Peyğəmbər zamanında da bidət var idi

Peyğəmbər zamanında da bidət var idi
21:57 14 Mart 2015
130 Sosial
Ölkə mətbuatı
A- A+

Hədislərdən və tarixi məlumatlardan məlum olur ki, bidət halları hələ Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında mövcud olmuş və o həzrət bu hallara qarşı mümkün vasitələrlə mübarizə aparmışdır.

Peyğəmbər zamanındakı bidətlərə nəzər salarkən, onların yaranma səbəblərini də öyrənmək mümkündür. Belə ki, bəzi bidətlər xəbərsizlik (cahillik) üzündən meydana çıxmış, bəziləri isə qəsdən (təəssüblə) yaradılmışdır. Burada bidəti yaradan qüvvələrin niyyəti əsas rol oynayır. Bəzən insanlar dini biliklərin azlığı ucbatından hər hansı bidətin yaranmasına imza atır, bəzən isə dinə yenilik gətirmək, dini təhrif etmək niyyəti ilə qəsdən özlərindən yenilik uydururlar.

Bilməyərəkdən yaradılan bidətlərə nümunə

Rəvayətə görə, Peyğəmbərin zamanında səhabələrdən üç nəfər Quranın haramlardan çəkinmək barədə ayələrini eşitdikdən sonra zahidliyə başladı. Onlardan biri söz verdi ki, bundan sonra ət xörəyi yeməyəcək. O birisi bir daha öz həyat yoldaşına yaxınlaşmayacağına, digəri də bir daha öz yatağında yatmayacağına and içdi. Peyğəmbərimiz bundan xəbər tutanda xütbə əsnasında buyurdu: “Sizlərdən bir dəstəyə nə olub ki, bu cür sözlər danışır? Mən həm oruc tutur, həm də iftar edirəm. Həm yatır, həm də oyaq qalıram. Ət xörəyi yeyirəm, həyat yoldaşlarımla da yaşayıram. Hər kim mənim sünnəmdən üz çevirsə, məndən deyil” (Süyuti. Əd-Dürrül-mənsur fit-təfsiri bil-məsur, Qahirə, 2002, 5-ci cild, s.421; Səhihü Müslim, Kitabün-Nikah, 1-ci bab, hədis 1401 (3403).

Məşhur təfsir alimi Əllamə Cəlaləddin Süyuti “Əd-Dürrül-mənsur fit-təfsiri bil-məsur” əsərində bu mövzu ilə bağlı xeyli hədis rəvayət edir. Həmin rəvayətlərdən məlum olur ki, bu cür ifrat yol tutmuş səhabələrdən biri də Osman ibn Məzun idi. O, gündüzlər oruc tutur, gecələr ibadət edir, guşənişin olub öz ailəsindən kənar gəzirdi. Həyat yoldaşı onun bu vəziyyətindən Peyğəmbərə şikayət etdikdə Allahın Rəsulu Osmanı danlayaraq bu işdən çəkindirdi: “Ey Osman! Bizim dinimizdə rahiblik yoxdur! Məgər mən sənə nümunə deyiləmmi? Allaha and olsun, sizin aranızda Allahdan ən çox qorxan və dinin qadağalarını ən çox qoruyan mənəm” (Süyuti. Əd-Dürrül-mənsur fit-təfsiri bil-məsur, Qahirə, 2002, 5-ci cild, s.430.).

Bu hadisədən sonra Qurani-Kərimin aşağıdakı ayəsi nazil olaraq, müsəlmanları ifrat zahidlik etməklə dinə bidət gətirməkdən çəkindirdi: “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (Maidə, 87).

Peyğəmbər zamanında rast gəlinən bidətlərdən biri haqqında maliki məzhəbinin banisi İmam Malik ibn Ənəsin “əl-Müvətta” kitabında məlumat verilir. Rəvayət edilir ki, bir gün Peyğəmbər gün altında durmuş bir adamı görüb, onun niyə belə etdiyini soruşur. Cavab verirlər ki, həmin adam kölgəyə keçməmək, danışmamaq və oturmamaq şərti ilə oruc tutmağı nəzir edib. Peyğəmbər buyurur: “Ona deyin ki, danışsın, otursun və kölgəyə keçsin, amma orucunu tamamlasın (axşama kimi oruc tutsun)” (Malik ibn Ənəs. Əl-Müvətta, Beyrut, 1998, 2-ci cild, s.215, hədis 2214). Hədisdən məlum olur ki, bu şəkildə oruc tutmaq oruc qaydalarına gətirilmiş bir bidət idi və İslam Peyğəmbəri onu qadağan etmişdi.

Qəsdən yaradılan bidətlərə nümunə

Peyğəmbərin dövründə yaradılmasına cəhd edilmiş bidətlərdən biri Taif savaşı ilə bağlıdır. Hicrətin 8-ci ilində Hüneyn savaşından sonra məğlub olmuş Bəni-Səqif qəbiləsinin və digər müşrik qəbilələrin nümayəndələri Taif şəhərinə sığındılar. Müsəlmanlar Taifi bir neçə gün mühasirədə saxlasalar da, şəhəri ala bilmədilər, axırda mühasirəni buraxıb getdilər. Tək və köməksiz qaldıqlarını görən müşriklər hərtərəfli düşündükdən sonra könüllü surətdə təslim olmaq qərarına gəldilər. Əsas qazancları ticarət olduğu üçün bir şəhərə sıxılıb qalmaq onlara sərf etmirdi. Müşriklər təslim şərtlərini hazırlayıb, növbəti ilin Ramazan ayında Peyğəmbərə göndərdilər. Onlar aşağıdakı şərtlər daxilində müsəlmanlara təslim olmağa hazır olduqlarını bildirirdilər (bu razılaşma Bəni-Səqif müqaviləsi kimi tanınır):

1. Onlar üçün zina qadağanı götürülsün.

2. Onlar üçün riba (sələm) qadağası götürülsün.

3. Namazın vacibliyi onlara aid edilməsin.

4. İl yarım müddətinə qadınların bütxanada ibadət etmələrinə icazə verilsin.

Bu şərtlər İslam Peyğəmbərinə təqdim olunanda o həzrət bunları qəti surətdə rədd etdi. Çünki bu xahişlərin hər biri islamın əqidə prinsiplərinə və Quran ayələrinə zidd idi (İbn əl-Əsir. Üsüdül-ğabə fi mərifətis-səhabə, Beyrut, 1377 h., 1-ci cild, s.216).

islam.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/329393.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR