Nərgiz Paşayeva: "Onlar tək sizin övladlarınız deyil" (FOTO)

Nərgiz Paşayeva: "Onlar tək sizin övladlarınız deyil" (FOTO)
12:38 27 Oktyabr 2016
37 Ölkə
Ölkə mətbuatı
A- A+

İyirmi beş il əvvəl Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri Böyük Britaniya olub və bundan sonra ölkələrimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələr yaranmağa başlayıb.

Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən müntəzəm görüşlər və reallaşdırılan birgə ictimai layihələr əməkdaşlığın möhkəmləndirilməsinə kömək edib. Lakin Böyük Britaniya Azərbaycanda çox yaxşı tanınsa da, təəssüf ki, britaniyalılar Azərbaycan və onun qədim tarixi, irsi, milli adət-ənənələri, mədəniyyəti, elmi barədə hələ kifayət qədər məlumatlı deyillər. İngiltərə-Azərbaycan Cəmiyyəti Böyük Britaniyada yaradılmış ən uzunmüddətli fəaliyyət göstərən ictimai qurum kimi bu sahədəki boşluqları doldurmaq niyyəti ilə mütəmadi iş aparır.

Oktyabrın 19-da Böyük Britaniyanın Bakıdakı səfirliyində İngiltərə-Azərbaycan Cəmiyyətinin Azərbaycan tərəfdən həmsədri, professor Nərgiz Paşayeva və Cəmiyyətin Britaniya tərəfdən həmsədri, Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Mayk Germanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycanda yeni təyin olunmuş səfiri xanım Kerol Meri Krofts və digər rəsmi şəxslərlə görüşü keçirilib.

Görüşdə İngiltərə-Azərbaycan Cəmiyyəti haqqında səfirə geniş məlumat verilib və bildirilib ki, 1997-ci ildə yaradılmış bu Cəmiyyət Azərbaycan və Böyük Britaniya arasında mədəni, humanitar, xeyriyyə və digər bu kimi sahələrdə fəaliyyət göstərən təşkilatdır. İngiltərə-Azərbaycan Cəmiyyətinin əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir. Belə cəmiyyətlər müasir dünyada gündən-günə öz əhəmiyyətini artırır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin Bakıda həyata keçirdiyi layihələr, o cümlədən, Şağan və Saray qəsəbələrində yerləşən əqli və fiziki qüsurlu uşaqlar üçün internat məktəblərinə yardım göstərilməsi ilə bağlı oktyabrın 20-də keçirilmiş xeyriyyə tədbirinin son təşkilati məsələləri müzakirə edilib.

İngiltərə-Azərbaycan Cəmiyyətinin İcraiyyə Komitəsinin iclaslarından birində professor Nərgiz Paşayeva və Lord German Saray və Şağan qəsəbələrindəki internat məktəblərinin uşaqları üçün xeyriyyə tədbirinin keçirilməsi təşəbbüsü ilə çıxış ediblər. Bu təşəbbüs Cəmiyyətin bütün üzvləri tərəfindən dəstəklənib.

Lord German Bakıya budəfəki səfəri haqqında danışaraq deyib ki, gəlişinin əsas məqsədi xeyriyyə tədbirinə qatılmaq, internat məktəblərində olmaq, həmçinin Cəmiyyətin İcraiyyə Komitəsinin Bakıda keçiriləcək iclasında iştirak etməkdir.

Professor N.Paşayeva səfirə Oksford Universitetində yaradılmış Nizami Gəncəvi Elmi Mərkəzi və onun fəaliyyəti haqqında məlumat verərək bildirib ki, bu Mərkəz müstəqillik illərində ölkəmizin elm, təhsil sahəsində həyata keçirilən ən ciddi və davamlı beynəlxalq layihələrindən biridir.

Britaniyanın Bakıdakı səfiri xanım Krofts Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin fəaliyyəti və gördüyü işlər haqqında məlumatlı olduğunu dedi. O, Azərbaycanın tarixi və mədəni irsinin akademik beynəlxalq səviyyədə öyrənilməsi və geniş şəkildə tanınması üçün bu Mərkəzin müstəsna rolunu qeyd etdi və fəaliyyətini yüksək dəyərləndirdi. O, rəsmən qəbul edilmiş Oksford Universitetinin Nizami Gəncəvi Elmi Mərkəzinin fəaliyyətini bundan sonra da diqqətdə saxlayacağını vurğulayaraq, bu Mərkəzin gələcəkdə daha böyük işlər görəcəyinə əmin olduğunu dedi və professor N.Paşayevaya uğurlar arzuladı.

