Sığorta olunanlar ambulator və stasionar tibbi xidmətlərdən göndərişsiz istifadə etmək istədikdə, pilot layihə ilə nəzərdə tutulmuş azadolma məbləğini ödəməlidirlər. Azadolma məbləği sığorta olunan tərəfindən birbaşa tibb təchizatçısına ödənilir.
Lent.az-ın məlumatına görə, bu barədə dövlət başçısının 2016-cı il 28 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihədə öz əksini tapıb.
Belə ki, ilkin səhiyyə xidmətinin göndərişi olmadan ambulator tibbi xidmət üçün birbaşa müraciət edilən hallarda sığorta olunan hər müraciət üçün 3 (üç) manat həcmində azadolma məbləği ödəməlidir.
Sığorta olunan kompüter tomoqrafiyası (tam, kontrastlı, kontrastsız və kompüter tomoqrafiyası altında keçiriləcək diaqnostik və müalicəvi müdaxilələr daxil olmaqla) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 (iki) dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 10 (on) manat həcmində azadolma məbləği ödəməlidir.
Sığorta olunan maqnit rezonans tomoqrafiyası (tam, kontrastlı, kontrastsız) üzrə göstərilən tibbi xidmətə dair tibb təchizatçısına 2 (iki) dəfədən artıq müraciət etdikdə, hər əlavə müayinə üçün 20 (iyirmi) manat həcmində azadolma məbləği ödəməlidir.
Bildirilir ki, ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısı yalnız ona təhkim olunmuş sığorta olunanlara xidmət göstərir. Sığorta olunanların ilkin səhiyyə xidməti üzrə fəaliyyət göstərən tibb təchizatçısına təhkim olunma qaydası Agentlik tərəfindən müəyyən edilir.
Sığorta olunanların təhkim olunduğu ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısı haqqında məlumatı Agentliyin nümayəndəsindən əldə edir.
Sığorta olunanlar ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısını ildə 2 dəfədən çox olmamaq şərtilə Agentliyə müraciət etməklə həmin ərazidə fəaliyyət göstərən digər tibb təchizatçısı ilə əvəz edə bilər.
TTTY stasionar qaydada tibb təchizatçısının yerləşdiyi inzibati binada və ya çağırış üzrə fəaliyyət göstərir. TTTY-nın iş qaydası Agentlik tərəfindən müəyyən edilir.
Sığorta olunanların baza zərfi çərçivəsində ambulator tibbi xidmətlərdən istifadəsinə yalnız ilkin səhiyyə xidmətlərini göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir.
Sığorta olunanların baza zərfi çərçivəsində stasionar tibbi xidmətlərdən istifadəsinə ambulator tibbi xidmət, ilkin səhiyyə, TTTY sahəsində faəliyyət göstərən tibb təchizatçısının göndərişinə əsasən yol verilir.
Baza zərfinə daxil olan tibb vasitələri istisna olmaqla, digər tibb vasitələrinin qiyməti sığorta olunan tərəfindən ödənilir.
Pilot layihədə qeyd edilib ki, tibb təchizatçıları hər ayın 15-dən gec olmamaq şərtilə ötən təqvim ayı üzrə baza zərfi çərçivəsində göstərilmiş tibbi xidmətlər barədə Agentliyə hesabatlar təqdim edirlər. Göstərilmiş tibbi xidmətlərin müqabilində tibb işçilərinin mövcud əmək haqlarına əlavələr Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla Agentlik tərəfindən müəyyən edilmiş qaydada verilir.