“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən proses təxirə salınıb.
Buna səbəb şahidlərin məhkəməyə gəlməməsi olub.
Hakim bildirib ki, şahidlər İlkin Mehdiyev məhkəməyə zəng edib, xəstə olduğunu deyib: "Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə də məhkəməyə gələ bimədiyi üçün proses təxirə salınmalıdır. İkin Mehdiyev işdə ən önəmli şahidlərdən biridir".
Məhkəmənin növbəti iclası noyabrın 4-nə təyin edilib.
Qeyd edək ki, Ə.Kərimzadə 4 nəfər vətəndaşın ümumilikdə 60 min manatdan çox pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Daha sonra isə məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Ə.Kərimzadə onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində, Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti olaraq azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar. Məhkəmə hökm zamanı təqsirləndirilən şəxslərin dəymiş ziyanı ödəmələrini yüngülləşdirici hal kimi qiymətləndirib.
Ə.Kərimzadə Azərbaycanın tanınmış yazıçısı Fərman Kərimzadənin oğludur.