Fonddan “Report”a verilən məlumata görə, 2016-cı il ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 8 341,4 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 8 320,0 mln. manat, bonus ödənişləri 0,1 mln. manat, tranzit gəlirləri 18,0 mln. manat və akrhesabı ödənişlər 3,3 mln. manat təşkil edib.
Ötən il ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 068,8 mln. manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar gəliri 5 705,7 mln. manat təşkil edib.
2016-cı il ərzində ARDNF-in 2016-cı il büdcəsinin icrası çərçivəsində 7 615,0 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 90,0 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 70,0 mln. manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 66,2 mln. manat vəsait ayrılıb. Həmçinin, 31,6 mln. manat Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə yönəldilib. Cənub Qaz Dəhlizi layihəsi üzrə 797,4 mln.manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə isə 331,8 mln. manat vəsait ayrılıb. Keçən il Fondun idarə edilməsi ilə bağlı xərcləri 20,1 mln. manat təşkil edib.