Erkən yaşlanmanın səbəbi - əl sabunları

Erkən yaşlanmanın səbəbi - əl sabunları
17:57 6 Yanvar 2015
275 Sosial
Ölkə mətbuatı
A- A+

Sabunun tərkibinə qatılan maddələr artıq onun mümkün qədər az istifadə olunmasını zəruri edir
Sabun təmizlik üçün önəmlidir. Forma, rəng, tərkib etibarilə fərqlənən sabunlar da insan üçün müxtəlif vədlər verərək satışa çıxarılır. Ən təmiz yuyan, antibakterial, gül sulu, zeytun yağlı və bu kimi növlərlə fərqləndirilən sabunların reklamları da elə insanların sabun seçiminə təsir edir.

Çoxumuz sabun alarkən xüsusən antibakterial olub-olmamasına diqqət yetiririk. Antibakterial sabunların mikrob əleyhinə olması, daha təmiz yuması və s. kimi özəllikləri insanların diqqətini çəkən başqa bir amildir desək yanılmarıq. Maraqlısı isə budur ki, son dövrlərin araşdırmaları bu nəticəni ortaya çıxarıb ki, əl və üz sabunları qeydləri olan sabunları qarışdırmaq qətiyyən olmaz. Çünki tərkib etibarilə əl sabunlarının üzə, üz sabunlarının isə ələ az da olsa mənfi təsiri mövcuddur.

Türkiyədə aparılan araşdırmaların nəticələrinə görə, antibakterial qeydi olan sabunların 90%-i insanda xərçəng yaratma riskini artırır. Bu cür sabunların gündəlik əl sabunu kimi istifadəsi, bədənə vurulması məsləhət bilinmədiyi kimi, məcbur qalmadıqca belə sabunların alınmaması da qeyd olunur.

Kanadada aparılan araşdırmaların nəticəsində isə məlum olub ki, üzərinə antibakterial yazılan təmizlik vasitələrinin tərkibində "triklosan" maddəsi var ki, bu maddə də nəinki sabunlara, deodorantlara, ev təmizliyində istifadə olunan vasitələrə, diş məcunlarına, yuyunma gellərinə, məktəbli ləvazimatlarına, ətirlərə, hətta dərmanlara belə əlavə olunur. Bu maddə vasitəni təmizlik baxımından nə qədər mükəmməlləşdirsə də, mikroblarda antibiotik müqaviməti artırır, suyun tərkibində olan xlorla rekasiyaya girərərk xərçəng yaranması riskini artırır.

Kimyaçı Elbrus Kərimovun sözlərinə görə, sabun e.ə. IV minillikdə su ilə birlikdə istifadə edilən yeganə və zərərsiz təmizlik maddəsi kimi istifadə olunsa da, günümüzdə sabunların tərkibinə qatılan maddələr artıq onların mümkün qədər az istifadə olunmasını zəruri edir. Adi sabun məlum yağların natrium hidroksidlə birləşməsindən əldə edilir. Bu maddə olmadan yağ sabuna çevrilə bilmir. Sabun natrium hidrooksiddən alınır, amma sabunun tərkibində bu maddə olmur. Natrium hidroksid yağla birləşərək öz kimyəvi xüsusiyyətini dəyişir və sabunu meydana gətirir. Təmiz sabunun kimyəvi tərkibi təmizlik işini görür, sonra da təbii şəkildə parçalanır. Nə insan səhhətinə bir ziyan vurur, nə də ətraf mühitə: "İndiki sabunları əvvəlkilərlə müqayisə etmək mümkün deyil. Bir vaxtlar indi paltar sabunu adı ilə tanınan 72%-lik sabunlar ən keyfiyyətli və təmizi hesab olunurdu. Bu sabunlarla nəinki paltar yuyulur, şəxsi gigiyenik təmizlikdə də istifadə olunur və nəticə olaraq narazılıq yaranmırdı. Hazırda sabun çeşidləri çoxdur və dizayn, rəng və qoxu ilə alıcı diqqəti cəlb etmək üçün güclü bir rəqabət mövcuddur".

Antibakterial sabunlardan danışan Kərimov deyir ki, insanın bir sabunu tamamilə təkbaşına istifadə etməsi və qısa müddətdə bitirməsi, bir növ sabun alışqanlığının olması xərçəng riksini digər insanlarla müqayisədə 2 dəfə artırmış olur. Xüsusən həssas valideynlərin diqqətini çəkmək üçün uşaqlardan istifadə olunaraq çəkilən reklamlar valideynləri belə sabunları almağa vadar edir ki, daha həssas olan uşaq dərisi də bu maddəni qəbul edib qısa müddətdə fəsadını çıxarır: "Bütün sabunların tərkibində triklosan maddəsi olmur. Antibakterial sabun alarkən xüsusən buna diqqət yetirmək lazımdır ki, sabun tərkib etibarilə xüsusən bu maddədən əskik olsun. Düzdür, maddənin mikrob əleyhinə olması təsdiqlənmiş haldır, amma vurduğu ziyan verdiyi xeyirin yanında yox kimidir. Bu səbəbdən dünyada bir çox iri təmizlik vasitələrini istehsal edən şirkətlər xüsusən "triklosan"dan imtina edir. Uşaqlar və valideynlər üçün ən ideal sabun yeni doğulanlar üçün istehsal olunan ətirsiz sabunlardır. Digər antibakterial, qoxulu, fərqli dizaynlı sabunların tərkibi isə əksər hallarda qatqılı olduğu üçün alınmaması məsləhətdir".

Elm adamları təmizlik vasitələrinin tərkibini təşkil edən kimyəvi maddələri "şeytan nəcisi" də adlandırırlar. Təmasla insan vücuduna daxil olan bu kimyəvi maddələr insan bədəninə ziyan vurmağa başlayır. Bədənin müdafiə sistemi bu maddələrlə mübarizə aparmaq məcburiyyətində qalır. Az sonra isə mübarizə aparmaqdan imtina edən bədən xəstəliyə düçar olur.

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, insanlar arasında yayılan kəskin allergik xəstəliklərin, dəri və üz problemlərinin səbəbi istifadə olunan sabunlardır. Baha qiymətə satılan sabunların əslində ən ucuz sabunla eyni tərkibdə olduğunu qeyd edən dermatoloq bildirir ki, gün ərzində ehtiyac olmadıqca sabundan istifadə edilməməli, edildikdə isə uzun müddət əllərdə saxlanılmamalıdır: "Sabun dəridəki bütün yağları aparır. Halbuki, dərinin təbii sebum yağına ehtiyacı var. Sebum yağı dərini qoruyur və gözəl görüntü yaradır. Sabunladıqdan sonra dəri tez quruyursa, PH balansına uyğun olmadığı mənasına gəlir. Aşırı yağlı sabunlar məsamələri bağlayır və nəfəs almasına mane olur. Qara nöqtə və ləkələrin yaranmasına gətirib çıxarır. Dərinin təbiiliyini qorumaq üçün PH 5.5-6.5 sabunlarının seçilməsinə diqqət etmək lazımdır. Çeşidə aldanmamaq, düzgün sabunu seçmək sağlamlığı qorumaq üçün şərtdir".

Sonda isə qeyd edək ki, dünyada ilk dəfə bu cür sintetik vasitələr 1943-cü ildə istehsal olunub. İlk xərçəng diaqnozu isə bundan altı il sonra, 1949-cu ildə qoyulub. Bu da onu göstərir ki, sabunlar tərkib etibarilı heç də məsum deyil, əksinə təmizlik yaradaraq xəstələndirə də bilir.

Ekspress.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR