"2016-cı ildə Azərbaycanda iqtisadi sferada bır sıra mühüm qərarlar qəbul edildi, prezident İlham Əliyev tərəfindən sərəncamlar imzalandı, Milli Məclisdə kifayət qədər yeni qanunlar qəbul edildi, bir sıra qanunlarda dəyişikliklər edildi. Ümumilikdə, ötən il ölkədə iqtisadi islahatlar ili kimi xarakterizə etmək olar. Ümumən islahatların təməlində qanunvericilik dayanır. "Strateji yol xəritəsi"nə uyğun olaraq, artıq Milli Məclisin yaz sessiyası dövründə də iqtisadi sferanı əhatə edəcək yeni qanunların qəbul olunması ilə bağlı müzakirələr gedir, bununla əlaqədar komitələrdə müəyyən təkliflər verilir. Bunlar iqtisadi inkişaf, inhisarçılığın aradan qaldırılması və s. məsələlərlə bağlıdır".

Bu barədə Milli.Az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.

Millət vəkili qeyd edib ki, dövlət başçısının ortaya qoyduğu kəskin mövqeyi və verdiyi tapşırıqlarına müvafiq olaraq ölkədə korrupsiya və sui-istifadələrə qarşı mübarizə ilə bağlı tədbirlər görülür. Bundan əlavə, bir sıra sahələrdə şəffaflığın təmin edilməsi üçün ciddi işlər həyata keçirilir, eyni zamanda qanunverilicik bazası yaradılır.

Lakin A.Hüseynovun fikrincə, elə sahələr olub ki, oradakı fəaliyyətsizlik və ya neqativ hallar bütövlükdə ölkə iqtisadiyyatına mənfi təsir göstərib: "Burada xüsusi ilə bank sektorunu qeyd edə bilərik. Bank sektorunda işlərin daha da fundamental şəkildə qurulması, görülən tədbirlərin davam etdirilməsi zəruridir. Artıq bu sahədə bir sıra sağlamlaşdırma tədbiləri həyata keçirilib. Sadəcə olaraq, onlar daha da intensivləşməlidir. Bank sektorunun işinin günün tələblərinə, iqtisadi çağırışlara cavab verəcək səviyyədə qurulması çox vacibdir".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində