Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən sonuncu iclasında olduqca önəmli məqama toxunub. Nazir çıxışı zamanı nazirliyin yüksək güclü elektromaqnit impuls şüalanma layihəsi işlərinə başladığını diqqətə çatdırıb.

Y.Camalov bildirib ki, bu layihə iki istiqamətdə - zirehlı texnika üzərində yerləşdirilmiş elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması istiqamətində aparılacaq:

“Məmulatların əsas təyinatı istiqamətlənmiş elektromaqnit şüalanma yaratmaqla, hədəfdə olan müxtəlif hərbi və mülki təyinatlı texnikaların idarəetmə elektron sistemlərini sıradan çıxarmaqdır. Artıq bu layihələr üzrə intensiv və təxirəsalınmaz işlərə başlanılıb. Bu silahların döyüşdə tətbiqi düşmən ordusunu tam iflic vəziyyətə salacaq”.

Nazirin çıxışı zamanı diqqətə çatdırdığı elektromaqnit impuls qurğusunun və yüksək impulslu elektromaqnit şüa verən aviasiya bombasının yaradılması ölkəmiz üçün olduqca vacibdir. Müasir dövrdə baş verən döyüşlərdə bu sistemlərdən istifadə xüsusi yer tutur. //azvision.az