Sonra görüş iştirakçıları daha bir uğurlu başlanğıc və hadisə haqqında söhbət açdılar. Professor N.Paşayeva bu yaxınlarda yaradılmış və Britaniyada rəsmi qeydiyyatdan keçmiş Britaniya Fondu (The British Foundation for the Study of Azerbaijan and the Caucasus) haqqında danışaraq bu qurumun qarşısında böyük vəzifələrin qoyulduğunu, onun fəaliyyətinin uzunmüddətli və davamlı məqsədlərə xidmət edəcəyini bildirdi.

Səfir Kerol Meri Krofts İngiltərədə yeni yaradılmış “Britaniya Fondu”nun Azərbaycanı və Qafqaz bölgəsini hərtərəfli öyrənməkdə mühüm vasitəyə çevriləcəyinə ümidvar olduğunu söyləyib, humanitar sahədəki əlaqələrin yeni, daha yüksək səviyyəyə qaldırılmasında mühüm rolunu qeyd edib.

Səfirə məlumat verilib ki, Bakıdakı “Four Seasons” hotelində xeyriyyə gecəsi keçiriləcək və əldə olunan vəsait fiziki imkanları məhdud uşaqlara yardım məqsədilə UAFA (“Azərbaycana Birgə Yardım”) təşkilatına ayrılacaq. Hazırda UAFA aztəminatlı ailələrdən olan və əlilliyi olan uşaqların təhsilə, tibbi yardıma və digər xidmət növlərinə çıxış əldə etmələrinə kömək göstərən ən nüfuzlu xeyriyyə təşkilatlarından biridir.

Beləliklə, görüşün sonunda səfir Kerol Meri Krofts həmsədrlərə maraqlı söhbətə və aparılan fikir mübadiləsinə görə təşəkkür edərək deyib ki, Azərbaycanla Britaniya arasında əlaqələr genişlənib və artıq iyirmi ilə yaxındır ki, İngiltərə-Azərbaycan Cəmiyyəti kimi əhəmiyyətli bir qurum fəaliyyət göstərir. Səfir İngiltərə-Azərbaycan Cəmiyyətinin gördüyü işləri yüksək dəyərləndirib və səmərəli əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Cari ilin mayında professor Nərgiz Paşayeva Şağan qəsəbəsində fiziki və əqli imkanları məhdud uşaqlar üçün internat məktəbində olub, Azərbaycanda belə uşaqlar və onların reabilitasiyası üçün xeyriyyə aksiyaları keçirən UAFA-nın işi ilə yaxından maraqlanıb.

Oktyabrın 20-də İngiltərə-Azərbaycan Cəmiyyətinin keçirdiyi, görkəmli elm və ictimai xadimlərin, mədəniyyət və incəsənət nümayəndələrinin, iş adamları və əcnəbi qonaqların iştirak etdikləri xeyriyyə gecəsi məhz həmin işin davamıdır.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədrlərinin təşəbbüsü ilə gecədə toplanan vəsait və xeyriyyə lotereyasından əldə olunan məbləğ Şağan və Saray qəsəbələrindəki uşaq evlərində yaşayan, fiziki və əqli imkanları məhdud uşaqlara yardım göstərilməsi üçün UAFA təşkilatına təqdim olunacaq.

Gecənin əsas leytmotivi ondan ibarət olub ki, xeyirxahlıq daima insan qəlbinin genişliyini səciyyələndirir və dünyanı məhz bu yüksək keyfiyyət xilas edəcək.

XVII-XVIII əsrlərin görkəmli ingilis filosofu və yazıçısı Bernard Mandevil deyib: “Mərhəmət və xeyriyyəçilik elə bir fəzilətdir ki, onun sayəsində özümüzə qarşı hiss etdiyimiz sevgi bizimlə dostluq və qohumluq əlaqələri olmayan, qarşısında heç bir öhdəliyimizin olmadığı, onlardan heç bir fayda və xeyir gözləmədiyimiz, hətta bizə tamamilə yad olan insanlara keçir”.

Gecənin açılışında İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayeva bu xeyriyyə aksiyasının keçirilməsinin əhəmiyyətini qeyd edib: "Bura gəldiyinizə görə sizə öz dərin minnətdarlığımızı bildirmək istəyirik. Bu gün bura toplaşmağımızın səbəbi hamımıza bəllidir. Əslində biz bu salona toplaşmamışıq, biz bu gün öz mərhəmətimizin astanasına toplaşmışıq.

Burada əyləşənlərin əksəriyyəti valideynlərdir. Mən XX əsrin böyük yazıçısı Cübran Xəlil Cübranın sözlərini sizə xatırlatmaq istərdim. O özünün "Peyğəmbər" əsərində valideynlərə xitabən yazır ki, düşünməyin ki, siz uşaqlarınızın həyata gəlişinin səbəbisiniz. Siz sadəcə olaraq uşaqlarınızın həyata gəlməsinin bir vasitəsisiniz. Siz onlara öz məhəbbətinizi verə bilərsiniz, onlar qəbul edərlər, amma öz fikirlərinizi, düşüncələrinizi verə bilməzsiniz. Onların öz düşüncə və fikir aləmləri var. Siz onların bədənlərinə sığınacaq, isti rahat yer verə bilərsiniz, amma onların ruhlarına yox. Çünki onların ruhları həmişə azad olacaq, heç bir evə sığışmayacaq. Siz onları özünüzə oxşatmağa çalışmayın, əksinə, özünüz onlardan öyrənin, buna can atın. Axı həyat geriyə axmır və dünəndə ləngimir. Siz bir yaysınız ki, uşaqlarınız canlı oxlar təki sizdən irəliyə atılmışlar. Çünki onlar tək sizin övladlarınız deyil, onlar Həyatın, varlığın qızları və oğullarıdırlar. Bunları unutmayın.

Bəli, bu günün səbəbkarları uşaqlarımızdır, hamımızın uşaqlarıdır. Onların gözlərində bir işıq var. Onların aləmləri bəlkə də bizimkindən də gözəl və mükəmməldir. Onların çiyinlərində bir cüt qanad var, onlar mələkdirlər və onlar bizim kimi, böyüklər kimi heç vaxt bu qanadları qatlayıb hər hansı bir qapıya girmək üçün öz prinsiplərini satmırlar. Bizim isə əllərimiz ipək olursa, urəklərimiz də ipəkdən olmalıdır. Bizim əllərimiz ipəkdən, qəlbimiz isə dəmirdən olarsa, bu, yalan olar, doğru düzgün olmaz. Bugünkü gecə uşaqlara həsr olunur, onların şərəfinə keçirilir, onlara ithaf olunur. Mən hər kəsə bir daha təşəkkür edirəm. Bütün sponsorlara böyük təşəkkürümü bildirirəm. Mənim həmkarıma, Lord Germana öz böyük təşəkkürümü bildirirəm ki, iki günlüyə İngiltərədən bura gəlib. Və o, bura uşaqlara baş çəkmək üçün gəlib.

Yaradan hamımıza ömür verib və hər bir ömür yaşanır, tamamlandıqda isə ötürülür. Kimə ötürülür? Əlbəttə, uşaqlara. Çünki onlar ümiddirlər, sabahdırlar, davamçılardırlar. Biz Allahdan onlara bir nicat diləyirik, bəndədən isə mərhəmətli və diqqətli olmağı arzu edirik. Qoy uşaqlar hər zaman yaranan problemlərinin çarəsini məhz ləyaqətli insanların dəstəyində görsünlər”.

Lord German bu gözəl və təsiredici çıxışın onun ürəyinə yol açdığını bildirdi: “Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən gözəl diyardır və bizim mədəniyyətlərimizə xas olan xüsusiyyətlər öz əksini bu gözəl mədəniyyətdə tapıb. Şübhəsiz ki, mənim üçün Nərgiz xanım Paşayeva kimi həmsədrin olduğu İngiltərə-Azərbaycan Cəmiyyəti çərçivəsində həyata keçirilən birgə layihələr üzərində çalışmaq böyük şərəfdir. Çünki tərəfimizdən göstərilən birgə səylər Azərbaycanda, eləcə də Böyük Britaniyada yeni ideyaların formalaşmasına, sözün həqiqi mənasında, bu ölkələrdə vətəndaş cəmiyyətinin yaradılmasına xidmət edən missiyadır. Əgər siz də bizim baxışlarımızı bölüşürsünüzsə, bu təşəbbüslərə qoşulmağınızı, Azərbaycanda və Böyük Britaniyada görülən işlərə kömək göstərməyinizi xahiş edirəm”.

Daha sonra xeyriyyə tədbirində UAFA-nın Azərbaycandakı fəaliyyəti ilə bağlı film nümayiş etdirilib. Təşkilatın rəhbəri Qven Börçel xeyriyyə işinə göstərdiyi hərtərəfli köməyə görə İngiltərə-Azərbaycan Cəmiyyətinə səmimi minnətdarlığını bildirib: “Dünyada məhdud imkanlı uşaqlar var, onlar həssasdırlar və xüsusi diqqətə, qayğıya ehtiyacları var. Əgər uşaq müəssisədə böyüyürsə, o, xarici aləmdən təcrid olunur. Amma əgər o, ailədə böyüyürsə, onun həyatda daha böyük imkanları olur. Bizim imtiyazlarımız, yaxşı uşaqlığımız, yaxşı təhsilimiz və bizi dəstəkləyən ailəmiz var və bu bizə həyatda uğur qazanmaq imkanı verir. Lakin biz əlillikdən və ya digər sosial problemlərdən sığortalanmamışıq. Hətta bu problemlər bizə bilavasitə təsir etməsə də, şübhəsiz ki, dolayısı ilə təsir göstərir. Bu gün biz iqtisadi tənəzzül dövrünü yaşayırıq, bu gün dünya iqtisadi böhran yaşayır. Bəzi insanlar deyirlər: “Bu mənim məsuliyyətim deyil və bu vəziyyətdə mən yalnız öz ailəmin qayğısına qalmalıyam”. Lakin insan qəlbinin böyüklüyü həm də ondan ibarətdir ki, ən çətin məqamlarda bu məsuliyyəti öz üzərinə götürsün və dəstək göstərənlərlə bu dəstəyə ehtiyacı olanlar arasında körpü olsun”.

Beləliklə, gecə başa çatıb və qonaqların İngiltərə-Azərbaycan Cəmiyyətinin xeyriyyə aksiyasını necə ruh yüksəkliyi ilə dəstəklədiyini görəndə yenidən şəfqət və xeyriyyəçiliyin dünyanı xilas edəcəyi, uşaqlara yaşamaq, yaratmaq, sevinmək və ən başlıcası, yaradılan bu mərhəmət məkanında mələklər kimi qanad çalmaq üçün mənəvi qanad bəxş etdiyi qənaətinə gəlirsən.

Başlanmış missiyanın davamı olaraq, oktyabrın 21-də İngiltərə-Azərbaycan Cəmiyyətinin Böyük Britaniya tərəfdən həmsədri Lord German Şağan və Maştağa qəsəbələrindəki uşaq müəssisələrinə baş çəkib, burada fiziki və əqli imkanları məhdud uşaqların yaşayış şəraiti ilə tanış olub. Xüsusi ehtiyacı olan uşaqlara ixtisaslaşdırılmış xidmət göstərilməsi üçün UAFA-nın bu müəssisələrdə həyata keçirdiyi layihələr barədə qonağa məlumat verilib.

Bu tədbirdən bir gün əvvəl “Four Seasons" hotelində İngiltərə-Azərbaycan Cəmiyyəti İcraiyyə Komitəsinin həmsədrlər professor Nərgiz Paşayeva və Lord Germanın iştirakı ilə 105-ci iclası keçirilib.

Görüşdə Cəmiyyətin fəaliyyəti və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb. Son iclasın protokolu təqdim olunub, Tibb və Təhsil komitələrinin hesabatları dinlənilib, yeni layihələrin reallaşdırılması və Cəmiyyətin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni təşkilatların üzvlüyə qəbul edilməsi üçün Bakıda yeni vəsaitlərin cəlb olunması ilə bağlı məsələlər müzakirə edilib.

Professor Nərgiz Paşayeva tədbir iştirakçılarını salamlayıb, Cəmiyyətin işində fəal iştirak edən və onun fəaliyyətinə kömək göstərən hər kəsə təşəkkürünü çatdıraraq bildirib ki, mədəniyyət, təhsil, xeyriyyəçilik sahələrində bir sıra layihələr çox uğurla həyata keçirilib. İndiki mərhələdə Cəmiyyətin fəaliyyətinin əsas istiqamətləri İngiltərənin sıravi vətəndaşları arasında Azərbaycanın təbliği, yüksək mədəni, humanitar və elmi dəyərlər daşıyıcısı kimi ölkənin istedadlı şəxslərinin aşkara çıxarılaraq dəstəklənməsi vasitəsilə populyarlaşdırılmasıdır. Beləliklə, hər iki ölkənin vətəndaşları arasında əlaqələr daha da davamlı olacaq.

İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri qeyd edib ki, əgər əvvəllər ölkənin populyarlaşdırılması üçün böyük tədbirlər keçirilirdisə, indi əsas məqsəd istedadlı və dəyərli insanları, maraqlı şəxsləri üzə çıxararaq onları dəstəkləməkdən ibarət olmalıdır və bu, olduqca yaxşı nəticələr verə bilər. O deyib: “Azərbaycanda İngiltərəni yaxşı tanıyırlar, lakin orada, təəssüf ki, Azərbaycan barədə çox az bilirlər. Bu missiyanı daşıdığıma görə, zənnimcə, əsas məqsədimiz məhz dəyərli, cəmiyyətdə həqiqi nüfuza və hörmətə malik insanların iştirakı ilə tədbirlər təşkil etməkdən ibarətdir. Onların köməyi ilə Azərbaycanı Böyük Britaniyada təqdim etmək, ölkənin nüfuzunu artırmaq mümkün olacaq. Belə tədbirlər, misal üçün, Lord Germanın parlamentdə dəyərli insanların, musiqiçilərin, rektorların, elm adamlarının, BBC əməkdaşlarının iştirakı ilə təşkil etdiyi görüşlərə bənzəsə, daha əhəmiyyətli olacaq. Belə format və məzmun iri tədbirlərə hansısa resursları göndərməyimizdən daha səmərəli olacaq. Britaniyada Azərbaycanı əsasən BP şirkətinin fəaliyyətinə görə tanıyırlar, lakin çox təəssüf ki, məlumat yalnız bununla məhdudlaşır. Azərbaycanın müstəqillik illərində İngiltərədə 5000-dən artıq, son illərdə isə 1500 azərbaycanlı tələbənin təhsil almasına baxmayaraq, təəssüf ki, onların uzunmüddətli humanitar, kooperativ və biznes əlaqələri yoxdur. Məlumdur ki, ən davamlı və səmərəli əlaqələr akademik əlaqələrdir, səmimi ünsiyyət səviyyəsidir və əlbəttə ki, mədəni əlaqələrdir. Mənə elə gəlir ki, indiki mərhələdə Cəmiyyətimizin funksiyası Azərbaycanın Böyük Britaniyada daha da geniş öyrənilməsi üçün məhz belə amillərə böyük diqqət yetirməkdən ibarətdir. Maraqlı tarixi mövzular insanları bir-birinə bağlayır. Britaniya elmi dünyada öz araşdırmaları, kəşfləri ilə tanınır və bu baxımdan biz oxunmamış kitabıq”.

Həmçinin Cəmiyyətin həmsədri deyib ki, Böyük Britaniyada Azərbaycan haqqında danışanda, ilk növbədə, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu və ya caz ifaçısı Əzizə Mustafazadəni böyük ehtiramla qeyd edirlər: “Elm, mədəniyyət, incəsənət və digər sahələrdə belə adlar çox olmalıdır. Azərbaycanlı tələbələrin Böyük Britaniyada hansı ixtisaslar üzrə təhsil aldıqlarını təhlil etsək görərik ki, onların yalnız az bir qismi fundamental elmlərə, məsələn, riyaziyyat və ya kimyaya üstünlük verir. Onlar əsasən maliyyə sahəsini seçirlər. Niyə? Çünki fundamental elmləri öyrənmək elə də asan deyil. Bax belə tələbələri dəstəkləməliyik, onlar orada qalsalar, inkişaf etsələr, özlərini elmə həsr etsələr, yaxşı alim olacaqlar və ölkələrinə şöhrət qazandıracaqlar. Ümümiyyətlə, dəyərli, istedadlı, çalışqan insaları aşkara çıxarmaq, dəstəkləmək və təbliğ etmək lazımdır. Cəmiyyətdə yüksək nüfuza və reputasiyaya malik insanların, alimlərin, elm xadimlərinin olması önümüzdəki qapıları açacaq. Buna nail ola bilsək, bu, Azərbaycanın populyarlaşdırılması işində böyük uğur olacaq”.

Lord German qeyd edib ki, onun üçün Böyük Britaniya ilə Azərbaycan arasındakı dostluq çox vacibdir. O, İngiltərə-Azərbaycan Cəmiyyətinin planlaşdırdığı layihələri uğurla yerinə yetirdiyini və gələcək layihələrin perspektivlərinin heç bir şübhə doğurmadığını bildirib.

Görüşdən sonra İcraiyyə Komitəsinin üzvləri “Four Seasons” hotelində keçirilən xeyriyyə gecəsinin sponsorları ilə görüşüblər. Qonaqlar arasında BP, RSL, “Topaz Marine”, “Bos Shelf”, “Worsley Parsons”, “Retro Holding” “Ace Forwarding SGG” və “British Bizness Group” şirkətlərinin rəhbərləri və nümayəndələri olub. (trend)


























Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/173720.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR