Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, ümumilikdə bu ilin yanvar-noyabr aylarında əlavə olaraq 172 829 nəfər fərdi uçot sistemi ilə əhatə olunub.
Məlumata görə, beynəlxalq standartlara uyğun şəkildə qurulmuş müasir sığorta-pensiya sisteminin mühüm komponenti olan fərdi uçot sistemində qeydiyyata alınan vətəndaşların sayı dekabrın 1-nə 3 352 983 nəfərə çatıb. Sığortaolunanların 20,1 faizi 30 yaşa qədər olan, 25,6 faizi isə 30-40 yaş aralığında olan şəxslərdən ibarətdir. Həmçinin sistemdə fərdi şəxsi hesaba malik şəxslərin 20 faizini 40-50 yaş aralığında, 21 faizini 50-60 yaş aralığında, qalanlarını isə 60 yaşdan yuxarı olan vətəndaşlar təşkil edir.
Sığorta-pensiya sisteminin avtomatlaşdırılmış infrastrukturunun qurulması nəticəsində sığorta münasibətləri və pensiya təminatı sahəsində bütün xidmətlər elektron müstəvidə təşkil olunub. Bu sahədə əhaliyə təqdim edilən elektron xidmətlərdən biri də “Sığortaolunanlara məlumatların verilməsi” e-xidmətidir. Vətəndaşlar bu e-xidmət vasitəsilə onlarla bağlı ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə etmək, öz pensiya kapitalına, işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə mütəmadi şəkildə nəzarət etmək imkanlarına malikdirlər.