Yaponiyada BMT-nin təbii fəlakətlər təhlükəsinin azaldılması mövzusunda III Ümumdünya konfransı keçirilir

Yaponiyada BMT-nin təbii fəlakətlər təhlükəsinin azaldılması mövzusunda III Ümumdünya konfransı keçirilir
20:58 14 Mart 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 14 mart, AZƏRTAC
Bu gün Yaponiyanın Sendai şəhərində təbii fəlakətlər təhlükəsinin azaldılması üzrə III Ümumdünya konfransı işə başlayır. BMT-nin baş katibi, 170 dövlətin, habelə elm və vətəndaş cəmiyyətlərinin nümayəndələri konfransda iştirak etmək üçün Yaponiyaya gəliblər.
AZƏRTAC BMT-nin xəbərlər mərkəzinə istinadla xəbər verir ki, konfrans iştirakçılarının iqlim dəyişmələrinə adaptasiya və təbii fəlakətlərin nəticələrinin yumşaldılması ilə əlaqədar konkret fəaliyyət planı qəbul edəcəkləri gözlənilir.
On il bundan əvvəl Yaponiyanın Kobe şəhərində dünya liderləri təbii fəlakətlərin nəticələrinin yumşaldılması üzrə Çərçivə Fəaliyyət Proqramını qəbul ediblər. Bu plan mahiyyət etibarilə Hind okeanında baş vermiş sunamiyə qarşı cavab tədbiri idi. 2004-cü ildə Hind okeanında baş vermiş sualtı zəlzələ İndoneziyadan Somaliyədək sahilboyu yayılan sunamilərin yaranması ilə nəticələnib və təqribən 227 min insanın ölümünə səbəb olub.
O vaxtdan təbii fəlakətlərin nəticələrinin yumşaldılması, o cümlədən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi, hava proqnozu xidmətinin yaxşılaşdırılması, təhlükə barədə məlumatlandırma sisteminin möhkəmləndirilməsi və təbii fəlakətlərin xüsusiyyətlərinin öyrənilməsi üzrə ciddi tədbirlər görülür.
Lakin bu istiqamətdə həllini tapmamış məsələlər hələ çoxdur. 2005-ci ildə qəbul edilmiş Çərçivə Fəaliyyət Proqramından sonra təbii fəlakətlər ən azı 700 min adamın ölümü ilə nəticələnib. Təbii fəlakətlərdən, ümumilikdə 1,7 milyon insan zərər çəkib. Bu müddətdə iqtisadi zərər 1,4 trilyon dolları ötüb.
Konfransın açılışı ərəfəsində baş katibin nümayəndəsi Marqaret Valstrem BMT Radiosuna müsahibəsində bildirib ki, təbii fəlakətlərin qarşısını almaq mümkün olmasa da, ilkin xəbərdarlıq sistemindən, fövqəladə hallar üçün fəaliyyət planlarından istifadə etməklə, davamlı binaların inşası ilə çoxlu insanın həyatını xilas etmək və həyati əhəmiyyətli infrastrukturun dağılmasının qarşısını almaq olar.
Marqaret Valstrem BMT üzvü olan dövlətlərinin ekspertlərinin hazırladığı sənəddə bu və digər məsələlərin öz əksini tapacağına ümidvar olduğunu söyləyib. O deyib: “Biz bu sənədi razılaşdıra bilsək, qarşıdakı konfransı uğurlu hesab etmək olar”.
Bundan əvvəl BMT baş katibi Pan Gi Mun bəyan etmişdi ki, 2015-ci ildən sonra davamlı inkişafın irəliləməsi üzrə qlobal səylər göstəriləcək. Məhz bu görüşlə təbii fəlakət risklərinin azaldılması üzrə qlobal konfranslar silsiləsi başlanılır. İyul ayında Əddis-Əbəbədə inkişafın maliyyələşdirilməsi üzrə konfrans keçiriləcək, sentyabrda Nyu-Yorkda dünya liderləri 2015-ci ildən sonrakı dövr üçün inkişaf sahəsində gündəlik razılaşdırılacaq, dekabrda Parisdə iqlim dəyişmələri üzrə mükəmməl saziş imzalanacaq.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yaponiyada_BMT_nin_tebii_felaketler_tehlukesinin_azaldilmasi_movzusunda_III_Umumdunya_konfransi_kechirilir-839439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR