Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfəri zamanı G20 Dinlərarası Forumu çərçivəsində bir sıra fond və təşkilat rəhbərləri, eləcə də dini və ictimai xadimlərlə görüşlər keçirib.
Bu barədə Metbuat.az-a qurumdan məlumat verilib.
Bildirilib ki, G20 Dinlərarası Forumunun prezidenti Kol Durhamla görüşdə Azərbaycan ilə Forum arasında əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri və dinlərarası dialoqun beynəlxalq səviyyədə təşviqi məsələləri müzakirə olunub. Tərəflər qarşılıqlı etimada və ortaq dəyərlərə əsaslanan mövcud tərəfdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.
Ramin Məmmədov Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində görülən işlər barədə məlumat verib. O, 2026-cı il oktyabrın 27–29-da Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətinə toxunaraq tədbir çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) ilə tərəfdaşlıq əsasında təşkil olunacaq "Dinlərarası dialoq: ortaq gələcəyə aparan yol xəritəsi" adlı xüsusi plenar sessiyanın qlobal çağırışların müzakirəsi və dinlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından önəmini diqqətə çatdırıb.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü David Bednar ilə görüşdə mədəniyyətlərarası anlaşmanın gücləndirilməsinin zəruriliyi vurğulanıb, işgüzar əlaqələrin gələcək istiqamətləri barədə müzakirə aparılıb.
Dövlət Komitəsinin sədri səfər çərçivəsində Dini və Ənənəvi Sülhqurucuları Şəbəkəsinin icraçı direktoru Məhəmməd Elsanusi ilə görüşüb. Söhbət zamanı sülhün təşviqində dini və ənənəvi liderlərin rolu, eləcə də müxtəlif icmalar arasında dialoqun genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Müsəlman Ağsaqqalları Şurasının strateji planlaşdırma üzrə direktoru Məhəmməd Bahrı ilə görüşdə Azərbaycan dövlətinin mədəni müxtəlifliyin qorunub saxlanılmasına və inkişafına yönəlmiş siyasəti, beynəlxalq miqyasda bu istiqamətdə irəli sürdüyü təşəbbüslər barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, İlham Əliyevin "Zayed İnsan Qardaşlığı Mükafatı"na layiq görülməsi dialoq, qarşılıqlı anlaşma və insan qardaşlığı prinsiplərinin təşviqi, regionda davamlı sülhün təmin edilməsi naminə atılan addımlara verilən yüksək beynəlxalq qiymətin ifadəsidir.
"Stirling" Fondunun prezidenti və icraçı direktoru Maylz Hansenlə görüşdə Azərbaycanın əsrlər boyu mədəniyyətlər və dinlər arasında sülh şəraitində birgəyaşayış təcrübəsi vurğulanaraq, ölkənin dini azadlığa və dialoqa sadiqliyinin regional sabitlik üçün nümunə olduğu qeyd olunub.
Görüşlərdə mövcud əlaqələrin inkişaf etdirilməsi, yeni əməkdaşlıq sahələrinin məzmununun zənginləşdirilməsi, həmçinin tərəflər arasında gələcək fəaliyyətin prioritet istiqamətləri və qarşılıqlı maraq doğuran digər məsələlər nəzərdən keçirilib.