Ötən ildən etibarən müğənni Samir Piriyev və aparıcı Kamran Həsənli arasında başlayan qalmaqal davam edir. Samir Piriyev aparıcının onun 80 min dollarını mənimsədiyini deyərək, məhkəməyə müraciət edib. Onun iddiası əsasında bir neçə dəfə məhkəmə iclası baş tutub. Lakin məsələ hələ də həllini tapmayıb. Bununla bağlı Samir Piriyevin vəkili Ruslan Əhmədoğlu Metbuat.az-a maraqlı açıqlamalar verib.
“Samir Piriyevin hüquq-mühafizə orqanlarına müraciətlərinin qarşısı alınır. Buna görə biz çalışacağıq ki, Samir Piriyev daxili işlər naziri Ramil Usubovun fevralın 25-də Əlibayramlı şəhərində keçirəcəyi vətəndaş qəbulunda iştirak etsin. Bakıda əvvəlcədən əlbir olmuş şəxslər tərəfindən dələduzluq yolu ilə əldə olunmuş vəsait barəsində cinayət işi açılır, bununla bağlı Türkiyəyə mövcud olmayan hansısa səhmlərlə bağlı sorğu göndərilir, daha sonra cinayət iş dayandırılır? Bu necə reallaşır?! Tutaq ki, Kamranın şirkətdə payı var, lakin istintaq bunu sübut edə bilmir. Bu o deməkdir ki, o, Samiri aldadıb pulunu əlindən almalıdır?! Göndərilən sorğu ilə baş vermiş dələduzluq faktı arasında heç bir bağlılıq yoxdur. Bu sadəcə istintaqı zəiflətmək və işi bağlamaq üçündür.
Qeyd edək ki, dələduzluq faktı ilə bağlı cinayət işində adı hallanan Kamran Həsənlinin bacısı Gülər Həsənlininin də Azərbaycandan çıxışına qadağa qoyulub.
Rəvan Nasiroğlu / Metbuat.az