İraqda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
giziri, Milli Qəhrəman, şəhid Mübariz İbrahimovun adına müvəqqəti
yaşayış sahəsi yaradıldığı barədə xəbər vermişdik.
İraqda Mübariz İbrahimovun adına yaşayış sahəsi
Yaşayış sahəsinin girişində Milli Qəhrəmanın portreti asılıb.
"Report"un məlumatına görə, bu ölkənin Kərbəla şəhərində
salınmış yaşayış sahəsinin girişində Milli Qəhrəmanın portreti
asılıb və şəklin altında Azərbaycan dilində və latın əlifbasında
onun adı, soyadı yazılıb.
Hasarla əhatəyə alınmış ərazi bir neçə hektardan ibarətdir.
Burada Azərbaycandan İraqa gələn qonaqların, o cümlədən
soydaşlarımızın müvəqqəti dincəlmələri, gecələmələri üçün hər cür
şərait yaradılıb.
Hələlik 80-90 çadırın qurulduğu yaşayış sahəsində yeməkxana,
mətbəx, dəstnamazxana, hətta idman meydançası fəaliyyət göstərir.
Qeyd edək ki, ötən ay məhərrəmlik mərasimləri ilə burada müvəqqəti
çadırlar qurulub və mərasimlə əlaqədar şəhərə gəlmiş soydaşlarımız
çadırlarda qalıblar.
Xatırladaq ki, Azərbaycan Milli Ordusunun giziri Mübariz
İbrahimov 2010-cu ilin 18 iyununda döyüş növbəsini yerinə
yetirərkən düşmən qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində
Talış-Borsunlu istiqamətində gedən şiddətli döyüş zamanı şəxsi
rəşadət və şücaət nümayiş etdirərək və düşmənin çoxlu sayda canlı
qüvvəsini məhv edərək qəhrəmancasına şəhid olub. Ali Baş Komandan,
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də Azərbaycan
Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub
saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə
gizir Mübariz İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı
verilməsi barədə sərəncam imzalayıb.