Arif oldur kim...

Arif oldur kim...
19:17 19 Noyabr 2016
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Bizdə "mərifət" deyəndə adamın ağlına əxlaq, doğru-düzgün davranış gəlir. Halbuki bu söz əxlaq, davranış anlayışından əvvəl o əxlaqı, o davranışı formalaşdıran əqidəni, inamı, bilgini, məlumatı, həqiqəti ifadə edir. "Tərif" sözü də "mərifət"lə eyni kökdən gəlir və bizdə işlədildiyi kimi "mədh etmək, öymək" mənasında deyil, bildiyini çatdırmaq, paylaşmaq, tanıtmaq anlamındadır. Eyni kökdən olan "arif" isə "mərifət"i bilən və bildiyini də başqalarına "tərif" edəndir, bildirəndir, izah edəndir. Klassik ədəbiyyatda "mərifət" Allah-Taalanı tanımaq, "arif" isə Allah-Taalanın xüsusi mərhəməti ilə bir səviyyəyə yüksəlmiş, yəni Allah-Taalanı Onun gözəl adları (Əsma ül-Hüsna) ilə tanıyan müsəlman mənasında işlədilmişdir. Təssüf ki, zaman keçdikcə dilimizdə sözlər öz ilkin mənalarından yayınaraq tamam fərqli anlamlar ifadə edir. Sözün öz mənasını itirərək başqa anlam daşıması düşüncədə, təfəkkürdə öz acı nəticəsini mütləq göstərməlidir, necə ki, göstərir də.
***
Milli.Az yeniavaz.az-a istinadən bildirir ki, "Mərifət" sözünün mənasındakı dəyişiklik əslində o qədər də ağrıdıcı deyil, çünki istiqamət dəyişmir. Sadəcə biz bu sözlə ana mənanı deyil, onun törəməsini qavrayırıq. "Mərifətli adam" dedikdə ilk növbədə Allahını tanıyan, Onun əmr və buyruqlarını qəbul edən, "Onun əmri olan yerdə fikir yürütmək ədəbsizlikdir" düşüncəsi ilə təslimiyyət bayrağı altına girən, ikinci mərhələdə isə həyatını bu əmrlər üzərində quran, aldığı hər nəfəsdə, atdığı hər addımda Allah-Taalanın istəyini düşünən və Onun rizasını qazanmaqdan başqa bir niyyəti, amalı olmayan müsəlman nəzərdə tutulmalıdır.
***
"Mərifətullah elmi" İslam terminologiyasında ən çox işlənən ifadələrdəndir. Mənası da "Allahı tanımaq elmi"dir. Bildirilir ki, dünyada bircə elm var: Mərifətullah. Bütün digər elmlər isə bu elmin qollarıdır. Riyaziyyat da, fizika da, kimya da, həndəsə də, biologiya da.., bütün elmlər eyni istiqamətdə inkişaf edən və eyni məqsədə xidmət edən sahələrdir. Bütün elmlər "Mərifətullah"da birləşir. Bütün elmlər nəticə etibarı ilə "La İlahə İlləllah" həqiqətinin isbatına xidmət edir. "Mərifətullah"a qovuşmayan elm doğru istiqamətdə deyil, şeytanın xidmətindədir, insanın meymundan əmələ gəlməsi kimi bir iftiranı əldə bayraq edən səfeh bir uydurmadan başqa bir şey deyil.
***
Hər kəsin həyatı sahib olduğu mərifətlə tənzimlənir. Kim Allahını necə tanıyırsa, öz həyatını da elə o bilgisinə, elminə uyğun şəkilləndirir. "Mən Allahımı tanıyıram" dediyi halda Onun əmrlərini yerinə yetirməyən, yəni doğru-düzgün olmayan, yalanı tərgitməyən, qeybətdən uzaq durmayan, xeyirdə əli olmayan, namaza, oruca yaxınlaşmayan birisi bizə görə, heç də səmimi deyil. Çünki tanıyanın sevməməsi, sevənin Ona qul, kölə olmaması mümkün deyil.
***
Təriqət var, şəriət var. Şəriət "olar-olmaz"larla tənzimlənir. Yəni alimlər nəyin halal, nəyin haram, nəyin doğru, nəyin yanlış olmasına qərar verərlər. Bu qərarlar bütün müsəlmanlar üçün qanun hökmündədir. Təriqət isə şəriət çərçivəsində fədakərlıqlarla yaşanan bir həyat, seçilən bir yoldur. Təriqət əhli olanlar şəriətin halal buyurduğu bir çox haqqdan, səlahiyyətdən fədakarlıq anlamında imtina edərlər. Bu mənada təriqət bəndəni Allaha yaxınlaşdıran qısa yol kimi də anlaşılır. Bir məsələ də var ki, şəriət bütün müsəlmanlar üçün ana qanun hökmündə olduğu halda, təriqət könüllü seçimdir, məcburiyyət deyil. Fəlakət- təriqətdən çıxmaq deyil, şəriətdən çıxmaqdır.
***
İbrahim Ədhəm hökmdar idi və bir gecə baxıb gördü ki, qarşıdakı evin damında bir qaraltı dolaşır. Çağırıb soruşdu ki, ay adam kimsən, orada nə axtarırsan? Cavab gəldi ki, dəvəm itib, onu axtarıram. İbrahim Ədhəm təəccübləndi: "Ay adam, sən dəlisən-nəsən, damda da dəvə axtararlarmı?" Adam da elə bil ki, bu sözə bənd imiş: "Sən İbrahim Ədhəm ipək yorğan-döşəkdə Allah rizası axtaranda dəlilik olmur, mən itmiş dəvəmi damda axtaranda dəlilik olur?" Söz hədəfə dəymişdi. O gündən İbrahim Ədhəmi bir də taxt- tacda, ipək yorğan-döşəkdə görən olmadı.
***
Bilal Həbəşi Rəsulullahın Haqq dünyasına köç etməsindən sonra Mədinəni tərk edib getdi və həyatının sonlarına yaxın İmam Hüseynin xahişi ilə bircə dəfə bu peyğəmbər şəhərinin səmalarını yanıqlı əzan səsi ilə inlədəndə camaat təəccüblə bayıra atıldı: Yoxsa Rəsulullah ölməyib?!
Əhməd Yəsəvi 63 yaşından sonra hər gecəni qazdığı məzarda keçirdi və soruşanlara da dedi ki, Rəsulullahın 63 yaşdan sonra yatmadığı bu yer üzündə yatıb dincəlməyi özünə haram buyurub.
Bir mömin Peyğəmbərimizin hədislərindən söhbət açmışdı. Söhbət bitər-bitməz "məni 3 dəfə əqrəb sancdı"- dedi. Zəhərdən tuluqlamış ayağına baxıb: "Niyə o andaca xəbər vermədin?"- soruşdular. "Peyğəmbərimizin sözünü danışırdım, Peyğəmbərimizin sözünü kəsmək mənim üçün ədəbsizlikdir, lap canım bahasına olsa belə"- cavabını verdi.
Birisi ağlı kəsəndən bəri yatarkən Məkkə istiqamətinə ayaqlarını uzatmadı, bir başqası sağına və önünə tüpürmədi, bir digəri isə nə zaman olursa-olsun Allah adını eşidən kimi sıçrayıb yerindən qalxdı.
İmam Zeynəlabidin Mədinə yetimlərinin qapısına gecələr gizli-gizli ərzaq torbaları daşıyıb qoydu, İmam Hüseyn "Mən bu yolda başımdan keçməsəm, sonradan gələnlərdən kimsə bu yolu tutmaz"- dedi və Kərbəla çöllərini öz rənginə boyadı.
***
Örnəklər bir deyil ki, beş deyil ki... Hələ peyğəmbərlər mövzusunu açmadıq. Hələ Allah buyurduğu üçün ciyərparası İsmayılın başına bıçaq çəkən o möhtəşəm Dostdan, həzrəti-İbrahimdən danışmadıq. Çölün ortasında gəmi düzəldən Nuh peyğəmbərdən söz açmadıq, Haqq yolunda başından keçən ata-oğul peyğəmbərlərdən, Zəkəriyyədən, Yəhyadan bəhs etmədik... İstər peyğəmbər olsun, istər sıradan birisi, Allahını tanıyan, Ona təslim olan, həyatını Onun əmrləri istiqamətində qura bilən hər kəs səadət yolunun yolçusudur.
***
Füzuli deyir:
Arif oldur kim, qılır canın fəda cananına,
Meyli-canan etməsin, hər kim ki, qıymaz canına.
Şair "canan" deyəndə, əlbəttə, Allah-Taalanı nəzərdə tutur. Yəni Allahını tanıyan, həqiqəti bilən adam can əmanətini Allah yolunda fəda eləmlidir. Hər kim ki, canan üçün canını fəda eləyə bilmir, canana tərəf meyl eləməsin, "mən onu elə sevirəm, belə sevirəm" deyib yalan söyləməsin. Şairə görə, insanın kamilliyini bildirən meyar, ölçü canı canana, yəni Allaha fəad edə bilməkdir, yəni həyatı öz istədiyin kimi deyil, Yaradanın istədiyi kimi yaşamaqdır.
***
Kim Allah-Taalanı necə tanıyarsa, Allah-Taala da onunla onun bildiyi kimi davranar. Bunu biz söyləmirik, Allah-Taala özü müjdələyir. Üstəlik onu da bildirir ki, Onun mərhəməti qəzəbini keçib. Onu da bildirir ki, bir bəndəsi ədəbinə uyğun şəkildə dua edərək bir şey istəsə, onun istədiyini verməməkdən həya edər. Müjdələr o qədər çoxdur ki... Hamısı da ümid dolu. Allaha təslimiyyət duyğusu nə zamansa sanki insana bir az da nazlanmaq duyğusu verir. Bir mömin bəlkə də elə bu nazlanma duyğusu ilə belə söyləyib. "Ey Allahım, sənin mərhəmətin o qədər sonsuz, o qədər böyükdür ki, anlatsam, bəndələrindən kimsə sənə ibadət etməz; Sənin qəzəbin o qədər ağırdır ki, anlatsam, bəndələrindən kimsə alnını səcdədən qaldırmaz".
***
Zahirən kimlərəsə qəribə görünə bilər, amma siz bu həqiqətə fikir verin: Allah-Taalaya ən yaxın bəndələr peyğəmbərlərdir, Allah-Taaladan ən çox qorxan da peyğəmbərlərdir, Allah-Taalanın ən ağır sınağına məruz qalanlar yenə də peyğəmbərlərdir. Demək, ayağına daş dəyən birisinin üsyan etməsi, yeri-göyü bir-birinə qatması bir imtahanda kəsilməkdir, məğlub olmaqdır. Səbr edib dözmək, başına gələnlərdə bir hikmət axtarmaq və hansı halda olursa-olsun Allaha sığınmaq insanın ən doğru seçimidir.
***
Döyüş qurtarmış, hər kəs öz yaralısını, şəhidini axtarırdı. Rəsulullahın diqqətini saçını-başını yola-yola ora bura qaçan, uşağını axtaran bir ana çəkdi. Ana az qalırdı ki, dəli olsun, gözü heç nəyi görmürdü. Bir qədər sonra Rəsulullah yenidən o ananı gördü. Ana axtardığı balasını tapmışdı və bağrına basıb duz kimi yalayırdı. Allah Rəsulu bu mənzərəni səhabilərə göstərib dedi:
- Bu ana öz o övladını odun içinə atarmı?
Səhabilər bir ağızdan "Əsla atmaz, ya Rəsulullah"- dedilər. Rəsulullah sözünü belə tamamladı:
- Əmin olun ki, bu ana öz övladını nə qədər çox sevirsə, Allah-Taala da öz bəndələrini ondan daha çox sevir.
Allah Rəsulunun bu sözünün ardınca söz demək də bizə yaraşmaz. Söz Allahın və Rəsulunun buyurduqlarıdır, vəssalam!
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/490701.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR