“Qanuni oğrular”la bağlı bir neçə kitabın müəllifi
Bəhram Çələbi oğru dünyasının futbola olan münasibətlərindən
danışıb.
- “Qanuni oğru”ların futbola azarkeşliyindən danışardız.
Kim hansı klubun fanatı olub?
- Mən Lotu Bəxtiyardan kitab yazanda orda göstərmişəm ki, o, 7-8
yaşından futbola gedərdi. Söhbət Banişevskinin dövründən gedir.
Bilmirəm, 1964, ya 1965-ci il idi, Moskva "Torpedo"su Eduard
Streltsovla birgə Bakıya gəlmişdi. Onda Streltsov həbsxanadan təzə
çıxmışdı. Onda mənim də yadıma gəlir ki, Bakının ünlü "Sovetski"
məhləsindən xeyli insan tramvaylara doluşub Streltsovun oyunu
izləməyə getmişdi. Həmin oyunda "Neftçi" 3:0 hesabıyla qalib gəldi.
Həmin oyunu Bəxtiyar da izləmişdi. Onlar həmişə stadionun
ətrafındakı dəmir hasarları aşıb içəri daxil olardılar.
Ümimiyyətlə, Bəxtiyar futbol sevən biri olub. Hətta o, 1994-cü ildə
ABŞ-a gedib DÇ-ni izləmək fikrində idi. Amma vizası düzəlmədi. Həm
də yaxın dostu rəhmətə getdiyindən okeanın o tayına yollana
bilmədi. Hətta İvankovla da danışmışdı ki, ABŞ-da onunla bir
futbola baxacaq. Daha sonra sizə "Doktor Ağoppa"dan da danışa
bilərəm. O da "qanuni oğru" olub. Məndə onun Anatoli Banişevskiylə,
Əhməd Ələsgərovla, Adil Babayevlə bir yerdə şəkilləri var.
Rusiyanın "qanuni oğrular"ından Otari Kvantirişvili 1990-94-cü
illər aralığında fəaliyyət göstərən Lev Yaşinin adını daşıyan
Həmkərlar İttifaqı kimi bir qurum yaratmışdı. Özü də ona başçılıq
edirdi. Üstəlik, Kvantrişvili Tiflis "Dinamo"suna himayədarlıq
edirdi. Sonra "Tayvançik"dən də danışa bilərəm. O, Olimpiadada
bizimkilərin medal qazanması üçün pul təklif etmişdi. Yəni
istəyirdi ki, sovet idmançısını pul hesabına çempion etsin. Buna
görə böyük qalmaqal yaşanmışdı.
- Streltsovun həbsxana həyatı haqda nə deyə bilərsiz? Orda
onun çəkisi olub?
- Eduard SSRİ millisinin üzvü idi. Onu 1958-ci ildə DÇ-yə
aparmadılar, Nikita Simonyanı saldılar heyətə. O vaxt onu 7 illik
həbsxanaya saldılar. Yalandan onu zorlamada ittiham etdilər.
SSRİ-nin partiya rəhbərlərindən olan Yekaterina Furtsova qızını ona
calamaq istəyirdi, Streltsov isə bundan imtina etmişdi. Nəticədə
Eduardı qızını zorlamaqda ittiham edib "içəri basdırmışdı".
Streltsovun həbsxanada da böyük nüfuzu var idi. Eduard dünya
şöhrətli futbolçu idi. Ona "sovet tankı" deyirdilər. Onu "qanuni
oğrular" yox, hamı tanıyırdı.
- Bəs Azərbaycanda oynayan futbolçulardan kimlər həbsxanada
yatıb?
- Mənim yadıma gəlir ki, "Neftçi"nin erməni futbolçusu Eduard
Markarov alverə girişdiyinə görə 5-6 dəfə saxlanılıb. Bildiyiniz
kimi, o vaxt alver qadağan olunmuşdu. Ancaq azərbaycanlı
futbolçuların həbsxana həyatından xəbərim yoxdu. Hamı həbsxanada
yata bilər. Mən ancaq "qanuni oğrular"dan danışa bilərəm. Məsələn
1-2 dəfə yeniyetmələr arasında güləş üzrə Azərbaycan və bir dəfə də
Moskvada SSRİ çempionu olan Dağlı Cavanşirdən danışa bilərəm.
- Sabiq futbolçulardan biri həbsxanada cəzasını çəkərkən
dustaqların oyununu hakim kimi idarə edirmiş və epizodların birində
o, Bəxtiyara sarı vərəqə göstərib. Hamı çaş-baş qalıb. Bəxtiyarda
deyib ki, "lotuya sarı vərəqə göstərməzlər". Bu haqda məlumatınız
var?
- Sarı yox, qırmızı vərəqə. Lotuların qırmızı rəngdən zəhləsi
gedir. "Qanuni oğru"ya sarı göstərərlər, qırmızı yox. Onlar hətta
qırmızı rəng olduğuna görə "Marlbro" siqaretinin qutusunu tullayıb,
onu ayrılıqda götürüb çəkirdilər. Həbsxanada qoluna qırmızı
bağlayan nəzarətçilərə görə bu rəngi sevmirmişlər. Həm də ki,
onlara pioner qalstuku düşmədiyinə görə, həmin qalstuka da nifrət
edirdilər.
- Dəqiq məlumat olmasa da, camaat arasında belə söz-söhbət
dolaşır ki, Rövşən Lənkəranskinin "Xəzər Lənkəran" klubu ilə isti
münasibətləri var. Bu haqda nə deyərdiz?
- (gülür) Demək olar ki, Rövşən MDB məkanında "qanuni oğrular"ın
başçısıdı. O hətta həbsxanada yatarkən belə idmanın inkişaf
etməsinə çalışıb, onu təbliğ edib. Özü də yaxşı idmançıdı. Rövşən
vaxtıyla güləşçi olub. Amma onun futbolla əlaqəsi haqda heç nə deyə
bilmərəm.
- 1990-cı illərdə istənilən Rusiya komandasını dolayı yolla
da olsa, hansısa "qanuni oğru" idarə edirdi. Azərbaycanda da belə
hallar olub?
- Yuxarıda "Doktor Ağoppa" adını çəkdim. Əsl adı və soyadı Ağabala
Babayevdi. O vaxt "Ağoppa" "Neftçi"ni nəzarəti altında
saxlayırdı.
- Həmin "qanuni oğrular" indi də rus futboluna nəzarət
edir?
- Əlbəttə! Rus mafiyası nəinki futbol, hətta bu dəqiqə dövlət
işlərinə də girişir.
- Sovet dövründə gürcü "qanuni oğrular" Tiflis
“Dinamo"sunun oyunlarını gedib stadiondan izləyərdilər. Gürcü
mafiyasının futbola təsiri haqda nə deyərdiz?
- O vaxt Mesxi, Metreveli və Qabeliya kimi oyunçular hökumədən
məvacib almaqla yanaşı, "qanuni oğrular"dan pay alırdılar. Yəni
onlar da gürcü oyunçulara pul verirdilər. Hökumət 200-300 rubl
məvacib yazırdısa, bunlar 1000 rubl məbləğində futbolçulara "pul
kəsirdi".
- İtaliya mafiyasından isə xüsusi danışmaq olar.
Ümumiyyətlə, italyan "mafioz"ların transferlərə və ya oyunun
nəticələrinə müdaxilə etməsi haqda nə söyləyərdiz?
- Bəli, yadınızdadısa, 2006-cı ildə "Yuventus"u elitadan
kənarlaşdırdılar, çempionluğunu da əlindən aldılar. Bu, mafiyanın
işi idi. İtaliyada "Palermo" və "Kataniya" kimi komandaları da
ABŞ-da məskunlaşan Siciliya mafiyası tərəfindən idarə olunur.
- "Yaponçik"lə "Ded Xasan"ın futbola münasibəti necə
olub?
- "Yaponçik"in futbola yox, karate ilə samboya böyük marağı olub.
"Ded Xasan" isə ümumiyyətlə, idmandan uzaq adam idi. Onun
işi-peşəsi ancaq pul qazanmaq idi./Teleqraf.com/