Elxan Məmmədov: "Bu məğlubiyyət bizi reallığa endirdi"

Elxan Məmmədov: "Bu məğlubiyyət bizi reallığa endirdi"
00:32 13 Noyabr 2016
97 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 13 noyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Şimali İrlandiya – Azərbaycan matçından sonra brifinq keçirib. E.Məmmədov "Report"un Belfasta ezam olunmuş əməkdaşının suallarını da cavablandırıb.
- Millimiz cari seçmə mərhələdə bu il son matçını keçirdi. Həm Şimali İrlandiya ilə səfər oyunu, həm də nəticə ilə bağlı ümumi təəssüratlarınızı öyrənmək istərdik…
- Bu, seçmə mərhələdə 4-cü matçımız idi və 1-də uduzmaq da olar. Bu, futboldur, hər oyunda xal qazanmaq demək olar ki, mümkün deyil. Lakin bu hesabla uduzmaq hər birimizi, azarkeşlərimizi, komandamızı, futbolsevərlərimizi reallığa endirdi. Artıq onu göstərdi ki, böyük arzuya çatmaq üçün hər oyuna çox ciddi hazırlaşmaq lazımdır. Qoyduğumuz hədəfləri nəzərə alaraq, meydanda hər dəqiqə, hər an çox vacibdir. Əvvəlki oyunlarda yaxşı nəticə göstərməyimizə baxmayaraq, komanda hər an çox məsuliyyətli idi. Amma bu dəfə baş məşqçi də qeyd etdi ki, bəzi anlarda oyuna bir az diqqətsiz yanaşdıq. Təbii ki, rəqib komanda fürsəti əldən buraxmayaraq fərqləndi. Düsünürəm ki, hər mənfi nəticədən müsbət nəticə çıxartmaq lazımdır. Bu, komandaya dərs olmalıdır ki, böyük hədəfləri qoyanda artıq hər saniyəyə çox ciddi yanaşmalıdır.
- Oyundan sonra komandaya və ya baş məşqçi Robert Prosineçkiyə, məşqçilər heyətinə bununla əlaqədar narazılığınızı bildirdinizmi?
- Müzakirəmiz oldu. Uzun yol getdik və fikir mübadiəsi apardıq. Bəzi futbolçularla fərdi müzakirələr oldu. Təbii ki, baş məşqçi ilə gün ərzində bir neçə dəfə müzakirələr apardıq. Lakin oyunun təhlili daha sonra olacaq. Gördüm ki, Prosineçki artıq oyunun videoyazılarına, əsas anlarına baxır. Baş məşqçimiz komandanın əsas səhvlərini başa düşür. Artıq indidən növbəti matçlara tapşırıqlarını verəcək. Təbii ki, xal qazandığımız matçlarda olduğu kimi, xal itirdiyimiz qarşılaşma haqda da müzakirəmiz olacaq.
- Sizcə, Almaniya ilə qarşıdakı oyunun daha çox futbolçuları yoxlama xarakteri daşıması düzgün olmazmı? Çünki bu rəqibdən xal götürmək demək olar mümkün deyil…
- Unutmayaq ki, bu seçmə mərhələdə Almaniyadan başqa hər rəqiblə oynamışıq. Ona görə əminəm ki, baş məşqçi hər komandanın təhlilini apararaq, onları növbəti qarşılaşmalara hazırlayacaq. Ola bilər ki, Prosineçki heyəti artıq 90 faiz bilir. Təbii ki, zədə olmasa. Əlbəttə, Almaniya ilə oyunda vəziyyəti başa düşürük. Reallığı anlamıyıq ki, bu komanda ilə görüşlərdə xal qazanmaq demək olar qeyri-mümkündür. Qrupumuzda heç kim ondan xal ala bilməyib. Təəssüf ki, Almaniya xal itirmir. Əminəm ki, ondan xal almağı hər birimiz istərdik. Ancaq heyətlə bağlı məsələ artıq baş məşqçinin qərarıdır. O mənada ki, Prosineçki Almaniya ilə qarşılaşmaya yoxlama matçı kimi baxmaq, yoxsa mübarizə istəyir? Onu da unutmayaq ki, evdə oynayacağıq.
- "Niyə də yox” şüarı qüvvəsində qalır?
- Təbii ki. Hazırda qrupda 3-cü yerdə olmağımıza baxmayaraq 7 xalımız var və ən əsası, Şimali İrlandiya ilə eyni xala malikik. Onu da unutmayaq ki, 6 oyunumuz qalıb. Bunlardan 2-si Almaniya ilədir və onlara qarşı oynayıb xal almaq çətin olacaq. Digər 4 oyundan 3-nü evdə keçirəcəyik. Bu, fürsətdir və əlimizdən buraxmamalıyıq. Əsas odur ki, komanda məsuliyyəti anlayır və bu, böyük şansdır.
- Prosineçkinin öz klublarında oynamayan futbolçulara start heyətdə yer verməsi sizi narahat etmir: Onlara oynaya biləcəkləri klubları tövsiyə edə bilərdiniz?
- Bəlkə bu, bir mesajdır ki, baş məşqçi həmin oyunçulara güvənir və əsas heyətdə meydana buraxır. Onlar öz klublarında əsas heyətdə yer ala bilmirlər, çünki rəqabət çox yüksəkdir. Ancaq fərdi baxsaq, oyunçu kimi səviyyələri az deyil. Bunu da unutmayaq.
- Cari seçmə mərhələyə AVRO-2020-yə hazırlıq kimi baxmaq düzgün olmazmı?
- Əslində, biz bunu etmişdik. Cari seçmə mərhələyə 4 il sonrakı böyük yarışa hazırlıq məqsədi ilə yanaşdıq. Bu olsa belə hədəflər həmişə var. Bu da milli komandanın qrupda mübarizəni yüksək yerlərdən birində bitirməsidir. Ancaq 4 oyundan sonra görsənir ki, mübarizəni çox yüksəkdə başa vura bilərik. Niyə də yox?!
- Almaniya ilə oyuna 4 ay var. Bu müddətdə yoldaşlıq görüşləri keçirmək nəzərdə tutulubmi?
- Minimum 1 oyun olacaq. Bu, yəqin ki, fevralda olacaq. Çünki FİFA-nın beynəlxalq oyunlar üçün "pəncərə”si həmin vaxta düşür.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/elxan-memmedov-bu-meglubiyyet-bizi-realliga-endirdi-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR