Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda
rəsmi səfərdədir. İki gün davam edəcək səfər çərçivəsində bir sıra
ikitərəfli münasibətlərin müzakirə olunacağı, yeni müqavilələrin
imzalanacağı gözlənilir.
Azərbaycan və Belarusun ikitərəfli münasibətləri fonunda
Luşanekonun Bakıya səfəri özündə məntiqi ardıcıllığı birləşdirir.
Lakin Belarus liderinin məhz indi səfər etməsi yeni siyasi
proseslərdən xəbər verir.
Noyabrın 11-də Türkiyə prezidenti Minskə səfər etdi. Ardınca
Lukaşenko noyabrın 22-də Moskvaya getdi və 6 gün sonra o,
Bakıdadır.
Bu səfər trafikinin arxasında bölgədə yenin siyasi təşkilatlanmanın
konturları aydın görünür.
Belə ki; Seçki ajiotajının hələ də davam etdiyi Amerika və öz
içində boğulan Avropanın fonunda Rusiya və Türkiyə yaxınlaşır;
Ankara üzünü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tərəf
çevirməkdədir; Belarus ŞƏT-in üzvü olmasa belə Qərbə qarşı olan
Avrasiya gücünün Avropa sərhədlərindəki sonuncu ölkəsidir; regionda
Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılması istiqamətində iş
aparılır; Bunun fonunda Lukaşenkonun Ərdoğanla və Putinlə görüşdən
sonra Bakıya gəlməsi təsadüfi deyil; Belarus da bu formata daxil
olacaq və yeni siyasi gücün Qərb sərhədlərini təşkil edəcək. Bu,
Lukaşenkonun səfərinin ümumi mənzərəsini təşkil edir.
Lakin arzuolunan siyasi gücün formalaşmasına qədər olan yol uzun
görünür və burada hər kəs “əlini daşın altına” qoymalıdır. Qarabağ
münaqişəsinin həll olunmasında rəsmi Minskə də missiya verilə
bilər. Çünki yeni siyasi formatda əsas ağrılı məsələ Dağlıq Qarabağ
münaqişəsidir. Hansı ki, bu münaqişənin həll olunması ilə
Ermənistanın da proseslərə daxil edilməsi hesablanır. Əks təqdirdə,
bölgədə siyasi güc tam olmayacaq və Qərb Ermənistan üzərindən öz
müdaxilə siyasətini davam etdirəcək. Ermənistan hələ ki, bu prosesə
dirəniş göstərir və münaqişənin həll olunmaması üçün bütün
vasitələrdən istifadə edir. Ehtimal var ki, Rusiya və Türkiyə
prosesə Minski daxil etmək fikrindədir. Burada Minskin Qarabağ da
daxil olmaqla bir sıra münaqişələrin müzakirə məkanı olaraq tarixə
keçməsi ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına
(KTMT) 2017-ci ildə rəhbərlik edəcəyi amili də daxildir.
1. Lukaşenko Türkiyə və Rusiyanın dəstəyi ilə Qarabağ münaqişəsində
“ikinci Minsk” prosesini başlada bilər.
2. Lukaşenko KTMT-nin yeni sədrliyi dövründə münaqişənin həllində
vasitəçilik edə bilər.
(Rusiyanın Belarusu prosesə cəlb etmək istəyinin səbəblərindən biri
də Qərb vasitəçilərindən qurtulmaq istəyi ola bilər).
Burada Belarusun Azərbaycanla əməkdaşlığı da xüsusi xətt olaraq
qeyd olunmalıdır. Hələ aprel müharibəsində Lukaşenko Azərbaycanın
ərazi bütövlüyünə dəstək verdi və KTMT-də təmsil olunmasına
baxmayaraq, Ermənistana hərbi dəstək verməkdən imtina etdi. Hətta
belə bir ehtimala qarşı, ölkəsinin hərbi doktrinasını dəyişdirərək,
“Belarus əsgərlərinin xaricdə döyüş əməliyyatlarında iştirakını
qadağan edən” müddəa əlavə etdi. 2017-ci ildə Belarusun KTMT-də
sədrliyə başlaması Bakının da maraqlına uyğun gəlir. Gözləniləndir
ki, Lukaşenko ilə Prezident İlham Əliyev Bakıda bu məsələləri də
müzakirə etsin. Lukaşenkonun KTMT-nin fəaliyyətinə bir sıra
yeniliklər gətirəcəyi haqda dediklərini nəzərə alsaq, ehtimal etmək
olar ki, o bu məsələdə İlham Əliyevin də istəklərini nəzərə ala
bilər.
Təbii ki, bu yaxınlıq və əməkdaşlıq həm də bir sıra sahələrdə
ikitərəflli əlaqələrin möhkəmləndirilməsini şərtləndrir. Güman ki,
Lukaşenkonun Bakıdan bir sıra istəkləri olacaq. Bura iqtisadi
əməkdaşlıqla yanaşı, hərbi əməkdaşlıq da daxildir. Artıq bu haqda
Belarus mediasında informasiyalar yayılmaqdadır. Belə ki, Lukaşenko
Azərbaycanın aktiv silah alıcısı kimi Belarus istehsalına da diqqət
göstərməsini istəyir. Məlumatlara görə, “Polonez” raket kompleksi
Bakının marağında ola bilər.
Ümumilikdə, bu səfər ikitərəfli əlaqələrə müsbət təsir etməklə
yanaşı, regional əməkdaşlığın güclənməsində, həmçinin, Qarabağ
münaqişəsinin həllinə müəyyən impulslar verə bilər.
Asif