"ABŞ-ın İranla bağlı hərbi aktivliyi arta bilər"

ABŞ dövlət katibi RexTillerson İranı terrora dəstək verən və ABŞ maraqlarına zidd ölkə adlandırıb.

Metbuat.az xəbər verir ki, Tillerson keçmiş prezident Barak Obamanın dövründə əldə edilmiş İranla nüvə sazişinin Konqresdə müzakirə ediləcəyini bildirib. O qeyd edib ki, İran təkcə ABŞ üçün deyil, eyni zamanda region və bütün dünya üçün təhlükə yaradır. İran Suriya, Yəmən, Livan kimi ölkələrdə baş verən münaqişələrə görə də məsuliyyət daşıyır.

Dövlət katibi İranı Bəşər Əsəd rejimini dəstəkləməkdə və Suriyadakı xarici qüvvələrə silah, maliyyə yardımı etməkdə və hərbi treninq keçməkdə də günahlandırıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranın bütün öhdəliklərini yerinə yetirməyə davam etməsindən asılı olmayaraq, İran nüvə sazişinin bir daha nəzərdən keçirilməsinə əmr verib.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu Tillersonun bəyanatının verə biləcəyi nəticələrdən danışıb.

“ABŞ ilk növbədə Şimali Koreyanı vuracaqdı. Lakin ABŞ həmin regionda özünə müttəfiqlər tapa bilmədi, Çin ABŞ-a Şimali Koreyanın vurulmasında lazımi dəstəyi vermədi. Əksinə, ABŞ qüvvələrinin geri çəkilməsini tələb etdi. ABŞ-ın planı alınmadıqda isə, İranı vurmağa çalışır. ABŞ-ın İranı vurması məsələsində müttəfiqləri çox olacaq. Fars körfəzi regionunun ərəb ölkələrindən ikisi istisna olmaqla hamısı, xüsusilə də İsrail, Səudiyyə Ərəbistanı, Qətər ABŞ-ı dəstəkləyəcək. Onlar öz hərbi bazalarını ABŞ-ı sərəncamına verəcək. Yeri gəlsə həmin dövlətlər özləri də bu prosesdə iştirak edəcək. Bir neçə gün öncə ABŞ dövlət katibi və prezidenti Şimali Koreyadakı ABŞ hərbi bazasına baş çəkərək, ABŞ-ın strateji dözümünün tükəndiyini bəyan edib. Çindən dəstək ala bilməyən ABŞ bu dəfə Tillersonun bəyanatı ilə öz sözünü dedi. Yaxın zamanlarda ABŞ-ın İrana qarşı hərbi aktivliyinin artacağı gözlənilir".

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR