odlar-yurdu-basliqli-xususi-buraxilisi-derc-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR