x
Loading...

Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib

Ərdəbildə İran-Azərbaycan biznes forumu keçirilib
14:52 24 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan nümayəndə heyətinin İrana səfəri çərçivəsində Ərdəbildə biznes-forum keçirilib.
İqtisadiyyat Nazirliyindən "Report"a bildirilib ki, tədbirdə Azərbaycan tərəfi yüngül və qida sənayesi, kənd təsərrüfatı, maliyyə, İKT, tikinti və s. sahələrdə fəaliyyət göstərən iş adamları ilə təmsil olunub.
Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev vurğulayıb ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində 500-dən çox İran investisiyalı şirkət fəaliyyət göstərir. Onun sözlərinə görə, İran tərəfindən Azərbaycan iqtisadiyyatına 2,7 mlrd. ABŞ dolları həcmində investisiya yatırılıb: "İki ölkə arasında imzalanan “Xudafərin” və “Qız Qalası”, eləcə də “Ordubad” və “Marazad” sazişləri hər iki tərəfdən qüvvəyə minib. 2017-ci ilin yanvarında Azərbaycanın ölkə başçısı tərəfindən 36 MVt gücündə Ordubad SES-in təməli qoyulub. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin I mərhələsi yekunlaşmaq üzrədir. Artıq Azərbaycanda 8,3 km-lik dəmir yolu xətti və dəmir yolu körpüsü hazırdır. Hazırda İranda 1,7 km dəmir yolu xəttinin və terminalın tikintisi davam edir. Nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt dəmir yolu xətti üzrə isə işlərin 90%-dən çoxu tamamlanıb və bu il yekunlaşdırılacaq. Ötən il 330 kV Muğan (İmişli-Parsabad) elektrik xətti istismara verilib, elektrik satışı üzrə Çərçivə Sazişi imzalanıb".
Eyni zamanda Ş.Mustafayev qeyd edib ki, 2016-cı ildə Neftçala Sənaye Zonasında birgə avtomobil istehsalı zavodunun, bu ilin yanvarında isə Pirallahı Sənaye Parkında Azərbaycan-İran birgə layihəsi olan əczaçılıq zavodunun təməli qoyulub: "Ötən il həmçinin, Azərbaycan və İran arasında iqtisadi, nəqliyyat və turizm sahələrində əməkdaşlığın davamlı inkişafına töhfə verəcək Naxçıvan-Culfa-Təbriz-Tehran-Məşhəd dəmir yolu ilə sərnişin qatarı işə düşüb. Bu yolla il ərzində 12 min sərnişin daşınacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Şeyx Səfi məqbərəsini, Şah İsmayıl Xətainin məzarını ziyarət edib və bu bizdə böyük təəssürat yaradıb".
İranın Ərdəbil əyalətinin valisi Məcid Xudabəxş Azərbaycanla iqtisadi əməkdaşlığın Ərdəbil vilayəti üçün böyük maraq kəsb etdiyini deyib: "Bu əlaqələr daha da genişləndirilməlidir. Turizm, kənd təsərrüfatı, xüsusilə əkinçilik və emal sahəsinin inkişaf etdirilməsi üçün biznes-forumun rolu böyükdür".
İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ölkəsinin Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu, iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb, sənaye, kənd təsərrüfatı, ticarət və s. sahələrdə əməkdaşlığa dair fikirlərini bölüşüb.
Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo"), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) tərəfindən iş adamları arasında əməkdaşlıq imkanlarına, Azərbaycanın biznes və investisiya mühitinə dair təqdimatlar keçirilib.
Sonra "Azpromo" və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası, ASK və Ərdəbil Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatası arasında qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumları imzalanıb.




Xəbərin orijinal ünvanı: https://report.az/biznes/erdebilde-i-ran-azerbaycan-biznes-forumu-kecirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR