"Report"un məlumatına görə, turun ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Açılış oyunu Gəncədə olacaq. "Kəpəz" paytaxtın "Neftçi" klubunu qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə yer alıb. Meydan sahibləri 3 xal qazanarsa, 4-cü pilləyə qədər yüksələ bilər. "Neftçi" isə səfərdən 3 xal alarsa, yalnız bir pillə irəliləyərək "Kəpəz"i qabaqlaya bilər. Komandalar bu günədək ölkə çempionatlarında 44 oyun keçirib. Bu görüşlərin 21-i "Neftçi"nin, 16-sı isə "Kəpəz"in qələbəsi ilə yekunlaşıb. Yeddi oyunda isə qalib müəyyənləşməyib. "Neftçi" 4 oyundur meydanı qolsuz tərk etmir və ardıcıl 3 matçda 2 qol vurub. Son 8 ev oyununda qələbə qazanmayan "Kəpəz" sonuncu dəfə 14 il əvvəl qonaqlara xal verməyib.
Günün son oyununda isə Premyer Liqanın autsayderi AZAL "Sumqayıt"ı qəbul edəcək. "Gənclik şəhəri" təmsilçisi qələbə sayəsində 4-cü pilləyə qədər irəliləmək şansı qazanacaqsa, "təyyarəçilər" analoji halda yalnız xal ehtiyatını artırmış olacaq. Cütlük 21 dəfə bir-birinə qarşı mübarizə aparıb. Səkkiz oyunda AZAL, 4 oyunda isə "Sumqayıt" aktivinə 3 xal yazdırıb. Doqquz oyun isə heç-heçə başa çatıb. Səkkiz oyundur qonaq komanda qələbə qazana bilmir. AZAL son 9 matçda cəmi 1 dəfə uduzub.
Azərbaycan Premyer Liqası, XIII tur
27 noyabr
14:00. "Kəpəz" - "Neftçi"
Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Xaqani Məmmədov
Gəncə şəhər stadionu
16:00. AZAL - "Sumqayıt"
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Vüsal Əliyev
"AZAL Arena"
Qeyd edək ki, tura sabah keçiriləcək iki oyunla yekun vurulacaq.