“Azərbaycanda qısa müddətdə çox böyük uğurlar əldə olunub. Bu uğurların əksəriyyəti mətbuatla bağlıdır”.
Publika.az xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini Bahar Muradova bu gün parlamentdə aparıcı KİV-lərin rəhbərlərilə görüşü zamanı bildirib.
B.Muradova deyib ki, Milli Məclis mətbuatın işinə çox ciddi əhəmiyyət verir:
“Bütün hakimiyyət qanadlarında aparılan işdə mətbuatın böyük rolu var. Mətbuat üzərinə düşən işi yerinə yetirməkdədir. Hakimiyyətin vacib qanadlarından olan parlamentin fəaliyyətinin işıqlandırılması, parlament-media münasibətlərinin formalaşmasında çox şərəfli yol keçmişik. Ulu Öndər mətbuatı xüsusi qiymətləndirib, bu sahənin inkşafı ilə bağlı atılan addımlar nəticəsində mətbuat hazırkı mərhələyə gəlib çıxıb”.
Vitse-spiker qeyd edib ki, həm millət vəkilləri, həm də jurnalistlər xalqın adından danışa bilir, onların hüquqlarını müdafiə edir:
“Bu illər ərzində mətbuatın nailiyyətləri daha çoxdur və biz bundan qurur hissi ilə danışa bilərik. Milli Məclisin fəaliyyəti hər kəsin gözü qarşısındadır. Lakin bəzən məlumatların doğru-düzgün çatdırılmasında müəyyən problemlər var. Bu günkü görüşün də əsas məqsədlərindən biri, mətbuatdan gözləntilərimizi nəzərə çatdırmaq, yardıma ehtiyacımız olan məsələləri müzakirə etməkdir”.
B.Muradova ümummilli məsələlərdə jurnalistləri Milli Məclislə həmrəy olmağa çağırıb:
“Həm medianın, həm də Milli Məclisin böyük imkanları var. Biz istəytirik ki, bu imkanlar birləşsin və daha böyük uğurlara nail olaq”.
Vasif Həsənli