Odriqo Maya: "Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"

Odriqo Maya: "Braziliya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
18:47 31 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 31 oktyabr. REPORT.AZ/ Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə rəsmi səfərdə olan Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Mayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, parlament sədri qonağı səmimi salamlayaraq, onun ölkəsinin Deputatlar Palatasının sədri kimi Azərbaycana ilk səfərinin dövlətlərarası və parlamentlərarası münasibətlərimizdə yeni imkanlar açacağına inamını ifadə edib. O bildirib ki, Azərbaycanla Braziliya arasında müxtəlif səviyyəli dialoq və əməkdaşlıq əlaqələri mövcuddur: "Biz Latın Amerikası dövlətləri ilə daha sıx əlaqələrin qurulmasında Braziliyanın dəstəyində maraqlıyıq. BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə söykənmiş münasibətlərimizin inkişafı üçün yaxşı imkanlar var. Biz siyasi dialoqun daha da dərinləşməsinin iqtisadi əlaqələrimizə müsbət təsir göstərəcəyinə inanırıq. Münasibətlərimizdə iqtisadi fəallığı artırmaq üçün Hökumətlərarası Komissiyanın yaradılmasına və biznes-forumların keçirilməsinə ehtiyac var. 2015-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 120 milyon ABŞ dollarına yaxın olub. Bu ilin təkcə 9 ayı ərzində isə bu göstərici 150 milyona çatıb. Buna baxmayaraq, biz iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindəyik. Parlamentlər səviyyəsində əlaqələrimizin dərinləşməsində hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. Zənnimizcə, deputatların qarşılıqlı səfərləri və görüşləri bu sahədə əməkdaşlığımızı yeni mərhələyə qaldırmaq üçün əhəmiyyətli vasitə ola bilər."
Söhbətdə Dağlıq Qarabağ problemindən söz açan O.Əsədov problemin dinamik inkişaf edən Azərbaycan ictimaiyyətini narahat edən bir nömrəli məsələ olduğunu vurğulayıb. Spiker Braziliyanın ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsini yüksək dəyərləndirib.
Görüşdə vurğulanıb ki, Rodriqo Maya hələ 2013-cü ildə Parlamentdə komitə sədri olduğu vaxt onun təşəbbüsü ilə qəbul olunmuş sənəddə erməni işğalını ifşa edən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəndlər öz əksini tapıb. Sədr daha sonra deyib ki, siz və atanız, görkəmli ictimai-siyasi xadim Sezar Maya Azərbaycanın dostu kimi həmişə bu məsələdə prinsipial və obyektiv mövqe tutub, bu ilin aprel ayında cəbhə xəttində Ermənistanın işğalçı hərəkətlərini pisləyən və Azərbaycanın mövqeyini müdafiə edən bəyanatla çıxış edibsiniz. Buna görə Sizə öz minnətdarlığımı bildirirəm. Ümid edirik ki, yaxın gələcəkdə Braziliya Milli Konqresinin Senatında və Deputatlar Palatasında erməni işğalını qınayan və bu hərəkətlərə layiqli qiymət verən sənədlər qəbul ediləcəkdir.
O.Əsədov 2016-cı ilin martında Braziliyanın Rio de Janeyro şəhərində Azərbaycan Respublikasının adını daşıyan yeni inşa edilmiş bələdiyyə məktəbinin açılmasında qonağın dəstəyini yüksək qiymətləndirib. O bildirib ki, ölkələrimiz arasında mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsində onun böyük rolu olub: "Ötən ilin yanvarında Rio de Janeyro şəhərində Bakı ilə bu şəhər arasında əməkdaşlıq haqqında protokolun imzalanmasını biz yüksək qiymətləndiririk. İnanırıq ki, həyatın bütün sahələrində əlaqələrimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək."
Səmimi qəbul üçün minnətdarlığını bildirən Braziliya Federativ Respublikası Milli Konqresinin Deputatlar Palatasının Sədri Rodriqo Maya ölkəmizə səfərindən və burada gördüklərindən məmnun qaldığını söyləyib və deyib ki, səfərdən əsas məqsəd dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrini gücləndirmək üçün fikir mübadiləsi aparmaqdır. Ölkələrimiz arasında neft, qaz, turizm, iqtisadiyyatın digər sahələrində əməkdaşlığı dərinləşdirmək üçün geniş imkanlar var: "Braziliya Dağlıq Qarabağ probleminin həllində münaqişənin çözülməsi üçün BMT-nin qətnamələrində öz əksini tapmış müddəaların yerinə yetirilməsini önəmli hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir."
Qonaq vurğulayıb ki, ölkəsi Qafqazın bu bölgəsinə böyük maraq göstərir və gələcəkdə parlamentlərarası, iqtisadi, mədəni, humanitar sahələrdə münasibətləri dərinləşdirmək üçün lazımi addımlar atmaq niyyətindədir.
Görüşün sonunda O.Əsədov bildirib ki, bu il fevralın 28-də Azərbaycan Respublikası ilə Braziliya Federativ Respublikası arasında dostluq əlaqələrinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Braziliya Federativ Respublikası Milli Konqresi Deputatlar Palatasının Sədri cənab Rodriqo Maya Fəxri diplomla təltif olunub.
Sonra Sədr Fəxri diplomu qonağa təqdim edib.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, Sədr müavinləri Bahar Muradova, Valeh Ələsgərov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov, Braziliyanın Azərbaycandakı səfiri Santiaqo Alkazar və digər rəsmi şəxslər iştirak ediblər.

Xəbərin orijinal ünvanı: http://report.az/xarici-siyaset/odriqo-maya-braziliya-azerbaycanin-erazi-butovluyunu-destekleyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR