"Uşaqlar"ın məğlubiyyəti unudan "qartal" sınağı

"Uşaqlar"ın məğlubiyyəti unudan "qartal" sınağı
12:12 12 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasında (AL) 1/4 final həyəcanı başlayır. 

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, sabah bu mərhələnin ilk qarşılaşmaları oynanılacaq.

Türkiyənin beynəlxalq arenadakı yeganə təmsilçisi "Beşiktaş" Fransa səfərinə yollanacaq. Olduqca uğurlu mövsüm keçirən "qara qartal"ın hədəfi finala qədər irəliləməkdi. Ancaq "Lion"la səfər görüşü Şenol Günəşin yetirmələri üçün heç də asan olmayacaq. Çünki İstanbul nəhənginin heyətlə bağlı ciddi problemləri var. Əsas qol "silahı" Vensan Abubakar cəzalı, komandanın liderlərindən olan Rikardo Kuarejma isə zədəli olduğu üçün Fransaya aparılmayacaq. Həmçinin, zədədən əziyyət çəkən müdafiəçi Caner Erkin də görüşü buraxacaq.
 
"Lion"da isə yeganə itki cəzalı Maksim Qonalonsdu. Bruno Genesionun komandası rəqibdən fərqli heç də parlaq dönəmini yaşamır. Doğrudu, komanda ötən mərhələdə "Roma" kimi İtaliya nəhəngini mübarizədən kənarlaşdırıb. Ancaq daxili birincilikdə işləri heç də qaydasında getmir. Hazırda 4-cü pillədə qərarlaşan və Çempionlar Liqasına (ÇL) vəsiqə şansını itirən "uşaqlar"ın hətta Avroliqaya yollanması da təhlükə altındadı. Bu üzdən "Lion"un AL-i qazanmaqdan başqa yolu yoxdu. Ancaq onların qarşısında da son 11 rəsmi matçda məğlubiyyət üzü görməyən rəqib dayanıb.
 
Turnirin bir nömrəli favoriti "Mançester Yunayted" "Anderlext"in qonağı olacaq. "Qırmızı şeytanlar" Belçika təmsilçisi önünə olduqca ciddi itkilərlə çıxacaq. Belə ki, Fil Cons, Xuan Mata, Ueyn Runi, Kris Smollinq və Eşli Yanq kimi futbolçular zədədən əziyyət çəkirlər. Bu azmış kimi, yüngül zədəsi olan qapıçı David De Xea da sabahkı qarşılaşmanı buraxa bilər. İngiltərə Premyer Liqasında ilk "4-lüy"ə düşmək şansını xeyli çətinə salan Joze Mourinyonun komandası üçün gələn mövsüm Çempionlar Liqasına qatılmağın ən rahat yolu məhz Avroliqadan keçir. Bu üzdən mançesterlilər AL-ə olduqca ciddi yanaşırlar. "Anderlext" Belçikada çempionluğa yaxın olsa da, onların mötəbər turnirdə "Mançester Yunayted" səddini keçməsi inandırıcı görünmür.
 
1/4 final mərhələsinin digər matçlarında "Ayaks" "Şalke"ni, "Selta" isə "Genk"i qəbul edəcək. Bu komandalar arasında yalnız "Ayaks"ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədi.
 
 
Avropa Liqası
1/4 final mərhələsi, ilk oyunlar

 
13 aprel

23:05. "Lion" (Fransa) - "Beşiktaş" (Türkiyə)
Baş hakim: Metyu Lahoz (İspaniya)
Lion. "Park Olimpik Lion" stadionu
 
23:05. "Anderlext" (Belçika) - "Mançester Yunayted" (İngiltərə)
Baş hakim: Feliks Brix (Almaniya)
Anderlext. "Konstant Vanden Stok" stadionu
 
23:05. "Ayaks" (Hollandiya) - "Şalke" (Almaniya)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Amsterdam. "Amsterdam Arena"
 
23:05. "Selta" (İspaniya) - "Genk" (Belçika)
Baş hakim: Klemen Turpin (Fransa)
Viqo. "Estadio de Balaydos"

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/534341.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR