Banqladeş prezidenti və Koreyanın baş naziri İlham Əliyevi təbrik ediblər

Banqladeş prezidenti və Koreyanın baş naziri İlham Əliyevi təbrik ediblər
14:32 11 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Koreya Respublikası prezidentinin vəzifəsini müvəqqəti icra edən və Baş nazir Hvan Kyoan Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Zati-aliləri. Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu xoş fürsətdən istifadə edərək Koreya Respublikasının dövləti və xalqı adından Azərbaycan Respublikasının Prezidentinə və xalqına səmimi salamlarımı çatdırıram.

Diplomatik əlaqələrin qurulduğu 1992-ci ildən sonrakı dövrdə ölkələrimiz arasında bütün sahələrdə, xüsusilə siyasi, iqtisadi və mədəniyyət sahələrində əməkdaşlığın inkişafından məmnunluq duyuram. Ölkələrimizin yüksək vəzifəli şəxslərinin qarşılıqlı səfərləri, xüsusən də Sizin 2007-ci ildəki səfəriniz nəticəsində əməkdaşlığımız yeni mərhələyə qədəm qoymuşdur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın və mədəni mübadilənin daha da genişlənəcəyinə ümid edirəm.

Ötən əsrin sonlarından başlayaraq dostluq əlaqələrinin möhkəmlənməsi üçün göstərdiyimiz qarşılıqlı səylərə əsaslanaraq, ikitərəfli və səmərəli əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsini arzulayıram.

Neft-kimya Kompleksinin tikintisi daxil olmaqla, enerji infrastrukturu, nəqliyyat və telekommunikasiya kimi müxtəlif sahələrdə ikitərəfli strateji əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edirəm.

Ölkələrimiz arasında dostluğun və əməkdaşlığın dərinləşməsinə göstərdiyiniz daimi marağa və dəstəyə görə Zati-alinizə təşəkkürümü bildirmək və möhkəm cansağlığı, ölkənizə sonsuz tərəqqi arzu etmək istərdim".

Banqladeş Xalq Respublikasının prezidenti Md. Əbdül Həmid də prezident İlham Əliyevi təbrik edib:

Məktubda qeyd olunur: "Zati-aliləri. Azərbaycan və Banqladeş arasında diplomatik münasibətlərin 25-ci ildönümü münasibətilə Sizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Azərbaycan və Banqladeş arasında qardaşlıq münasibətlərinin kökləri tarixə, müştərək inanca, mədəniyyət və ənənələrə əsaslanır. Dost ölkələrimizin xalqlarının qarşılıqlı mənafeyi naminə iqtisadiyyat, ticarət, investisiya və kommersiya sahələrində əməkdaşlığımızın daha da dərinləşəcəyinə əminəm.

Sizə möhkəm cansağlığı, rifah və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və firavanlıq arzulayıram.

Zati-aliləri, ən dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/534061.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR