Dünən Bakı Musiqi Akademiyasının (BMA) Böyük konsert salonunda Fransuaza Saqanın bu suala köklənən eyniadlı romanının ovqatı musiqili tərzdə təqdim olundu və... təbii ki, müsbət cavab aldı. Başqa cür ola da bilməzdi - pianoda metr Fərhad Bədəlbəylinin təkrarsız müşayiəti, soprano Fəridə Məmmədovanın, metso-soprano Səbinə Əsədovanın, violin ifaçısı Ümidə Abbasovanın və pianoçu Lalə Hüseynzadənin sevə-sevə ifa etdikləri musiqini sevə-sevə dinləməmək mümkünsüzdü.
"Bramsı sevirsinizmi?" adlı konsertin proqramında iyirmi romans və bir skertso səsləndi. Romantizm dövrü kimi səciyyələnən zaman kəsiyinin ən xarakterik nümayəndələrindən biri olan Yonanes Bramsın romansları (1833-1897) romanslar Z.Kapper, P.Heyze, A.Şak, Y.Vensiq, Q.Şmidt, K.Lemke, Q. Daumer, İ.Herder, V.Müller, Q. Linqq, R.Reynik, Q.Fallersleben, K.Qrot, K.Reynhold, F.Şumanla yanaşı Hafizin və Mirzə Şəfi Vazehin də sözlərinə bəstələnib. Maraqlıdır ki, Hafizin "Mənə bircə dəfə gülümsəsəydin...", Lemkenin "Meşədə yalqız", Herderin "Məhəbbət yolu" və "Sevgi yolu", Müllerin "Dənizlər", Reynholdun "Göl sahilində" poetik parçalarının rusca mətni olmadığına görə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist Fəridə Məmmədova kiçik tərcüməçilik təcrübəsini bu dəfə uğurla sınayaraq onları rus dilinə çevirib.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyini katibi Çingiz Abdullayevin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın və başqalarının iştirak etdiyi konsert birnəfəsə dinlənildi. Və bu effekt heç də konsertin yığcam, amma həm də zəngin xronometrajı ilə bağlı deyildi - Fərhad Bədəlbəyli başda olmaqla ifaçılar ürəklərinə yatan bəstəkarın musiqisinin ürəklərə yolunu dəqiq təyin edə bildiklərinə görə idi. Konsert boyunca "bravo!" sədaları əskik olmadı. Səmimi heyranlıq hissini konsert bitəndən sonra qarderobda da müşahidə etdik - zalı gözəl əhval-ruhiyyə ilə tərk edənlər BMA-nın rektoru, xalq artisti, Dövlət mükafatı laureatı Fərhad Bədəlbəylinin illər keçdikcə daha da cilalanan ifa tərzindən, müşayiətçi özəlliyindən, konsertin bütün iştirakçılarının ona və seçilmiş proqrama layiq yüksək səviyyəsindən ağızdolusu danışaraq təəssüratlarını həvəslə bir-birilə bölüşürdülər.
Samirə Behbudqızı
Milli.Az

