“Prezident gənclərə xüsusi diqqət göstərir”

“Prezident gənclərə xüsusi diqqət göstərir”
14:13 2 Fevral 2017
31 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün respublikada Gənclər günü qeyd edilir. 1997-ci ildən fevralın 2-si ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycanda Gənclər Günü elan olunub.

Ötən il yanvarın ayına olan məlumata görə, ölkə əhalisinin 2,6 milyon nəfəri və ya 27,1 faizi gənclərdir. Gənclərin 51,2 faizi şəhər yerlərində, 48,8 faizi isə kənd yerlərində yaşayır. Gənclərin 48,8 faizini qadınlar təşkil edir.
Ötən il ölkədə nikaha daxil olanların 78,7 faizi gənclər olub.

Elmi fəaliyyətlə maraqlanan gənclərin bir hissəsi öz təhsilini fəlsəfə doktorlarının hazırlanması proqramında davam edirlər. 2016-cı ilin əvvəlinə 111 fəlsəfə doktorlarının hazırlanması proqramını həyata keçirən müəssisələrdə 2282 nəfər təhsil alıb və onların da 1323 nəfəri və ya 58 faizi 30 yaşa qədər olan gənclərdir.
Ölkənin elmi potensialında da gənclərin müstəsna rolu var. 2016-cı ilin əvvəlinə tədqiqat və işləmələrlə məşğul olan 16 min nəfər tədqiqatçının 3141 nəfəri və ya 14 faizi 30 yaşa qədər olan gənclərdir.

2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 56 631 nəfər işsiz və iş axtaran vətəndaş münasib işlərlə təmin edilib. Bu dövrdə boş vaxtları ərzində əlavə qazanc əldə etmək məqsədilə müraciət edən 3 093 nəfər şəxs Xidmətin Əmək birjaları vasitəsilə qısa müddətli işlərə göndərilib ki, həmin insanlardan da 43 faizini gənclər təşkil edib.

Hazırda respublikamızda 330-dan çox gənclər təşkilatı, 39 Gənclər evi və mərkəzləri fəaliyyət göstərir. Bu təşkilatlarda ictimai fəaliyyətlə məşğul olan, elm, təhsil və digər sahələrdə çalışan gənclər təmsil olunurlar.

Dövlət tərəfindən də həm gənclər, həm də gənclərlə işləyən təşkilatlar daim diqqət mərkəzindədir. Bu günlərdə Prezident İlham Əliyevin gənclərlə iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Gənclərlə iş sahəsində səmərəli fəaliyyətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilənlər sırasında Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov Publika.az-a açıqlamasında bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsinə də diqqətin yüksək olduğunu deyir: “Bütün regionlarda, həmçinin bizim rayonda da gənclərin bir yerə cəmləşdiyi təşkilatlar var. Bu təşkilatlara dövlət tərəfindən qayğı yüksəkdir. Gənclərin öz potensiallarını göstərmələri üçün hər cür şərait yaradılıb. Bizim rayonda bir Gənclər Mərkəzi, bir Gənclər evi, Gənclər təşkilatları fəaliyyət göstərir. Təşkilatlar Gənclər Fondundan maliyyələşir. Bu təşkilatlar gənclər üçün qrant müsabiqələri, layihələri həyata keçirir. Bu gün Azər­bay­can­da hə­ya­ta ke­çi­ri­lən gənclər si­ya­sə­ti, gənclə­rin təh­si­li, sağ­lam­lı­ğı, in­tel­lek­tu­al və mə­nə­vi in­ki­şa­fı, asu­də vax­tı­nın təş­ki­li, prob­lem­lə­ri­nin həl­li, hü­quq­la­rı­nın qo­run­ma­sını əhatə edir.

Gənclərimiz də onlar üçün yaradılmış şəraitdən istifadə edə bilir. Hesab edirəm ki, bugünkü Azərbaycan gəncliyi 10 il əvvəlkindən fərqlidir. Gənclərimiz hər bir hadisəyə düzgün, real qiymət verməyi bacarır. 10 ilə yaxındır gənclərlə işlədiyimə görə onlarla daha çox ünsiyyətdə oluram və düşüncələrinə də bələdəm. Rayonumuzda 59 minə yaxın gənc var, onların əksəriyyəti 3 Gənclər Təşkilatı, Tələbə Gənclər Təşkilatları sırasında yer alıb. Bir ildən çoxdur idarəmizin nəzdində “Xan Lənkəran Könüllülər Klubu” fəaliyyət göstərir. 100-ə yaxın könüllü bu klubda fəaliyyət göstərir. Bu müddətdə bir çox layihələr həyata keçirmişik. Layihələrimizdə gənclərin erkən nikah, narkomaniyaya, zərərli vərdişlərə qarşı maarifləndirmək əsas mövzu təşkil edir”.

Y.Əhmədov ölkə rəhbərliyinin də daim gənclərin yanında olduğunu deyib: “Prezident İlham Əliyev gənclərə xüsusi diqqət göstərir. Bu günlərdə Prezidentin məni “Tərəqqi” medalına layiq görməyi hesab edirəm ki, bütün Lənkəran gənclərinə göstərilən diqqət və qayğının bir hissəsidir. Biz də bu qayğını yüksək dəyərləndirir, üzərimizə düşən vəzifənin məsuliyyətini dərk edirik. Bu qayğı işlərimizə daha bağlı olmağa və daha aktiv fəaliyyət göstərməyə həvəsləndirir”.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/186156.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR