AXCP-də mühacir qalmaqalı böyüyür - Mühacirətə adam yollayan cinayətkar şəbəkə...

Bir neçə ildir ki, Azərbaycandan Avropaya mühacirətə adam yollayan cinayətkar bir şəbəkənin mövcudluğu barədə mətbuatda yazılar dərc olunur.

Metbuat.az xəbər verir ki, son günlər AXCP-də də “mühacir skandalı” yaşanır. Buna səbəb partiyanın Xətayi rayon şöbəsinin gənc üzvü Tural Hüseynovun mətbuatda yazdıqları olub:

“Bir neçə ay əvvəl ailəmi götürüb Almaniyaya getmək istəyirdim. Sənəd işlərində kömək edəcək etibarlı birini axtarırdım. Özünü haqq adamı kimi tanıtdığına, həm də Qənimət Zahidin yanında işlədiyinə görə bu adama etibarım var idi. Bir neçə ailənin də Avropaya mühacir kimi gedib çıxmasını təşkil etdiyi üçün onun işinə heç bir şübhəm qalmamışdı. Kim fikirləşərdi ki, özünü demokratik düşərgənin mübariz nümayəndəsi kimi təqdim edən bu adam sözün əsl mənasında dələduz, fırıldaqçı imiş. Bu şəxsin adı Fikrət Hüseynlidir. Hollandiyada mühacir həyatı yaşayan, “Turan Tv”nin (rəhbəri hazırda Fransada yaşayan “Azadlıq” qəzetinin baş redaktoru, AXCP funksioneri Qənimət Zahiddir-red.) efirində “Cəbhə Xətti” verilişinin aparıcısı, özünü insan haqları müdafiəçisi kimi tanıdan şəxs”.

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev bunları böhtan adlandırdı.

“Bu AXCP-ni gözü götürməyənlərin onu nüfuzdan salmağa hesablanmış "qara piyar"ıdır. Antidemokrat qüvvələr dirijor çubuğu kimi ortalıqda gəzir. AXCP-də belə şeylər olmayıb, heç vaxt da olmayacaq. İlk dəfə deyil ki, belə böhtanların şahidi oluram. Belələri saxta sənədlər düzəldib partiyanı şərləyir. Partiyanın 5-6 illik üzvü olaraq şəxsən Əli Kərimliyə müraciət edərək tanışıma miqrasiya məqsədilə vəsiqə verməsini xahiş etsəm də, ən yaxın adamları olmağıma baxmayaraq mənə vəsiqə verməkdən imtina etdi. Uzun illərdir ki, AXCP heç kimə vəsiqə vermir. Belə riyakarları ifşa etmək lazımdır. Qüdrət Həsənquliyev banda yaradaraq, məni "Talış Muğan Respublikası"nı yaradanlardan biri kimi təqdim etməyə çalışır. Halbuki, mən Əlikram Hümbətovun üzünü də görməmişəm. Həmin vaxt heç Azərbaycanda deyildim. Onlar mətbuatda əleyhimə yazılar yazdıraraq tirajlayırlar. Bu adamların riyakar gözlərinin içərisinə tüpürmək lazımdır. AXCP-ni nüfuzdan salmaq istəyənlər daxildə də var. Mən bunu onların qurşaqdan aşağı vurmaq istədikləri zərbə kimi dəyərləndirirəm. Vicdanlı jurnalistlər bu mövzu ilə bağlı dərin araşdırma aparmalıdır“.

Millət vəkili Fazil Mustafa da məsələyə fikir bildirib.

“Doğrudur əvvəllər belə hadisələrin şahidi olmuşuq. Lakin hazırda yayılan xəbərlər haqda məlumatım yoxdur. Əgər deyilənlər öz təsdiqini taparsa, mütləq şəkildə hüquq-mühafizə orqanları bu işlə məşğul olacaq”.

Aytən Novruzova / Metbuat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR