Elmira Axundova: “Hillari Klinton İlham Əliyevə zəng edib xahiş etdi ki, Obama ilə görüş” - MÜSAHİBƏ

Elmira Axundova: “Hillari Klinton İlham Əliyevə zəng edib xahiş etdi ki, Obama ilə görüş” - MÜSAHİBƏ
12:53 24 Dekabr 2016
48 Digər
Ölkə mətbuatı
A- A+

Onunla Milli Məclisin foyesində görüşdük. Sessiya iclasında fasilə idi. Gərgin büdcə müzakirələrinin getdiyi bir vaxtda mənimlə danışmağa razı olduğu üçün şad idim, ən azından ona görə ki, redaksiya tapşırığını vaxtında yerinə yetirəcəkdim. Vaxtın az olmasına baxmayaraq, maraqlı müsahibə alınacağından da əmin idim.

Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı ilə tanış olanda Azərbaycan liderinin bilinməyən tərəfləri haqda kifayət qədər maraqlı suallar yaranmışdı. Axı liderin şəxsi həyatı, uşaqlığı, gəncliyi, qeyri-rəsmi tərəfi adətən sirr olaraq saxlanılır. Və bəlkə də Azərbaycan oxucusuna ilk dəfə bu imkan yaradılmışdı. Niyə də olmasın? Biz başqa ölkələrin prezidentlərinin həyatını maraqla oxuyarkən, niyə öz ölkəmizin liderinin haqqında öyrənməyək. Xüsusilə bunu onu gəncliyindən tanıyan Elmira Axundovanın dilindən eşitmək imkanı varkən.

- Prezidentlə tanışlığınız nə vaxt baş verdi?

- İlham müəllimi çoxdan, hələ gənc vaxtlarından tanıyıram. O vaxt Heydər Əliyev hakimiyyətdə deyildi, onunla ünsiyyət saxlayırdım. Naxçıvana gedib-gələndə ailəsi ilə tanış oldum. Heç yadımdan çıxmaz. Sonra 1994-cü ildə Mehriban xanım və İlham müəllim Heydər Əliyevi Məkkə səfərində müşayiət edirdi. Mənə də bu xoşbəxtlik nəsib olmuşdu. Beləliklə ünsiyyətimiz yarandı. Sonra İlham müəllim SOCAR-da birinci vitse-prezident olanda ondan müsahibə alırdım, tədbirlərdə, mərasimlərdə ünsiyyət saxlayırdıq. O, Milli Olimpiya Komitəsinin prezidenti oldu, Milli Məclisin deputatı seçildi, AŞPA-da nümayəndə heyətinin rəhbəri oldu. Bu müddətdə daim söhbətlərimiz olurdu. Heydər Əliyevlə ünsiyyəti olan bir insan kimi İlham Əliyevi də müşahidə etməyə başladım. Onun çox güclü yumoru var. Həmişə zarafat edir, gülərüz, mehriban insandır.

- İlham Əliyev Heydər Əliyev üçün təkcə övlad idimi, yoxsa?

- Mənə elə gəlir ki, Heydər Əliyev dünyada heç kimi İlham Əliyev qədər sevmirdi. Təbii ki, həyat yoldaşını, qızını sevirdi. Amma İlham Əliyevin dünyaya gəlməsi ilə ona dünyaları bağışladılar. Sona qədər İlham Əliyevlə nəfəs alırdı, mən bunun şahidi olmuşam. Böyük bir sevgi idi. Məntiqlidir ki, bu gün Heydər Əliyev də İlham Əliyevin obrazında qayıdır. İlham Əliyev də Heydər Əliyevi yaşadır. Bu çox maraqlıdır. Görün, bu sevgi nəyə gətirib çıxardıb. İlham müəllim bu sevgi ilə yüksəldi və bu gün bizim prezidentimizdir. Mən demirəm ki, İlham Əliyev hər şeyə Heydər Əliyevin sevgisi ilə nail olub. Mən kitabımda yazıram: “Dünyada İlham Əliyevə ona görə hörmət etmirlər ki, o, dahi Heydər Əliyevin oğludur. Ona müstəqil siyasət aparan, öz dəyərini bilən, öz dühası ilə yüksələn siyasətçi kimi hörmət edirlər”. Amma Heydər Əliyevin sevgisi, məhəbbəti onun formalaşmasında böyük rol oynadı. İndi əks proses gedir. Bu gün İlham Əliyev Heydər Əliyevin obrazını yüksəldir, yaşadır və onun mənəvi qayıdışını təmin edir.

- Deyirsiniz ki, Heydər Əliyev İlham Əliyevi hər kəsdən çox sevirdi. Bu Azərbaycan ailələrində oğlan övladına bəslənən xüsusi sevgi idi?

- Yəqin ki. Azərbaycan mentalitetində bu var. İlham Əliyev Heydər Əliyevin 38 yaşı olanda dünyaya gəlib. Bu yaşda insan yeni doğulan övladına başqa cür yanaşır. Misal üçün, mənim iki nəvəm var. Müşahidə edirəm ki, valideynləri kiçik nəvəmi daha çox sevirlər. Heydər Əliyevin İlham Əliyevə sevgisi bəlkə də kiçik övlad olmasından qaynaqlanır, bəlkə də oğlan övladı olduğu üçün belə idi. Hər halda İlham Əliyev Heydər Əliyev üçün dünyada hər şey demək idi. Onu tədricən böyük siyasətə hazırlayırdı. Bir tərəfdən onu çox istəyirdi, ikinci tərəfdən ona asan həyat bəxş etmədi. O, nə edə bilərdi? Elmlə məşğul ola bilərdi. Hansısa şirkətdə vitse-prezident işləyə, rahat həyat sürə bilərdi. Amma Heydər Əliyev İlham Əliyevə çox çətin həyat verdi. Əvvəl SOCAR-a təyin etdi, çətin enerji danışıqlarının içinə atdı. Sonra Milli Məclisə seçildi və AŞPA-da nümayəndə heyətinin rəhbəri oldu. Heydər Əliyev Avropada ermənilərlə vuruşmağa məhz İlham Əliyevi göndərdi.

- İlham Əliyevin gəncliyi də bu qədər qaynar keçib?

- İlham Əliyevin gəncliyində, hətta məktəbdə oxuduğu yeniyetmə dövründə də demək olar ki, yay istirahəti olmayıb. Heydər Əliyev rayonlara gedirdi, müşavirələr keçirirdi. İlham Əliyev də hər zaman onun yanında idi. Günəşin altında, isti tarlalarda, çay plantasiyalarında ac-susuz onunla gəzirdi. Mənə danışırlar ki, bu yeniyetmə oğlan bütün günü günəşin altında oturub gözləyirdi. Onda hələ orta məktəbdə oxuyurdu. Onun istirahəti yox idi. Lakin bunun sayəsində o, rayonları öyrəndi və bu gün atasının ənənəsini davam etdirir. Çünki uşaqlıqdan rayonları gəzib və bunu çox xoşlayır. Amma onu xüsusi qeyd etməliyəm: bir tərəfdən böyük sevgi verir, digər tərəfdən bu sevgiyə baxmayaraq, heç bir güzəşt etmirdi.

- Belə anlayıram ki, özünün yaratdıqlarını başqasına etibar etmədi.

- Kimə etibar edə bilərdi? Başqası heç yox idi. Heydər Əliyev İlham Əliyevi 10 il ərzində hazırladı, onu pillə-pillə qaldırdı. Sonra da dedi ki, mən özümə inandığım kimi, ona da inanıram, ona səs verin. İlham Əliyev bu inamı doğrultdu. Hətta kitabımda cəsarət edib yazdım ki, “bəzi addımlarında İlham Əliyev şagird olaraq öz müəllimini üstələdi”.

- Siz Məkkə səfərindən danışdınız. Azərbaycan Prezidentinin dinə yanaşması maraqlıdır.

- Bununla bağlı hər şey göz önündədir. İlham Əliyevin prezidentliyi dövründə üç böyük məscid inşa olunub və bərpa edilib: Bibiheybət məscidi, Heydər məscidi və Şamaxı məscidi. Neçə-neçə ibadətgahlar bərpa olunub. Mən özüm Masallıdanam. Bu mövzu mənim üçün məhrəmdir. Özünüz də görürsünüz ki, İlham Əliyev Səudiyyə Ərəbistanına səfərləri zamanı Məkkədə Ümrəni ziyarət edir. Onun Şeyxülislama münasibəti də göz önündədir. Lakin o da həqiqətdir ki, dini radikalizmə heç vaxt yol verməyəcək. O başa düşür ki, din başqa, siyasət başqadır. Heydər Əliyev də belə edirdi.
Azərbaycan Prezidenti dinə çox həssas münasibət bəsləyir. Məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr açılır. Bu multikulturalizmdir, bizim həyatımızın tərkib hissəsidir. Bütün bunlarla yanaşı, prezidentimiz tələb edir ki, din dövlət prinsiplərinə hörmət etməlidir.

- Kitabınıza qayıtmaq istəyirəm. Orada üç böyük fəsil var – İlham Əliyevin gəncliyi, ailə həyatı və siyasət.

- Orada böyük bir fəsil siyasətə ayrılıb. Daxili və xarici siyasət ayrıca fəsildir. Sonra idman, multikulturalizm də ayrı fəsillərdə qeyd olunub. Mən İlham Əliyev və Kütləvi İnformasiya Vasitələrinə ayrıca fəsil ayırmışam. Jurnalist olduğum üçün jurnalistlərə kitabımda xüsusi yer ayırmağı özümə borc bildim.

- Təşəkkür edirik. Mən Azərbaycan liderinin daha çox şəxsiyyəti ətrafında danışmaq istəyirəm. Hələ hakimiyyətdə olmayanda, gənc vaxtlarında necə insan idi?

- Həmişə onu gülərüz və yumoru sevən insan kimi görmüşəın. Atasının vəfalı və sevimli oğlu idi. Bir şeyi də qeyd etmək istəyirəm. İlham müəllim çətin dövrdə həmişə Heydər Əliyevin yanında idi. O vaxtlar qarışıq dövr idi və cavanlar Heydər Əliyevin yanına gəlməyə qorxurdular. Çünki Heydər Əliyev tənqid olunur, təqib edilirdi. Onun ətrafında olmaq belə qorxulu idi. İlham Əliyev demək olar ki, həftədə bir, ya da iki dəfə atasının yanına gəlirdi. Və o, Naxçıvana gəlmək üçün çox əngəlləri aşmalı olurdu. Amma hər şeyə rəğmən gəlir, Heydər Əliyevin yanında olurdu. Bu böyük sevgi və cəsarət tələb edirdi.

- İlham Əliyevin yumoru sevdiyini deyirsiniz. Heydər Əliyevdə də yumor güclü idi.

- Yəqin ki, bu, ona atasından irsi olaraq keçib.

- Eyni yumor idimi? Çünki Heydər Əliyevin yumoru daha çox satirik idi.

- İlham Əliyevin yumoru daha müasirdir. O, lətifə danışmağı sevir. Heydər Əliyev də lətifələri sevərdi. Amma İlham Əliyevin yumoru daha başqadır.

- Adətən insanın liderlik xüsusiyyətləri gəncliyində hiss olunur. İlham Əliyevdə bu necə görünürdü?

- Heydər Əliyev kimi İlham Əliyevdə də gəncliyindən liderlik xüsusiyyətləri bilinirdi. Deyirlər ki, həm məktəbdə, həm də universitetdə özünü lider kimi aparırdı. Həmişə də boy-buxunu, yaxşı bilikləri, xarici dil bilməyi ilə seçilirdi. Lakin universitetdə digərlərindən seçilməməyə çalışırdı. Çünki bilirdi ki, hansı ailədə böyüyüb, kimin oğludur. Belə insanlar adətən özlərini sadə aparmağa çalışırlar. Kitabda da yazmışam ki, “belə atanın oğlu olmaq şərəfdir, amma həm də böyük məsuliyyətdir”. İlham Əliyev bu məsuliyyəti hiss edirdi. Adi gülərüz oğlan idi. O, heç vaxt böyük siyasət haqqında düşünmürdü, bəlkə də heç siyasətə gəlmək istəmirdi. Onu tale və tarix bura gətirdi.

- Başqa yolu seçə bilərdimi?

- Mənə elə gəlir ki, o, böyük siyasətə can atmırdı. İstəmirdi ki, prezident olsun. Bəlkə də bir qədər könülsüz siyasətə gəldi. Yalnız atasına və dövlətinə hörmət etdiyi üçün bunu etdi, həm də anlayırdı ki, Heydər Əliyevin layihələrini başa çatdırmaq lazımdır. Həmin vaxt çətin zamanlar idi, başa düşürdü ki, çiyinlərinə ağır yükü götürməlidir.

- Və buna nail oldu.

- Əlbəttə. Kitabda da Azərbaycanın 10 il ərzində necə dəyişdiyini göstərmişəm. Başqalarının – amerikalıların, ingilislərin, rusların Azərbaycan haqqında söylədikləri fikirlərdən sitatlar gətirmişəm. Bizdə hərdən yaxşı şeyləri görmürlər. Gərək, bunu başqaları desin, sonra onun dəyərini anlayaq. Amma bütün bunları görməmək mümkün deyil. Belə bir bina - Milli Məclisin foyesindən görünən “Alov Qüllələri”ni göstərir - dünyanın heç bir yerində yoxdur. Bakı möcüzə şəhərinə çevrilib. Rayonlarımız da inkişaf edir. Təbii ki, problemlərimiz də çoxdur. Amma bu inkişafın problemləridir və daim onların aradan qaldırılması üçün iş aparılır. Hər şey tamamilə bizdən asılı deyil. Dünyada böhran var, Azərbaycan müharibə şəraitində yaşayır, qaçqın və məcburi köçkünləri var. Bunlara kifayət qədər xərc çəkilir. Biz daim müdafiə üçün pullar xərcləyirik. Bunlar olmasaydı, ölkəmiz 10 dəfə artıq inkişaf edərdi. Fikrimcə, yolumuz doğru yoldur və bizim güclü rəhbərimiz var. Əsas olan budur.

- “Həyat ona həmişə yaxşı olmadı” deyə yazırsınız. Heydər Əliyevin oğlu olan bir insan üçün hansı çətinliklər ola bilərdi?

- Heydər Əliyev Siyasi Bürodan çıxarılır, haqqında Qorbaçovun təlimatı ilə qəzetlər tənqidlər yazırlar. Onu damğalamağa çalışırlar. Sonra Azərbaycana gəlirlər və parlamentdə Heydər Əliyevə hücumlar başlayır. Mən bunları öz gözlərimlə görmüşəm. Sən o vaxt bəlkə də dünyada yox idin – bizim nəslin təzə ayaq açıb yeriməyə başladığı dövrdən danışır – mən bura (Milli Məclisə) gəlirdim. Heydər Əliyev bax orada dayanırdı - əli ilə giriş qapısının qarşısındakı yeri göstərir – onun yanına heç kim getmirdi. Qorxurdular. Kişi orada tək dayanardı və baxardı. İlham Əliyevi universitetdən çıxartdılar. İşsiz qaldı. Kim olsaydı sınardı. Böyük insanların oğulları çətinliyə düşən kimi içkiyə qurşanır, kimisi sınır, kimisi tüfeyli həyat sürür. Ruslardan neçə-neçə belə insan tanıyıram. İlham Əliyev bütün bunları seçmədi, o, ayaqda qaldı və bizneslə məşğul olmağa başladı. Moskvada ilk trikataş fabrikini o açıb. Bu kiçik biznesi ilə bizim Moskvadakı diasporumuzu da saxlayırdı.

- Bunu bizim nəsil xatırlamır, ya da ümumiyyətlə bilmir.

- Biz Moskvada Azərbaycan ocağı yaratmışdıq. Sədri Tofiq Məlikli idi. Erməni işğalına qarşı aksiyalar keçirir, etiraz kampaniyaları təşkil edirdi. İlham Əliyev tədbirlərimizdə həmişə iştirak edirdi və bizə daim maddi dəstək verirdi. Kiçik biznesi ilə ailəsini və diasporumuzu saxlayırdı. Bütün bunları bilmək lazımdır. Bizim prezidentimiz siyasətlə yanaşı, biznesi, idmanı və digər sahələri gözəl bilir. 2008-ci il dünyadakı maliyyə böhranı Azərbaycana təsir etmədi. Hətta Rusiya kimi nəhəng ölkənin iqtisadiyyatı çökmüşdü. Tədbirlərin birində Prezidentə yaxınlaşaraq soruşdum: “Cənab prezident, hamı sizə valeh olur və hər kəsi bir sual düşündürür: Azərbaycan bu maliyyə böhranından neçə çıxdı? Rusiya kimi nəhəng dövlət isə aşağıya doğru yuvarlandı. Bunun sirri nədir?”. Güldü və dedi: “Elmira, işləmək lazımdır. Biz gecə-gündüz işləyirik. Resept sadədir”.

Gənclər bunları az bilir, ya da az öyrənir. İnşallah, kitabı Azərbaycan dilinə tərcümə edəcəyik. Həmçinin, ikinci hissəsi daha geniş olacaq. Gənclərimiz bunları oxuyub-öyrənməlidir. Prezidentin siyasətini, cəsarətini, həyatını bilməlidir. Ən qiymətli olan bilirsənmi nədir? – sual verir və davam edir – O, Azərbaycanı dünyalar qədər sevir və heç vaxt, hətta ölüm belə olarsa, milli maraqlarımızı heç nəyə qurban verməyəcək. Yadımdadır, 2009-cu ildə İstanbul sammitinə getmədi. Obama onunla görüşmək istəyirdi. Hillari Klinton belə zəng edərək, xahiş etmişdi. Həmin vaxt Obama yeni seçilmişdi, çoxları onunla görüşə can atırdı. İlham Əliyev isə getmədi.

- Qarabağ məsələsinə görə.

Bəli. Milli maraqlarımızı heç nəyə qurban vermədi. Barak Obama o sammitdən sonra dəyişdi.

- Belə çıxır ki, Obama Azərbaycan prezidenti ilə şəxsi intriqa aparırdı?

- Belə görünür. Amma Obama tarixdə heç nəyi ilə qalmayacaq.

- Azərbaycan lideri ailə başçısı obrazında necə görünür?

- Gözəl ailələri var. Qızlarını da tanıyıram. Çox layihələr həyata keçirirlər. Zaman-zaman onların layihələrini işıqlandırıram. Belə ailə ilə ancaq fəxr etmək olar. Cənab prezident bir dəfə dedi ki, “mənim üçün əsas ailədir”. Başqalarının hobbiləri var. Biri ova, digəri başqa şeyə maraq göstərir. O isə ailəsinin yanında dincəlir, istirahət edir. Özü də deyir ki, “ailəmin yanında olanda özümü xoşbəxt hiss edirəm”. Ailəsiz, övladsız lider yaxşı ola bilməz. Gərək, birini sevəsən, övladın nə olduğunu biləsən ki, ölkəni də övladın kimi sevə biləsən. O, əsil ata və ailə başçısıdır. Xoşbəxt ailəsi var. Hesab edirəm ki, uğurun 50 faizi də budur. Əgər sənin arxanda xoşbəxt ailən dayanırsa, Mehriban xanım kimi cəsarətli xanım varsa, əl-ələ verib onunla cəbhəyə qədər gedirlərsə, bu, uğurun yarısı deməkdir.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/181137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR